Keçmiş nazir müavininin oğlu: “Bunlar dövlətə qarşı təxribatdır”

Parlament seçkilərində namizəd kimi iştirak edib, narazı qalanlardan biri də 1993-cü ildən 2001-ci ildə Daxili İşlər nazirinin birinci müavini, 2001-2005-ci illərdə isə nazirin müavini olmuş Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevdir. V.Dünyamalıyev deyir ki, namizəd olduğu 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində seçki saxtalaşdırılıb. Saxtakarlığı təsdiqləyən kifayət qədər faktlar, video-materiallar olduğunu vurğulayan V.Dünyamalıyev şikayətilə yanaşı, onları da fevralın 12-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyini deyir.


V.Dünyamalıyevin sözlərinə görə, bu dairədəki 30 məntəqədən yalnız 6-dan səsvermənin nəticələri barədə protokolları ala biliblər: “Bəzi məntəqələr var ki, səsvermənin nəticələri barədə komissiya üzvlərinin şifahi şəkildə elan etdiyi rəqəmləri lentə almışıq. İndi həmin o videoda elan olunan rəqəmlərlə rəsmi nəticələrdə göstərilən rəqəmlər üst-üstə düşmür”.
V.Dünyamalıyev deyir ki, müşahidəçilərin polis gücüylə məntəqələrdən qovulmasından tutumuş, seçki qutularının götürülüb aparılması, səs verməyə gələn seçici saylarının şişirdilməsi, qutulara topa bülletenlərin atılmasına qədər müxtəlif pozuntular qeydə alınıb:
“Məntəqələrin bir çoxunda bülletenləri qutulardan torbalara doldurub, kabinetə apardılar. Sonra da polislərin müşayiəti ilə həmin torbaları maşına qoyub məntəqədən apardılar. Biz 24 məntəqədən protokolları ala bilməmişik. Komissiya sədrlərinin biri deyirdi ki, “yorulmuşam, dincəlməyə gedirəm”, o biri deyirdi ki, “yemək yeyib, çay içməliyəm”, başqa biri deyirdi ki, “24 saatdan sonra açıqlayacağam”. Görünür, bunların Seçki Məcəlləsindən xəbəri yoxdur. Orada yazılıb ki, səsvermə başa çatandan sonra dərhal səslərin sayımı başlamalıdır. 24 saat ərzində başa çatmalıdır. Bunlar 24 saat məsələsini səhv anlayıblar. Bunların hamısının da videosübutu var. Bir çox məntəqələrdə əsasən, müəllimlərdən ibarət xeyli müşahidəçi vardı. Onlar heç bir namizədi təmsil etməsələr də, pozuntu hallarını qeydə alan digər müşahidəçilərə mane olmağa çalışırdılar. Bizdə həmin müşahidəçilərin qutuya topa bülleten alması barədə də videogörüntülər var”.
Onun sözlərinə görə, səsvermə günü səhər saatlarından saxtakarlıq başlamışdı: “Məntəqələrə səs verməyə gələn seçici sayı ilə bağlı yanlış məlumatlar verməyə başladılar, rəqəmlər şişirdildi. Saat 10.00-a müşahidəçilər məntəqələrdə 999-1000 nəfər qeydə almışdı, MSK o saata olan məlumatında 5560 nəfər dedi. MSK-nın “Qaynar Xətt”inə nə qədər zəng eləsək də, danışa bilmədik. DSK sədri ilə də danışa bilmədim. DSK-nın katibi Rauf müəllimə dedim. Xeyri olmadı. Saat 12.00-a MSK yenə 40 saylı dairədə seçici fəallığı haqda məlumatında səsverməyə gələnlərin sayını 7179 nəfər göstərdi. Halbuki, cəmi 2970 nəfər idi”.
V.Dünyamalıyevin sözlərinə görə, onun və başqa namizədlərin müşahidəçiləri pozuntu hallarını qeydə alırdılar deyə, onları məntəqələrdən uzaqlaşdırırdılar.
Sabiq nazir müavininin oğlu MSK-nın şikayətinə verəcəyi cavabı gözləyir: “Bu addımlar dövlətə qarşı təxribat kimi qiymətləndirilməlidir. Bunu edənlərin sərt şəkildə cəzalandırılacağına ümid edirəm”.
40 saylı Kəpəz İkinci Seçki Dairəsindən V.Dünyamalıyev də daxil olmaqla, 7 nəfər namizəd birgə bəyanat yayıb. Onlar bu dairədə seçki saxtalaşdırıldığına görə nəticəni tanımadıqlarını bəyan ediblər.
40 saylı Kəpəz İkinci Seçki Dairəsindən Musa Quliyev qalib elan olunub. 2000-ci ildən deputat olan 59 yaşlı M.Quliyev həm də Musa Urud (doğulduğu kəndin adı-red.) kimi tanınır. Qalib elan olunduğu Kəpəz rayonunun icra başçısı Eldəniz Xudiyev onun qohumudur. İcra başçısı M.Quliyevin bacısı Gülsüm Fətəliyevanın kürəkənidir.

Azadliq.info

Tarix: 15-02-2020, 09:29
Xəbəri paylaş





Xəbər lenti