”LAQEYD GƏNCLİKDƏN NƏSƏ GÖZLƏMƏYİN HEÇ BİR MƏNASI YOXDUR”!!!






Zaur BAYRAMOĞLU:

”İki kitabıma da ən gözəl,  obyektiv qiyməti oxucularım verəcəkdir”!!!

–  Salam, Zaur bəy.  Sizin yeni kitablarınızın təqdimat mərasiminin keçiriləcəyi barədə xəbər aldığımızda çox sevindik. Çünki bu bizim üçün sadəcə olaraq illərlə bərabər çalışdığımız yoldaşımızın uğuru deyil, həm də Azərbaycan Silahlı Qüvvələrinin keçmiş mənsubu, Vətən üçün sağlamlığını itirmiş bir qazimizin uğurudur.

–  Təşəkkür edirəm, Lalə xanım, sizinlə birlikdə çalışmaq çox xoş idi, ayrıca siz özünüz də ilk vaxtlar mənim əziyyətimi çox çəkmisiniz. Xatirimdədir, ilk vaxtlar hələ bilgisayarıma səsli proqram yükləmədiyim vaxtlar hərif səhvləri ilə dolu yazılarımı səbrlə düzəldib məqalə halına salmaq hər adamın işi deyildi.

–  Biz səni kifayət qədər tanıyırıq, amma oxucularımız üçün bir az özünüz barədə məlumat verərdiniz.

