Böyük demokrat, istiqlalçı deputat:Elçibəy hökumətinin xarici işlər nazirinin həyat yolu


Böyük demokrat, istiqlalçı deputat:Elçibəy hökumətinin xarici işlər nazirinin həyat yolu

Milli Azadlıq Hərəkatının liderlərindən biri, istiqlalçı deputat, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Qasımov vəfat edib.

Cebhe.info xəbər verir ki, Qasımov Tofiq Məsim oğlu 10 aprel 1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq-red) şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir. 1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir. Tofiq bəy 1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

1990-cı il seçkilərində Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib. Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam olunub. Orada olduğu müddətdə 100-dən çox Xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlayıb. 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə çalışıb. Azərbaycan Respublikasının Xarici siyasətinin formalaşmasında rol oynayıb. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib. İngilis, türk və rus dillərini bilirdi. Tofiq Qasımov 90-cı illərin ortalarında ölkədə baş verən ictimai-siyasi proseslərin mərkəzində yer almış fiqurlardan biri olub. Siyasi fəalliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə bir müddət həbsdə olub. Tofiq Qasımov ailəli idi, iki qızı var. Ailəsi ilə birgə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

Aydın

Tarix: 29-01-2020, 13:41
Xəbəri paylaş





Xəbər lenti