Əkrəm Həsənov: “Müasir İran Səfəvi dövlətinin varisidir”


“Rusiya işğalının iki məqsədindən biri Ukraynanın “denasifikasiya”sıdır. Yəni millətçiliyə son qoyulması. Ukraynadakı millətçiliyin mahiyyəti nədən ibarətdir? Bu iki ölkədə olmuş hər kəs şahidi olub ki, ruslar ukraynalılardan daha millətçidirlər. Məsələn, Rusiyada bir ara skinhedlər başqa xalqlara, o cümlədən qafqazlılara qan uddururdu. Ukraynada belə şey heç vaxt olmayıb. Ukraynalılar hətta bizdən də daha tolerantdır. Məsələn, biz ölkəmizə səyahətə gələn ərəbləri bəyənmədik. O cümlədən ona görə ki, bizim qadınlarımızla yaxınlıq edirdilər (avropalılar bizdə belə qələt edəndə nədənsə narahat olmuruq). Bəs onda Ukrayna millətçiliyinin mahiyyəti nədir? Sırf Ukrayna dilinin mövqeyini gücləndirmək və rus dilindən istifadəni məhdudlaşdırmaq. Niyə? Ona görə ki, böyük Rusiya ilə Ukraynanın əsas fərqi məhz dildir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
 
Ə.Həsənov qeyd edib ki, bu faktor güclənməsə, ölkənin özünü eyniləşdirməsi mümkün olmayacaq: “Necə ki, Belarusi dövlət kimi süquta uğradı. Yaxın qonşun səndən xeyli böyük və güclüdürsə və aranızda heç bir fərq yoxdursa, dövlətçiliyin məhvə məhkumdur. Məsələn, Qazaxıstan və Qırğızıstan əhalisinin də çoxu rusca danışır, amma onların hər bir halda ruslarla dini (və hətta irqi) fərqlidir. 1995-ci ildə Konstitusiyamız referenduma çıxarılanda Heydər Əliyev ona dair müşavirə keçirdi. Gündəlikdə yalnız bir mövzu var idi: dövlət dilinin adı. “Türk dili”, “Azərbaycan türkcəsi”, yoxsa “Azərbaycan dili”? Ümmummilli liderimizin dövlətçilik müdrikliyi bir daha özünü göstərdi: sonuncu variant seçildi. Niyə? Çünki xalqımızı eyniləşdirən məhz onun dilidir. Onun adında “türk” sözünün olması tədricən Türkiyə ilə aramızda bütün fərqləri aradan qaldıra bilərdi (eyni zamanda yerli milli azlıqları da küsdürə bilərdi). Dövlətçilik isə fərqin olmasını tələb edir. Biz bir millət, iki dövlətik! Dediklərimizi tam başa düşmək üçün İrana nəzər yetirək. Əslində, Azərbaycanın dövlətçilik tarixi Türkiyədən çox İranla bağlıdır. Əsrlər boyu farslarla vahid dövlətlərdə yaşamışıq. Hakim sülalə də gah fars, gah da türk əsilli olub. Sadəcə, dini faktor etnik faktordan daha önəmli olub. Müasir İran əslində Səfəvi dövlətinin varisidir. Çünki şiəlik üzərində qurulub. Məhz buna görə də orada Azərbaycan dili sıxışdırılır. Dövlət dili fars dilidir. Amma bu, o demək deyil ki, soydaşlarımız orada tamamilə haqsızdır. Əks halda, Xamneyi ali rəhbər ola bilməzdi. Sadəcə, İran dövləti özünü şiəlik, sonra isə fars dili ilə eyniləşdirir. Deməli, bizdə də Azərbaycan dilinə verdiyimiz önəm azalsa və əksinə şiəliyin rolu artsa, dövlətçiliyimizə İran tərəfdən də təhlükə yarana bilər. Beləliklə, Ukrayna millətçilyinin mahiyyəti sırf dövlətçiliyin qorunmasına yönəlib. Dövlət dilinin vahidliyinin təmin edilməsi üçündür. Amma bu, o demək deyil ki, başqa dillərdə danışmaq olmaz. Rusiya özü milli azlıqları kiril əlifbasından (məsələn, tatarları) istifadə etməyə məcbur edir. Bununla belə, Ukraynanın dilçilik siyasəti Rusiyanın xoşuna gəlmir. Niyə? Çünki məramı xoş deyil. Xoş niyyətli qonşu bundan narahat olmazdı. Amma Rusiya keçmiş SSRİ ərazisinə öz torpaqları kimi baxır. Buna görə də qonşuların dövlətçiliyinin möhkəmlənməsi ona sərf etmir. Xüsusilə Ukraynanın. Odur ki, söhbət millətçilikdən getmir. Dövlətçilikdən gedir. Rusiya da rəhbəri belə yəhudi olan Ukraynanı “denasifikasiya” adı altında dövlətçilikdən məhrum etmək istəyir”.
 
Tarix: 7-03-2022, 08:07
Xəbəri paylaş





Xəbər lenti