Rusiya yolayrıcında


Milyarderlər Putinə qarşı. Putin hakimiyyəti təhlükədə. Ya ruslar Putini durduracaq, ya da Putin Rusiyanı Şimali Koreyaya çevirəcək.
Müxalifət, generallar, milyarderlər, deputatlar, ölkənin mədəni və elmi elitası müharibəyə və əslində Putinə qarşı səfərbər olunublar. Doğru olan, Rusiyanın milli maraqlarına uyğun gələn də budur. Hər kəs öz işini özü görməlidir. Qərb, NATO Ukraynaya çox böyük dəstək versə də, işğalçılarla əldə silah vuruşan məhz ukraynalılardır. Qərbin sanksiyaları, Ukrayna ordusunun hərbi zərbələri Rusiyadakı avtoritar sistemi sarsıdıb. Ancaq onu hakimiyyətdən uzaqlaşdırmaq Ukrayna və ya kollektiv Qərbin deyil, məhz rus xalqının işidir. Bu işi rusların əvəzinə heç kim görməyəcək. Rus xalqı da, Putin də bu sadə, mübahisəsiz həqiqəti bilir. Hər iki tərəf məqsədinə doğru qətiyyətli addımlar atır. Rus xalqı küçə və meydanlarda müharibə və Putin əleyhinə şüarlar səsləndirdikcə, Putin də repressiyanı artırır. Sadəcə müharibə əleyhinə çıxış etmiş insanları 10 ilə qədər müddətə həbsə göndərmək imkanı verən qanunlar qəbul olunur. Sosial şəbəkələr və sonuncu azad mətbuat təmsilçiləri qapadılır. Müharibə əleyhinə mitinqlərə görə həbs olunanların sayı artıq 7 min nəfəri keçib. Ancaq bu dəfə vəziyyət fərqlidir. Bu dəfə repressiyaların köməyilə rejimin özünü qoruya biləcəyi inandırıcı deyil. Həddindən artıq rəngarəng və güclü insanlar, qruplar, təbəqələr bu prosesə əl qoyub. Adamlar haqlı olaraq başa düşürlər ki, hazırkı siyasi kurs, mövcud rejim Rusiyanı sonunda məğlubiyyət görünən olduqca böyük itki və xərclərlə müşaiyyət olunan müharibəyə cəlb edib. Rusiya bu müharibədən çıxmasa, iqtisadi və sosial gərginlik fəlakət həddinə çatacaq. Rusiya ordusu dağıdılacaq. Rusiya texniki tərəqqidən kənarda qalacaq. İqtisadiyyat məhv olacaq. Siyasi və diplomatik təcrid ölkəni tamamilə mədəni dünyadan təcrid edəcək, təkləyəcək.
Məhz bu səbəbdən Aleksey Navalnı həbsxanadan rus xalqına müraciət edib, Ukraynaya qarşı müharibə əleyhinə mitinqləri davam etdirməyə çağırıb. Navalnı da, biz də bilirik ki, hazırda Rusiyada mitinq etmək çox təhlükəlidir. Ancaq nə qədər çətin və təhlükəli olsa da, rus xalqı mübarizəsini davam etdirməlidir. İndi bütün dünyanın gözü Rusiyadadır. Ağır sanksiyalara, böyük hərbi itkilərə, labüd görünən iqtisadi fəlakətə baxmayaraq, Putin işğalı davam etdirməkdə qərarlı görünür. Ukraynanı da, Rusiyanın özünü də xilas etmək rus xalqının üzərinə düşür.
Hazırda Rusiya ictimaiyyəti çox ciddi şəkildə səfərbər olunur:
  • Rusiyalı milyarderlər danışmağa, müharibəyə uca səslə etiraz etməyə başlayıblar. Milyarderlər Oleq Deripaska, Mixail Fridman, Vahid Ələkbərov (Lukoylun adından), Oleq Tinkof, Aleksey Mordaşov və Pyotr Aven – 6 milyarder Ukrayna ilə müharibənin əleyhinə mövqe bildiriblər. Milyarder Roman Abramoviç məşhur “Çelsi” futbol klubunu satacağını və bütün gəliri Ukrayna savaşından zərər görənlərə xərcləyəcəyini bildirib.
