6 uşaq anası: “Hara gedirəmsə, təhqir edib qovurlar, uşaqlarım ac-susuz yatır”


ana usaq

Xüsusilə bölgələrdə ağır şərtlər altında yaşayan çoxdur.


Bizimyol.info-ya danışan Kürdəmir sakini Zülfiyyə Məmmədova da belələrindədir.

Zülfiyyə xanım iki dəfə ailəli olub, ayrılıb. Bu nikahlardan altı övladı dünyaya gəlib. İndi Kürdəmirdə kirayə yaşadıqları evdə uşaqlarını çox çətinliklə saxladığını deyir: “Mən də istəməzdim ki, belə olsun. Altı uşağın yükü tək mənim üzərimdə qalıb. Dolana bilmirik. Məscidə gedib kömək istəyirəm. 200 manat sosial yardım ayrılıb, onu da hələ ala bilməmişik”.

Zülfiyyə Məmmədovanı əsas narahat edən məsələ xəstəliyidir. Bir neçə ay əvvəl xərçəngə yoluxduğu müəyyənləşib. Başında, sinəsində şiş aşkarlanıb. Əməliyyata ehtiyacı var, amma bunu pulsuz həyata keçirmək mümkünsüz görünür: “Sinəmdə ağrılarım çoxalıb. Günü-gündən zəifləyirəm. Mən ölsəm, bu uşaqları kim saxlayacaq? İndi onlara bir tikə çörək verən yoxdu. Özüm xəstə, uşaqlarım ac-susuz yatır. Qapımı açıb kömək təklif eləyən yoxdu. Heç kim əl tutmur. İki qız uşağı böyüdürəm. İstəmirəm küçələrdə qalsınlar. Heç kim baxmayacaq onlara. Hara gedirəmsə, təhqir eləyib qovurlar. Mən ölməkdən qorxmuram, uşaqlarımdan nigaran gedəcəm”.

Qadının dediyinə görə, Kürdəmirdə müraciət etmədiyi yer qalmayıb. İcra hakimiyyətinə dəfələrlə gedib. Zülfiyyə Məmmədova orada hər dəfə təhqirlə üzləşdiyini deyir. Ölkə rəhbərliyinə məktubla müraciət edib. Qadının fikrincə, məktublarına cavab gəlir, amma Kürdəmirdə açıb götürürlər.

Tarix: 13-01-2020, 21:37
Xəbəri paylaş





Xəbər lenti