–  Mən 1978-ci ildə, Naxçıvan MR Culfa rayonunun Milax kəndində, ziyalı ailəsində doğulmuşam elə həmin kəndin orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil oldum. Universitetə ilk gəldiyim vaxtlardan etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarında demokratiya uğrunda siyasi mübarizəyə qatıldım. Yəqin ki, bunun əsas səbəblərindən biri atamin bu yola həyatını sərf etməsi idi. Atam hələ tələbəlik illərində, 1976-cı ildən etibarən rəhmətlik Əbülfəz Elçibəyin gizli təşkilatına daxil olaraq milli azadlıq mübarizəsinə qatılıb. O vaxtlar bilirsiniz, çox qəddar və amansız bir rejim var idi və bu rejimin ağır basqısı altında, həyatını və bütün gələcəyini riskə ataraq milli azadlıq mübarizəsinə qatılmaq, Azərbaycanımızın azadlıq və suverenliyi uğrunda mübarizəyə qatılmaq, ya da bu işə yeni tərəfdarlar toplamaq, təbliğat-təşviqat işləri ilə məşğul olmaq çox çətin idi. Hətta insanların beyinlərini o həddə qədər yumuşdular ki, çox adamın azadlığın, suverenliyin nə olduğu barədə təsəvvürü belə yox idi. Və məhz o ağır illərdə atam Naxçıvanda yaradılan ilk üçlü qruplardan birinin tərkibində siyasi fəaliyyətə başlayıb. Doğrudur, 1985-ci ildən sonra “aşkarlıq və yenidənqurmanın” başlanması ilə birlikdə dəbə mindirilən “özünütənqid”lə bərabər mili azadlıq ideyalarının kütlələr içərisində təbliğatı, ən azından yayılması daha da asanlaşdı. Yadınızdadırmı, Lalə xanım, mən 2012-ci ilin əvvəllərində Milli Azadlıq Hərəkatının Naxçıvan mərhələsi və “Sərhəd Hərakatı” ilə bağlı bir araşdırma aparırdım, hətta bu məqsədlə qazetimizin yeganə diktafonunu da götürərək gedib iki həftə Naxçıvanda qalmış, 1980-ci illərdəki milli azadlıq və sərhəd hərəkatının fəalları ilə görüşlər keçirmişdim. Rəhmətlik Həmidə xanımdan, Asəf bəyə, Sülhəddin bəydən Sərdar bəyə qədər həm burda, həm də Naxçıvanda bir çox isimlə görüşlər keçirmiş, məlumatlar toplamışdım. O zaman əldə etdiyim bir maraqlı faktı danışacağam. Sovet məkanında ilk siyasi partiya məhz Naxçıvanda, Xalxal meşəsində keçirilən qurultayda təsis olunubmuş. Azadlıq adlı bu partiyanın nizamnaməsindən məramnaməsinədək bütün sənədləri qaydasına salınaraq hazırlanıb, amma qeydiyyat üçün ədliyyə orqanlarına müraciət olunmayıb. Çünki müraciət etsəymişlər belə, bu o vaxt qəribə və görünməmiş hadisə kimi qarşılanacağından, təsisçilər qeydiyat üçün müraciət etməyin DTK orqanları qarşısında özünüifşadan başqa bir şey olmayacağını başa düşdüklərindən gözləməyi qərara alıblar. Sonra da 1988-ci il hadisələri və ardınca Sərhəd hərəkatı ki, bu hərəkatı belə öz-özlüyündə bir qəhrəmanlıq epopeyasıdır. Düşünün ki, quşun belə üzərindən uçmaqda tərəddüt etdiyi Sovet sərhədlərini boynuna kəfən salmış yüz minlərcə naxçıvanlı bir gecədə yerlə bir etmişdi. Amma o on minləri təşkilatlandırıb bəzi yerlərində 4, bəzi yerlərində 12 qat tikanlı çəpərlə, minalanmış sahələrlə qorunan və məhz mühavizə qüdrətinə görə “dəmir pərdə” adıyla tanınan sovet sərhədlərinin önünə gətirmək özü belə asan deyildi. O vaxtlar həm Naxçıvanda, həm də yerlərdə AXC idarə heyətləri, fəalları arasında gedən sərhədləri necə etmək mübahisəsi tikanlı məftillərin mühafizəsində qalmış on minlərlə hektar torpağın kənd təsərüfatına açılması tələbi ilə başlayıb, Ramiz Tağıyevin “o sərhəd dağıdılacaq” israrı ilə on illərdir ki, xalqımızı ikiyə bölən sərhəd qaldırılmışdı. 1990-cı ildə atam Naxçıvandan Xalq Cəbhəsinin millət vəkili olaraq seçildi. Bu bizim ailə üçün yeni bir mərhələ demək idi. O vaxtlar 12-13 yaşlarında olsam da artıq həyatı anlayır və nə baş verdiyini yaxşı başa düşürdüm. Hər gün evimizdə baş tutan toplantılar sayəsində mən də milli azadlıq mübarizəsinin içinə doğru çəkilir, bir kənarda oturub dinlədiyim çıxışlar, nitqlər sayəsində evimizə toplaşan qonaqların kimliklərini, nə istədiklərini anlayır, başa düşürdüm. 1991-93-cü ildə, Kəlbəcərin işğalından sonra ölkənin siyasi vəziyyətində gərginlik pik nöqtəyə çatdığı zaman elan olunan fövqaladə vəziyyət rejimində atam prezident tərəfindən Culfa rayonuna polkovnik leytenant rütbəsi ilə hərbi komendant təyin edilmiş, Əbülfəz bəyin Naxçıvana qayıdışına qədər də vəzifə səlahiyyətlərini layiqincə icra etmişdi. 1992-ci ildə Elçibəyin Naxçıvana qayıdışından sonra, ilk 1994-cü ilin avqustunda, daha sonra isə 1995-ci ilin martında atamla bərabər Elçibəyin ziyarətində oldum. Xüsusən ilk görüşümüz mənim üçün olduqca əhəmiyyətli idi və həyatımda silinməz izlər buraxacaqdı. Bəy mənə imzalı kitab bağışlamış, birlikdə şəkil çəktirmiş və bir saatdan artıq vaxtını ayıraraq şəxsən mənimlə söhbət etmişdi.  Bütün bunların təsiri ilə mən Bakıya gələndə artıq, necə deyərlər, yetkin bir gənc fəal idim. 1994-cü il universitetdə təhsil aldığım dövrdə də AXC universitet şöbəsi dayaq dəstəsinin tərkibində fəal olaraq siyasi fəaliyyətlə məşğul odum. Mitinqlərdə, piketlərin təşkilində iştirak edir, hər zaman ön sıralarda olmağa çalışırdım. Əbülfəz bəy 1997-ci ildə Bakıya qayıtdıqdan sonra onunla daha bir neçə dəfə görüşmək nəsib oldu. Daha sonra siyasi fəaliyyətimi AXC-dən Bütöv Azərbaycan Birliyinə doğru yönəltdim…

–  Bəs, hərbi xidmətə yollanmağınız və mükələfiyyət müddətini bitirib geri qayıtmaq əvəzinə orduda qalaraq xidmətə davam etməyiniz necə oldu?

