Ukraynaya təcavüzün perspektivi və postsovet məkanına təsirləri

Hüquq müdafiəçisi Anar Məmmədli
Hazırda Rusiyaya tətbiq edilən sanksiyalar keçmiş sovet respublikaları ilə yanaşı Türkiyə, İran və Çin kimi ölkələrə də çətinliklər vəd edir. Çünki bu ölkələrin xarici siyasi maraqları ilə yanaşı iqtisadi əlaqələrində də Rusiya önəmli yer tutur. Bəs bu ölkələrin hər gün artan Qərb-Rusiya qarşıdurmasında yeri necə olacaq?
Əvvəlcə Putinin başladığı müharibədən çıxışı ilə bağlı 3 mümkün ssenari ilə tanış olaq:
1) Rusiya 2014-cü ildə Ukraynada işğal etdiyi əraziləri bir qədər də genişləndir;
2) Ukraynanın cənubu (Qara dənizə çıxış bağlanır), Kiyevdən şərqə və şimala doğru ərazilər işğal edilirək, Şərq Ukrayna tamamilə Rusiyanın nəzarətinə keçir;
3) 2014-cü ildəki status-kvo ciddi şəkildə dəyişmir və Rusiya ordusu geri çəkilir;
Birinci və ikinci variantlar beynəlxalq sanksiyaların davam etməsi deməkdir. Pütin Ukraynadan çıxanadək və ya Kremldən qovulanadək bu sanksiyalar götürülməyəcək.
Üçüncü senari Putin üçün rüsvayçı məğlubiyyət və ağır sanksiyaların götürülməsi deməkdir. Amma nəzərə almaq lazımdır ki, ABŞ və Britaniya parlamentlərində sanksiyaları götürmək onu tətbiq etmək qədər asan olmur və bəzən illərlə müzakirə olunur. Qayıdaq Putinin müharibədən çıxışla bağlı üçüncü variantına. Bu variant Rusiyanın ciddi məğlubiyyəti kimi onu nəinki dünyada, hətta postsovet məkanında super güc olmadığı ortaya çıxaracaq. Postsovet məkanında Türkiyə, Çin və Ukrayna kimi bölgə gücləri regional siyasətdə daha da fəallaşacaq. Avropa Birliyi və NATO-nun qapıları Ukrayna, Moldova və Gürcüstanın üzünə xeyli açılacaq.
Yuxarıdakı 1-ci və 2-ci senarilərə gəldikdə, Rusiyaya tətbiq edilən sanksiyaların xeyli ölkəyə, o cümlədən bunu tətbiq edən Qərb dövlətlərinə də maddi fəsadları var. Artıq dünya bazarında qaz və neft qiymətlərinin bahalaşması bunun ilk siqnalıdı.
Ekspertlər Qlobal-7 ölkələrinin iqtisadi gücünü mümkün itkilərin öhdəsindən gəlməkdə yetərli olacağını deyirlər. Amma ekspertlər Türkiyə iqtisadiyyatı barədə ümidverici danışmırlar. Soyuq müharibə davam edərsə, Erdoğan hökuməti gələn il keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində ağır iqtisadi şərtlərlə üzləşəcək. Məhz bu səbəbdən Erdoğanın bu müharibədən, eynilə sanksiyalardan rahatsız olduğunu təxmin edə bilərik. Türkiyənin gələcəkdə yeganə qazancı Rusiya sanksiyalar altında zəiflədikcə ondan hansısa güzəştlər qopartmaq ola bilər.
Sanksiyalar zamanı Orta Asiya ölkələrindən Türkmənistan və Özbəkistan öz neytrallığını rahatlıqla, kasıb Tacikstan və Qırğızstan isə çətinliklə qoruya biləcək.
Gürcüstan və Moldovanın adı hazırda Rusiyanın Ukraynadan sonrakı hədəfi kimi çəkilsə də, srağagün bu ölkələr Avropa Birliyinə üzvlüklə bağlı ciddi güzəşt əldə etdilər. Artıq Avropa Birliyində bu iki ölkələrin üzvlük ərizəsinə Ukrayna ilə birgə baxılıb qiymət veriləcək. Qiymətləndirmə müsbət məcrada cərəyan edərsə, hər üç ölkə Avropa Birliyinə potensial namizəd statusu qazanacaq. Bununla da Moldova və Gürcüstanın siyasi elitaları üzərində Rusiyann təsirləri xeyli azalacaq.
Ermənistan rəhbərliyi həm Azərbaycanla sülh sazişi imzalamaq, həm də Türkiyə ilə münasibətlərini nizamlamaqla Qarabağ probleminin ciddi töhfə vermiş olacaq. Amma Rusiyanın xeyir-duası olmadan bunların yaxın zamanda baş verməsi çətindir. Bununla belə nəzərə alaq ki, Rusiya rəhbərliyi beynəlxalq sanksiyaların uzun müddət davam edəcəyini gözləyirsə, Türkiyədən quru yolu ilə nəqliyat dəhlizinin yaradılmasını, bunun üçün Ermənsitandan keçəcək yolun inşasını sürətləndirəcək. Bu prosesin yekunu olaraq Ermənistan rəhbərliyi Qarabağ ermənilərinin taleyini Kremlin öhdəsinə buraxaraq, seperatistlərə təsirini zəifləmiş olacaq.
