JURNALİSTLƏRDƏN AÇIQLAMA - “Təhdidlə qarşımıza şərt qoydular” (Yeniləndi)



“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.

"AzPolitika"nın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”.

Xatırladaq ki, “Real” TV 125 saylı dairədən namizəd Afət Telmanqızı və həyat yoldaşı namizədliyini irəli sürmüş İlqar Mikayıloğlu ilə də yollarını ayırıb.

Afət Telmanqızı “Yenisabah”a açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: “Ya yazdıqlarınızı silin, ya da işdən çıxın”.

“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstünlük tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur” – deyə, Afət Telmanqızı sonra bildirib.

***

Real TV-nin deputatlığa namizəd olmuş iki əməkdaşı - Ləman Ələşrəfqızı və Afət Telmanqızı televiziyadakı işindən uzaqlaşdırılıb. “AzPolitika.info” xəbər verir ki, Teleaparıcı İlqar Mikayıloğlu və həyat yoldaşı, hüquqşünas, aparıcı Zülfiyyə Bayramova ilə də Real TV-nin yolları ayrılıb.

"BakuPost" xəbər verir ki, onların müqaviləsi bitib və Real TV rəhbərliyi müqaviləni yeniləməyib. Bunun üçün də işlərinə xitam verilib. Məlumata görə, onlar seçkidə namizəd kimi iştirak etməyə qərar verdikləri vaxt televiziyadakı müqavilələrinə xitam verilib. Seçki prosesi bitdikdən sonra isə müqavilənin vaxtı uzadılmayıb.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ, A.Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairələrindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Tarix: 17-02-2020, 22:55
Xəbəri paylaş





Xəbər lenti