  • Xodorkovski, Kasparov, Quriyev (dünyaca məşhur iqtisadçıdır), akademik Pivovarov, siyasətçilər, Dmitriy Qudkov, Vladimir Kara Murza, tanınmış jurnalist Yevgeni Kisilyov, tanınmış yazıçı Şenderoviç başda olmaqla Rusiya cəmiyyətinin onlarla tanınmış ictimai siyasi xadiminin, zəngin iş adamlarının təşəbbüsü ilə Müharibə Əleyhinə Rusiya Komitəsi yaradılıb.
  • Aralarında ehtiyatda olan çoxsaylı generalların da olduğu Rusiya Zabitlər Birliyi müharibə əleyhinə sərt etirazını davam etdirir.
  • Moskva, Sankt Peterburq və digər Rusiya şəhərlərinin 200 deputatının müharibə əleyhinə bəyanatı çox böyük siyasi hadisədir. Baxmayaraq ki, bu deputatlar şəhər bələdiyyə məclislərinin deputatlarıdır, ancaq onların arxasında çoxsaylı seçici kütləsi var. Onlar hakim partiyanın siyahısı ilə deyil, seçici səsi ilə deputat seçilə bilmiş pupulyar ictimai-siyasi xadimlərdir. Deputatların müraciətində deyilir: “Biz xalq tərəfindən seçilmiş deputatlar Rusiya ordusunun Ukraynaya hücumunu qeyd-şərtsiz və birmənalı şəkildə qınayırıq…”
  • 5 min nəfər rusiyalı müəllimin imzası ilə yayılmış müharibə əleyhinə bəyanatda Rusiyanın Ukraynaya müdaxiləsi fəlakət adlandırılır və hakimiyyətdən bu fəlakətin dayandırılması tələb edilir.
  • Rusiyanın tanınmışlarından yazıçılar Boris Akunun, Aleksandr Tsıpkin, teleaparıcılar Maksim Qalkin, İvan Urqant, Kseniya Sobçak, müğənnilər Valeriy Miladze, Yuriy Şevçuk, Kristina Arbakayte, Zemfira, Serqey Lazarev, aktyorlar Çulpan Xamatova, Danila Kozlovskiy, Marina Zudina, Katerina Şpitsa və daha yüzlərlə tanınmış – yazıçılar, rejissorlar, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, aktyorlar, dizaynerlər, idmançılar, bloqçular, müğənnilər, teleaparıcılar müharibə əleyhinə çağırışlar ediblər. Proses günü-gündən genişlənir.
  • Rusiyanın 83 nəfər tanınmış din xadiminin Ukraynaya müdaxiləni pisləyən açıqlaması hakimiyyəti daha da çətin vəziyyətə salıb. Rejimin kilsənin adından manpulyasiya imkanlarını məhdudlaşdırıb.
  • Moskva Beynəlxalq Münasibətlər İnstitutunun 1000-dən artıq məzunu, müəllimi və tələbəsi müharibənin dayandırılmasını tələb etməklə Rusiya hakimiyyətini daha bir intellektual dayaqdan məhrum edib.
Bəli, Putin hazırda Ukraynadan daha çox öz xalqından qorxur və öz xalqı ilə mübarizə aparır. Əslində onun Ukraynada başlatdığı hərbi avantüra da öz şəxsi hakimiyyətini daha uzunömürlü etmək üçün düşünülmüşdü. Ancaq hər şeydən göründüyü kimi, bu işğalçılıq hərəkəti əks effekt verəcək. Putin ukrayna və rus xalqlarının, beynəlxalq birliyin reaksiyalarını səhv hesablayıb. Beynəlxalq aləm də, ukrayna xalqı da, rus xalqı da bəşəriyyəti bu qəddar, anti-insani siyasətdən xilas etməkdə qərarlı görünür. Bu savaşda azadlıqdan yana olan mütərəqqi qüvvələrin qələbəsi hər ötən gün daha da labüd görünür.
AXCP sədri Əli Kərimli
Tarix: 6-03-2022, 10:48
Xəbəri paylaş





Xəbər lenti