Hazırda Qazaxstanla Azərbaycan rəhbərliyinin vəziyyəti daha dumanlı görünür. Hər iki ölkənin iqtisadiyyatı Qərblə sıx bağlıdır. Üstəlik bu ölkələrdə siyasi elita üzvlərinın Qərb ölkələrində xeyli sərvəti və mülkiyyəti var. İndi Əliyevlə Tokayevi qayğılandıran əsas məsələ maliyyə maraqlarından çıxış edərək dünyanın lənətlədiyi Putinlə məsafəli görünməkdi. Məsələn, Tokayev müharibənin ilk günlərindən neytral mövqe tutub, barışdırıcı açıqlamalar verməli oldu. O Ukrayna rəhbərliyi ilə siyasi təmaslara girməsə də, qazaxların bu ölkə üçün humanitar yardım kampaniyaları və mitinqlər keçirməsinə mane olmadı.
Tokayev kimi İlham Əliyevdə Ukraynaya həm vasitəçilik, həm də humanitar yardım təklif etdi. Amma Qazaxstandna fərqli olaraq, Azərbaycanın yardımı daha çox dövlət resursları hesabına reallaşdı.
Sanksiyalar dönəmində Qərbin həssas mövzularından biri enerji təchizatı və enerji təhlükəsizliyi məsələsi olacaq. Azərbaycan və Qazaxstan rəhbərliyi ölkənin enerji sektorundan gələn gəlirlərini qorumaq üçün Rusiyanın mümkün təzyiqləri qarşısında Qərbin dəstəyini saxlamağa çalışacaqlar.
Putinin isə hər iki ölkənin siyasi rəhbərliyinə təzyiq üçün oxşar mövzuları var:
1) Sosial bərabərsizlik və korrupsiya – hər iki ölkədə gəlirlərin bölüşdürülməsi və sosial-iqtisadi rifahla bağlı narazılıq var. Putin bu tendensiyadan avtoritar liderlərə təzyiq üçün rahatlıqla istifadə edə bilir. O əmindir ki, Lukaşenko kimi Tokayev və Əliyev də əhalinin narazılıqlarını dinc siyasi vasitələrlə həll etmirlər, daha çox zorakı və avtoritar metodlardan istifadə edirlər. Bu isə onların hər ikisini Putinlə yaxınlaşmağa vadar edir.
2) Etnik qarşıdurma: Qazaxstanın şimalında kompakt şəkildə yaşayan ruslarla qazaxlar arasında qarşıdurma yaratmaqla Kreml bu ölkəyə müdaxilə üçün rahatlıqla bəhanə tapa bilər. Artıq bu mövzuda rus mediasında çıxışlar səslənir. Bugün həyya Kommunistlərin lideri Gennadi Züqanov da rusdilli əhalinin sıxışdırılmasından bəhs edib. Məncə təsadüfü deyil. Eyni şəkildə Qarabağın dağlıq hissəsində yerləşən Rusiya hərbi kontingentinin dəstəyi ilə atəşkəsin vaxtaşırı pozmaq çətin deyil.
Azərbaycan hakimiyyəti yuxarıdakı iki problemin yaxın zamanda ölkənin milli təhlükəsizliyinə təhdid yaratmaması üçün aşağıdakı tədbirləri icra etməlidir:
a) Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin mandatı və statusunun müəyyənləşməsi, bölgənin de-militarizasiyası və atəşkəsə nəzarət mexanizminin təkmilləşdirilməsi;
b) Avropa Birliyi, ATƏT və Avropa Şurası strukturları ilə əməkdaşlığın gücləndirilməsi;
c) Vətəndaşlara siyasi fəaliyyət imkanlarının tanınması, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşməh hüquqlarının müdafiəsi;
d) Ölkəyə beynəlxalq qurumların dəvət olunması;
e) Sosial rifahın yüksəldilməsi üçün biznes mühitinin liberallaşdırılması və sosial siyasət proqramlarının qəbulu;
f) Qarabağ probleminin həlli ilə bağlı çoxtərəfli sülh planının hazırlanması və ictimaiyyətə təqdimatı;
nə Qərbin, nə də Kremlin Bakıdan ciddi tələbləri diqqət çəkir. Amma Ukraynada işğal və sanksiyalar davam edərsə, Əliyev iqtidarı üçün balans imkanları azalacaq. O zaman Putinin tələbləri qarşısında “tək adam” rejimi duruş gətirə bilməyəcək. Qərbin enerji layihələri müqabilində verəcəyi siyasi dəstək isə yetərli olmayacaq və ölkənin milli təhlükəsizliyi artıq demokratikləşməni şərtləndirəcək.
Putin üçün üçüncü ssenariyə gəldikdə, bu postsovert məkanında suverenliyin qorunması və demokratikləşmə prosesi üçün yeni siyasi fürsətlər yaradacaq. Amma bizim kimi enerji təchizatçısı olan ölkədə bu fürsətlərdən yararlanmaq heç də rahat və asan olmayacaq. Bu mövzuları daha ətraflı müzakirə etmək üçün müharibənin sonunu gözləyək…
Tarix: 10-03-2022, 09:16
Xəbəri paylaş





Xəbər lenti