–  Mən əyani şöbədən qiyabi şöbəyə keçirildikdən sonra hərbi xidmətə çağırıldım. Bugünkü kimi yadımdadır, 1999-cu ilin yanvarında həqiqi hərbi xidmət keçmək üçün Naxçıvana qayıtdığımda əmim mənə dedi ki, Hərbi komissarlıqla danışıb sənə möhlət götürək, ali təhsilini başa vur, elə get əsgərliyə. Lakin mən bundan qəti surətdə imtina etdim. Hərbi xidmətə Şərur rayonunda dislokasiya olunmuş N saylı hərbi hissədə başladım. Gənc əsgər dövrünü bitirdikdən sonra bir aylıq pulemyotçu kursuna göndərildim. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra hərbi xidmətimə davam etmək üçün ön cəbhənin Sədərək rayonu istiqamətinə göndərildim. Bir neçə ay təmas xəttində xidmət etdikdən sonra xidmət növbəsi dəyişdirilən taborla birlikdə dislokasiya rayonuna qayıtdım və çavuş rütbəsi ilə mükafatlandırıldım.

–  Bəs, peşəkar birləşmədə nə vaxtdan xidmət etməyə başladınız?

–  Əslində hərbi xidmətə ilk başladığımda mənim orduda qalmaq kimi bir niyyətim yox idi. O vaxt, mən hələ gənc əsgərkən hissənin siyasi işlər üzrə komandir müavini məni yanına çağıraraq universitetdən təhsil aldığım dövrlə bağlı arayış gətirərsəm zabit rütbəsi ilə xidmət etmək üçün əlindən gələn köməyi edəcəyini dedi. Lakin mən komandir müavininin bu təklifini geri çevirdim.

–  Sirr deyilsə, bunun səbəbi nə idi?

–  Bilirsinizmi, Lalə xanım, 1999-cu ilin əvvəllərində zabit kimi hərbi xidmətə cəlb olunan kadr olmayanlar hələ ordudan təxris olunmurdular və nə vaxt təxris olunacaqları da bilinmirdi. Mən də orduda qalmağı deyil, mükəlləfiyyət müddətimi başa vurub dönməyi düşündüyümdən komandir müavininin təklifini geri çevirdim.

–  Sonra təhsil almağa göndərilməyiniz necə oldu? Öz istəyinizlə olmadımı?

–  Əlbəttə ki, öz istəyimlə oldu. İyun ayında bizim hissəyə seçici zabitlər gəlmişdilər. Prezidentin sərəncamı ilə yeni yaradılacaq hissədən danışdılar, hər an müharibənin başlaya biləcəyindən və ordumuzun yaxşı yetişdirilmiş təxribatçılara ehtiyac duyduğundan danışdılar. Çox adam oxumaq üçün adını yazdırdı. Öncə şifahi sorğu-sual, sonra da fiziki testlərdən keçirildik. Bunların hər ikisindən də keçənlərin adları oxumağa göndəriləcəklərin siyahısına yazıldı.

–  Bu kurs tam olaraq nə kursuydu?

–  Bağışlayın, Lalə xanım. Mən göndərildiyim kurs və kursdan sonrakı xidmət etdiyim hissə barəsində danışmaq istəmirəm.

–  O dövrdə  sizə xoş olmayan xatirələriniz və ya unutmaq istədiyiniz hadisələr var?

–  Xeyr, qətiyyən. Hətta mən tam əminliklə deyə bilərəm ki, həyatımın ən gözəl anları məhz həmin hərbi hissədə xidmət etdiyim dövrlə bağlıdır. Məni ora bağlayan və hələ də yadıma düşdükcə qəlbimi titrədən xoş xatirələrim var. Danışmaq istəməmə səbəbinə gəlincə bura məxfi hissəydi və sadəcə mən deyil, orada xidmət etmiş hər bir nəfər andına sadiq qalaraq qorumalı olduğu sirlərin bilincindədir.

–  Həmin hərbi hissəylə bağlı xoş xatirələriniz var dediniz, o xatirələrin içindən bizimlə paylaşa biləcəkləriniz varmı?

