İlham İsmayıl Daxili İşlər Nazirliyini məhkəməyə verəcək


Tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl Nazirlər Kabineti yanında Operativ Qərargahın, “Kapital” Bankın və Dövlət Yol Polisinin mütəşəkkil qaydada koronavirusun sifarişi ilə tərtib etdikləri qadağaların qurbanına çevrilib. Görün İlham İsmayılın başına nə gəlib. Xural.com İlham İsmayılın qarşılaşdığı macəranı onun öz dilindən təqdim edir:

“Daxili İşlər naziri Vilayət Eyvazov cənablarına!

Cənab nazir!

Ölkədəki karantin rejiminə əməl edilməsinə nəzarət səlahiyyətlərinin Daxili İşlər Nazirliyinə tapşırıldığı məlumdur. Köhnə hərbçi kimi karantin rejiminə maksimum əməl edən birisiyəm. Bu gün “Kapital bank”dan telefonuma məktub göndərildi ki, kredit borcunu ödəməlisiniz. Axşam 21.15-də küçələrdə əhali sayı azalanda idarə etdiyim 99 UX 359 avtomobilimlə yaşadığım yerə ən yaxın olan Hüseyn Cavid bağının yanındakı “Kapital bank”ın qarşısında maşını saxlayıb bankomat aparatına pulu ödəyərkən bir Dövlət Yol Polisi – DYP – maşını saxlayıb ad-familiyamı çağırdı (maşının nömrəsindən təyin etmək asandır) və maşından düşmədən pəncərədən qışqırdı ki, karantin rejimini niyə pozursunuz? Mən pulu ödəyib maşına tərəf gələndə isə “200 manat cəriməni ödəyərsiniz”- deyib sürətlə getdi. O qədər sürətlə ki, polis maşının nömrəsini belə götürmək mümkün olmadı.

Cənab nazir!

Mənim kartım olmadığı üçün onlayn ödəmə imkanlarına malik deyiləm. “Kapital bank” da karantin rejimi müddətində gecikdirməni nəzərə alacağı barədə heç bir informasiya yaymayıb. Daxili İşlər Nazirliyi də mənim əlavə kredit faizlərimi ödəyəsi deyil. 200 manat ola bilsin sizin həmin əməkdaşlar üçün kiçik rəqəmdir. Mənim üçün isə çox böyükdür. Əgər perspektivdə sizin əməkdaşlar tərəfindən 02 aprel 2020-ci il tarixdə saat 21.15-də maşın pəncərəsindən elan olunan cərimə mənim ünvanıma gələrsə və ya avtomobilim bu səbəbdən saxlanılarsa, Daxili İşlər Nazirliyini (çünki həmin əməkdaşlar qaçmışdılar) qayda pozduğuna görə məhkəməyə verməyə məcbur olacağımı bəri başdan diqqətinizə çatdırıram.

Əlavə edim ki, Azərbaycan Respublikasının Milli Məclisi Karantin rejimi haqqında Qanun qəbul etməyib.

Hörmətlə:

İlham İsmayıl Polkovnik-leytenant

Qarabağ müharibəsinin veteranı”

 


Tarix: 3-04-2020, 08:42
Xəbəri paylaş





Xəbər lenti