“Qardaşımın ölüm işini araşdırdığım üçün icra başçısı mənə təzyiq edir...”- Qazinin bacısı...





Ötən il iyulun 26-da özünü yandıraraq intihar edən Qarabağ qazisi İmamverdi İsmayılovun ölüm işini araşdırmaq üçün müvafiq qurumlara şikayət edən mərhumun bacısı İsmayılova Samirə Səxavət qızı buna görə ona Mingəçevirin icra başçısı İlham İsmayılov tərəfindən təzyiqlər edildiyini bildirib.

S.İsmayılova bu haqda Moderator.az-a danışaraq təhlükəsizliyinin təmin edilməsi üçün kömək istəyib. Onu da qeyd edək ki, S.İsmayılova qardaşının ölüm işinə görə ötən ay Baş prokuror Zakir Qaralovun da qəbulunda olub:

“Migəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qardaşımın ölüm işinin ört-basdır edilməsi üçün mənəzə təzyiqlər edir. Bunun da səbəbi odur ki, icra başçısı vəzifəsindən azad ediləcəyindən narahatdı. Üstümə iki jurnalist göndərib sorğu-sual aparır ki, qardaşının ölüm işini niyə araşdırırsan? İnanın ki, öz evimdə yaşaya bilmirəm. Mənə deyirlər ki, bu haqda danışmayın, icra başçısının adını heç yerdə çəkməyin. Qardaşım dünyasını dəyişən gün İ.İsmayılov bizə də gəlmişdi. Ondan sonra məzuniyyətə getdi. Bizdə isə o, stolun üstünə 500 manat pul qoyub prokurora da dedi ki, özüm hər şeyi həll edəcəm. 

Qardaşımın ölüm işinin ört-basdır edilməsində bu adamların da əli var. Prezident Aparatına şikayətə gələndə İ.İsmayılovun oğlu və həyat yoldaşı zəng vuraraq məni təhqir etdi. Ailə üzvləri mənə hədə-qorxu gəlir. Baş həkim Könül və Elxan adlı həkim qardaşımın ölümünə səbəkardılar. Onlar imkan vermədilər ki, qardaşımı Bakıya yanıq xəstəxanasına gətirim. Mən bu haqsızlığa dözə bilmirəm və bununla bağlı Heydər Əliyev Fondunda da qəbulda olmuşam və icra başçısının etdiklərinə görə şikayət etmişəm. 

Yalandan deyirlər ki, guya qardaşımın həyat yoldaşını işlə təmin ediblər. Anamın da işlə təmin olunduğunu deyirlər, amma 2016-cı ildə anam həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişib. Mənə ediləcək köməkliklərin hamısının qarşısını İ.İsmayılov kəsir. Bilmirəm, niyə görə icra başçısı qardaşımın ölüm işini ört-basdır etməyə çalışır. Mən bu işdən əl çəkən deyiləm, qardaşımı özünü yandırmağa bunlar məcbur etdilər”.

Redaksiyadan: Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. 
Tarix: 10-01-2020, 15:31
Xəbəri paylaş





Xəbər lenti