–  Birini paylaşa bilərəm. Kursu birinciliklə bitirmiş, özəl hədiyyə ilə təltif olunmuşdum… Hələ də o hədiyyəni həyatımda aldığım ən dəyərli hədiyyə kimi mühafizə edirəm.

–  Hərbi hissədə ağır xəsarət aldığınızı bilirik. Mina partlayış travması almağınız necə oldu?

–  2001-ci ildə, vəzifə borcumu yerinə yetirərkən.

–  Hadisəylə bağlı açıqlamaq istədiyiniz nəsə varmı?

–  Xeyr, Lalə xanım, istəyirsiniz xidmət dövrümü yekunlaşdıraq.

–  Mediayla ilk ünsiyyətiniz necə yarandı və  yazmağa nə vaxtdan başladınız?

–  2007-ci ildə Ramiz Tağıyevin vasitəsi ilə “Azadlıq fədailəri” qazetinə müsahibə verməklə başladım. Daha sonra “Millətçilik” və “Millətim” qəzetlərində davam etdik. Bu vaxt artıq birlikdə çalışırdıq və mənim orfoqrafik səhflərlə dolu yazılarımı düzəltməklə ən böyük yardımçım da sizdiniz.

–  Mediada  fəaliyyət göstərmək sizin üçün çətin olmadı ki?

–  Xeyr… Mən hələ universitetdə oxuyarkən “Veteran” qəzetində çalışmışdım və digər qazetlərdə. Məsələn, “Cümhuriyyət” qəzetində yazılarım işıq üzü görmüşdü. Oradan az da olsa təcrübəm var idi.

–  Fiziki vəziyyətinizə görə yazmaq çətin olmur ki?

–  Əvvəllər, əlbəttə, çətin idi. Bayaq da qeyd etdiyim kimi 2011-ci ilin əvvəllərinədək bilgisayarımda səsli proqram yox idi. Evdə başqasının açdığı səhifədə və hərflərin yerini təxmin etməklə yazırdım. Bu olduqca çətin idi. Düşüncə surəti yazma surətini qatbaqat keçdiyinə görə beynimdə hazır olan mətni çatdırıb kağıza tökə bilmir, həm daha öncə yazdıqlarımın da tam olaraq nə olduğunu unudurdum. Və bu gerçəkdən çox çətin idi…

–  Ayrıca, sizin əngəliniz sadəcə gözlərinizlə bağlı deyil, barmaqlarınızın da bir qismi amputasiya olunduğundan hər halda yazmaq adi gözdən əlilə görə daha çətin olmalıdır…

–  Orası elədir…Bu arada mən yazarkən sadəcə sol əlimin üç barmağından istifadə edirəm, orta, nişan, və çeçələ barmaqlar… Çeçələ barmaq əslində yazarkən funksiyasız olduğuna görə iki barmaqla yazıram…

–  Və iki barmaqla onlarca, yüzlərcə məqalə və dörd kitab yazdınız?!

–  Yazmağa davam edəcəm də, indi əlimdə “Yalquzaq” adlı irihəcmli roman var, qismətsə onu bitirim, daha yeni düşüncələrim var.

–  Sizin kitablarınızda, məsələn, elə götürək işıq üzü görən “Öz üzərində qələbə” və “Döyüşlə kəşfiyyat” əsasən hərbi xidmət və Qarabağ münaqişəsi ilə bağlıdır. Digər əsərlərinizdə də əsasən bu mövzular işlənib. Əsgərlik və müharibə, bunu əsərlərinizdə prioritet səviyyəsinə qaldırmağınızın özəl səbəbimi var?

