Rusiya-Ukrayna savaşı: II Dünya müharibəsindəki kimi çanaq yenə də Polşanın başında çatlayacaq?


Rusiyanın Ukraynaya təcavüzü artıq bütün dünya dövlətləri üçün ciddi təhdidə çevrilib. Belə ki, Rusiya XİN-in dünən verdiyi açıqlama artıq proseslərin dünya müharibəsinə doğru getdiyini göstrərir. Ukrayna Prezidenti Volodimir Zelenski də Avropaya dünya müharibəsi ilə bağlı açıq şəkildə xəbərdarlıq etdi.
Maraqlıdır, proseslər, həqiqətən, dünya müharibəsinə doğru gedirmi?
 
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Yusif Bağırzadə cavablandırıb.

O bildirib ki, İsveçrə, Finlandiya kimi neytrallıq statsuna malik dövlətlər də bu gün NATO-nun qapısını döyür. Bu hərəkətlər gərgin vəziyyəti bir qədər də gərginləşdirdi. Bütün bunlar Üçüncü Dünya müharibəsinə başlanğıc ola bilər. 90-cı illərin əvvəllərində NATO-da 16 dövlət təmsil olunurdu. İndi isə 30 dövlət bu təşkilatın üzvüdür. 30 il ərzində bu proses Rusiyanın qıcıqlanmasına səbəb olub. Rusiya bildirir ki, NATO 30 il ərzində öz sayını iki dəfə artırıb və bundan sonra genişlənməməlidir. Lakin bu proses baş verdi. İndi Rusiya NATO-nun öz öhdəliyini yerinə yetirmədiyinə görə qınayır və guya, öz təhlükəsizliyini təmin etmək üçün Ukraynaya qoşun yeritdiyini söyləyir. Əlbəttə ki, bütün bunlar qəbuledilməzdir və dünya müharibəsinə gətirib çıxara bilər. Bu gün Polşa və Moldovanın vəziyyəti ürəkaçan deyil. ABŞ iki patrul sistemini Polşa sərhədinə daxil etməsinə dair qərar verdi. Patrul sistemi Polşaya yaxın günlərdə gəlib çatacaq. ABŞ-la Polşa arasında MİQ-29 bombardmançı təyyarələrinin Ukraynaya verilməsi və əvəzində də Polşanın ABŞ-dan bombardman təyyarələrinin alınması ilə bağlı danışıqlar aparılır. Polşa MİQ-29 təyyarələrinin ABŞ aerodromlarından Ukrayna hava limanına daxil olmasını təklif edir. Lakin Ağ Ev bununla razılaşmır və digər təklif irəli sürür. Belə ki, ABŞ təyyarələri birbaşa deyil, Polşa vasitəsilə Ukraynaya göndərmək istəyir.
Politoloqun fikrincə, İsrail müharibənin tezliklə yekunlaşmasını istəyir:
“Rusiya XİN bəyanat yaydı ki, Ukrayna ərazisinə hər hansı bir dövlətin aeroportundan hərbi dəstək gəlsə, həmin dövlət təcavüzkar olaraq qəbul olunacaq və müvafiq tədbirlər görüləcək. Bu mənada Polşadan gələn təyyarələrin Rusiya tərəfindən vurulma ehtimalı var. Həmin təyyarələri Ukrayna aldıqdan sonra onların Ukrayna ərazisində vurulma ehtimalı çoxdur. Bu gün həm NATO, həm ABŞ Rusiyanın bu hərəkətlərindən çəkinir. İsrailin Rusiya ilə dərin münasibətləri var və benzini Rusiyadan idxal edir. Ona görə də, İsrail Ukraynaya Zelenskinin istədiyi “Dəmir qübbə”ni verməkdən çəkinir. İsrail münaqişənin böyüməsini istəmir. Çünki Rusiyaya tətbiq edilən sanksiyalar fonunda İran faktoru ortaya çıxır. Belə olan təqdirdə Avropa dövlətləri İrana üz tutmalı olacaq. Bu platforma isə İsrailin maraqlarına tamamilə ziddir. Bu gün Antalyada forum keçiriləcək. Forumda müəyyən mövzularda ortaq məxrəcə gəlinəcəyi gözlənilir. Azərbaycan, İsrail və Türkiyə dövlət başçılarının bir formatda görüşü olacaq. Bu görüşdən gözləntilər isə böyükdür”.
Tarix: 10-03-2022, 19:23
Xəbəri paylaş





Xəbər lenti