Mətbuat Şurasının əməkdaşı: “Bayıra çıxanların da heç də hamısı küçəyə meymunluq eləmək üçün çıxmır”

 
Koronavirus infeksiyasının tüğyan etdiyi indiki dövrdə həkimlərin, səhiyyə işçilərinin fədakarlıq göstərdiklərinə dair fikirləri qəbul edirəm. Yalnız ona görə ki, prinsipcə onlar malik olduqları potensialdan artıq potensial ortaya qoymalıdırlar və hesab edək ki, ortaya qoyurlar. Dünya ölkələrində də belədir. Deyək ki, həkimlər xəstə intensivliyinə görə çox işlədilər, bilavasitə infeksiyaya yoluxmuş şəxslərlə ünsiyyətdə olduqları üçün özlərini riskə atdılar. Həyatlarını itirənlər də çox oldu. Hər bir halda işlərini gördülər. Razıyam, bu iş cəmiyyətin minnətdarlıq ifadəsinə ehtiyac duyur. Sabah müharibə başlasa, əsgərlərimizə gördükləri işə görə minnətdarlığımızı bildirəcəyik.
 
Bəli, indiki dövrdə digər sahələri çox şişirtmək mənasızdır. Çünki həmin sahələrin bəlli resursları var. Məsələn, koronavirusa görə ölkədə həkim çatışmazlığı ola bilər, amma polis və ya jurnalist çatışmazlığı (əsl jurnalist çatışmazlığı var. Bu, başqa söhbətin mövzusudur) ola bilməz. KİV-lər döşlərinə döyməsinlər ki, biz daha çox işləyirik filan. Bəzi aparıcıların efirdən vətəndaşlara müraciət edib "evdə qal" deyərkən minnətə köklənmələri, gördükləri işin vacibliyini gözə soxmaları yumşaq desəm, tərbiyəsizlikdir!
 
Prinsip etibarilə, həkimlərdən başqa digər peşə sahibləri növbəlilik əsasında işləyirlər. Heç kəs indiyədək gördüyü işdən artıq iş görmür, artıq iş görməsinə ehtiyac yoxdur. Hətta ehtiyac varsa, artıq iş görürsə belə, bu, insanların gözünə soxulmamalıdır!
 
Polislərin əməyini şişirdirlər, amma onlar qədər işləyən digər sahələr də var. Hər bir sahənin təmsilçisi öz vəzifəsini icra edir. Hansı sahələr ki, işləmir, demək ki, dövlətimiz belə məqbul bilib. Heç kəs işlədiyinə görə minnət qoymasın! Heç kəs heç kəsi mənasız yerə fədakar kimi göstərməsin! İyrənc görünür! Konkret nümunələr varsa, göstərilsin, təbliğ edilsin, bu başqa məsələ. Yoxsa ki, polislərimiz küçədədirlər, qoymurlar karantin qaydaları pozulsun tipli şeylərin qabardılması, yalnız boşboğazlıqdır. Polis görməlidir də bu işi, kim görməlidir ki?! İşləməyənlər də öz keflərindən evlərinə qapanmayıblar! İşləmədiyinə görə ac qalanlar var!.. Bayıra çıxanların da heç də hamısı küçəyə meymunluq eləmək üçün çıxmır!..
 
Ümumən cəmiyyətdə hansısa sahənin əlahiddə təqdim edilməsi düzgün deyil. Xüsusən hüquq- mühafizə orqanları və güc strukturlarının. Çünki sonradan bu təqdimatın zərərləri, kimlərinsə sui-istifadələri özünü qabarıq və eybəcər formada göstərir. Biz adətən belə gündə yaxşı nümunələri təbliğ edirik. Etməliyik. Amma yaddan çıxarmayaq ki, məhz bu cür həssas məqamlarda işini bilməyib ortaya düşən polislər də az deyil, digərləri də!..
 
Əlqərəz, heç kəsin heç kəsdən üstün tutulmadığı, hərənin öz işini düzgün gördüyü cəmiyyətimiz olsun. Bəlkə düzgünlüyə, səmimiyyətə ehtiyacı indiyədək indiki qədər heç zaman duymamışıq. Bu, düzəlmək, düzgün olmaq üçün bəlkə də şansımızdır. Allahın yazığı gəlsin, bu şansımız sonuncu olmasın. Çünki bu gedişlə düzəlməyə də bilərik.
 
Əvəz Rüstəmov
 
Mətbuat Şurasının əməkdaşı
Tarix: 4-04-2020, 15:24
Xəbəri paylaş





Xəbər lenti