–  Əlbəttə, Lalə xanım, mənim yazdıqlarımın heç biri təsadüf əsəri meydana çıxmış əsərlər deyil. Bilirsinizmi, mən yazmağa başlayanda öncə düşündüm ki, sosial sifariş bir yazardan nə istəyir? Və sonra sosial sifarişin istəyi doğrultusunda getməyi deyil, sosial sifarişi yönləndirməyi düşündüm. Bu gün Qarabağ, Qərbi Azərbaycan, Borcalı, Şəmşəddil, Dərbənd, və Cənubi Azərbaycan parça-parça olmuş vətənimizin kənara saçılmış parçalarıdır. O parçaları yenidən toplayıb birləşdirmək, Bütöv Azərbaycanı qurmaq, yaratmaq istəyiriksə öncəlik olaraq gəncliyə nüfuz etməli, gəncliyi vətənpərvər, hətta deyərdim ki, şovinist ruhda tərbiyə etməliyik. Çünki bu gün Rusiya və İranın arasında sanki pres aparatındaymışız kimi sıxışdığımız bu coğrafiyada buna şiddətlə ehtiyacımız var. Gəncliyimiz elə bir ruhla tərbiyə olunmalıdır ki, hər kəs içindəki Mübarizi, Raqufu, Dilqəmi, Koroğlunu və onlarca digər Vətən övladını üzə çıxarmaq üçün çabalasın, adlarını yeni qəhramanlar sırasına yazdırmaq üçün fürsət gözləsin. Şərt deyil ki, bu gün müharibə başlansın. İçində Mübariz yatan hər gəncimiz bu gün döyüş əmri gözləmədən, özbaşına ön xətti keçərək yağı düşməni darmadağın etmək üçün alışıb yanmalıdır. Və bunu ancaq və ancaq vətənpərvər, millətçi gənclik edə bilər. Bu gün laqeyd gənclikdən nəsə gözləməyin heç bir mənası yoxdur. Biz onları laqeyidlikdən millətçiliyə yönəltdikdən sonra bir qəhrəmanlıq gözləyə bilərik. Bu bizim millətimizin genetik yaddaşında var. İstər ruslar olsun, istərsə də farslar, on illər boyu çalışsalar da genetik yaddaşımızdakı mübariz ruhu qıra bilməyiblər, biz millət olaraq bunu “Meydan hərəkatı”nda göstərdik, “Sərhəd hərəkatı”nda və bir çox başqa yerlərdə də göstərmişik.

–  Konkret olaraq, “Öz üzərində qələbə” kitabının mövzusu nədir? Bu, hər halda oxucularımız üçün də maraqlı olardı.

–  “Öz üzərində qələbə” məhz bayaq bəhs etdiyim kimi laqeyd, bir az da məsuliyyətsiz, hətta qorxaq və psixoloji cəhətdən sıravi əsgər olmağa belə hazır olmayan birinin ordu sıralarında yetişərək, mətinləşərək qorxmaz və hər an döyüşə hazır, bacarıqlı, qabiliyyətli bir əsgərə çevrilməyindən bəhs edir. Bu bir insanın öz iradəsi, öz mənliyi, ümumiyyətlə özü üzərində necə qələbə qazandığına ən gözəl nümunədir. Ayrıca mən burada aralara sərpişdirərək müxtəlif silah növləri, tariximiz, unudulmağa üz tutmuş adət-ənənələrimiz barəsində də məlumatlar vermişəm.

– Bəs, “Döyüşlə kəşfiyyat” necə? Bu əsər, hər halda, adından da göründüyü kimi müharibədən bəhs edən, savaş səhnələri ilə dolu bir kitabdır?

– Əsərin adı hərbi terminalogiyadan götürülmüşdür. “Döyüşlə kəşfiyyat” özlüyündə düşmənin zəif və kor nöqtələrini öyrənmək üçün istifadə edilən taktik savaş növüdür. Amma, mən deməzdim ki, bu kitab sırf müharibə səhnələri ilə doludur. Burada hadisələr Yaşıloba adlı utopik bir şəhərdə və cəbhə xəttinin bir kəsimində baş verir. Əlbəttə ki, savaş da var, qan da, göz yaşı da, amma bütün bunlar romantizmlə, Vətən həsrəti və yağıya nifrətlə harmanlanaraq ortaya mükəmməl bir əsər çıxarılmışdır. Sadəcə “Döyüşlə kəşfiyyat” deyil, həm “Öz üzərində qələbə”, həm də işıq üzü görmək üçün növbəsini gözləyən digər iki kitabıma da ən gözəl, ən obyektiv qiyməti oxucularım verəcəkdir.

-Uğurlar, Zaur bəy, yanvar ayın 22-si, saat 16:00-da, Azərbaycan Nəşriyyatında keçiriləcək təqdimat mərasimində görüşmək ümidiylə…

-İnşallah, Lalə xanım. Sizi orada görmək mənim üçün çox xoş olacaqdır.


Söhbətləşdi:

Lalə Ramizqızı

Tarix: 18-01-2020, 17:15
Xəbəri paylaş





Xəbər lenti