Karantin qələmləri də "susdurub": Meditasiya edən, uşaqlara nağıl danışan yazarlar - SORĞU

Karantin qələmləri də "susdurub": Meditasiya edən, uşaqlara nağıl danışan yazarlar - SORĞU


Azərbaycanda koronavirus xəstəliyinə daxili yoluxma hallarının qarşısının alınması üçün 5 apreldən etibarən xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyəti qoyulub.

Bu günlərdə hər kəs evdə qalmaqla özünü cəmiyyətdən izolyasiya edir, bu isə alışmadığımız bir haldır.

Maraqlıdır, şairlər, yazıçılar karantində nə edirlər?

“YouTube”da kanal açmışam, uşaqlara nağıl danışıram”

Bu barədə Cebhe.info-ya danışan şair İradə Aytel bildirib ki, bütün günü evdə oturmaq ilk vaxtlar çox çətin idi:

“Gün ərzində ən azı bir saat yürüş edirdim, təcrid günlərində “Evdə qal!” çağırışına riayət etdiyimə görə çox əziyyət çəkdim. Sonra özümə əla bir əyləncəli idman növü tapdım; ritmik musiqi altında dayanmadan bir saat rəqs edirəm. İnanın ki, rəqs etmək saatlarla yürüməkdən daha əyləncəli, nikbin hisslər oyadan, bütün günü evdə oturmaqdan artan kalorini azaltmaq üçün müxtəlif canfəşanlıqdan gözəldir. Bu günlər mənə çoxdandı arzuladığım bir layihəni həyata keçirməyimə şərait yaratdı. “YouTube” sosial şəbəkəsində “Bağça TV” adlı kanal açaraq, uşaqlar üçün videopaylaşımlara start verdim. İlk paylaşımdan layihəm maraqla qarşılandı. Məqsədim Azərbaycanda və ölkəmizdən kənarda yaşayan azyaşlı uşaqlara ölkəmiz barədə ən vacib məlumatları – Dövlət atributlarını, xəritəmizi, təbiətimizi, Milli sərvətlərimizi, musiqimizi və s. çatdırmaq, onlara, oxumağı, saymağı öyrətməkdir. Ümid edirəm, mənim bu layihəm bu günlərdə valideynlərə böyük dəstəkdir. Videoçarxın ikinci hissəsində uşaqlara maraqlı nağıllar danışıram. Nağılsız böyüyən, texnika əsrinin uşaqları üçün maraqlı olacaq bu proyektim bu gün qüsurlarla yayınlanır. Onu da deyim ki, söylədiyim nağıllar bizim oxuculara tanış olmayan nağıllardır. Bu nağılları xarici saytlardan tərcümə edərək söyləyirəm. Montajı bacarmıram, evdə əlavə vəsaitim və çəkiliş üçün vacib olan avadanlıqlarım yoxdur. Amma ümid edirəm ki, gələcəkdə bu çətinliyin də öhdəsindən gələcəm. Bu günlər mənə daha nə verdi; ingiliscəmi yenilədim, tərcümələr edirəm. Kino izləməyə macal tapıram”.

“Kaş, Allahın kasıblara rəhmi gələydi...”

Şairə iş yerlərini və gəlirlərini itirənlər haqqında da öz fikirlərini bildirib:

“Əvvəllər müxtəlif mətbuat orqanlarına yazılar verirdim, kitablar redaktə edirdim... yazı-pozu ilə dolanır, ev kirayəsini, kommunal xidmətlərin pulunu ödəyirdim. İndi mən və mənimkimilər, evində uşaqları çörək gözləyən günəmuzd işləyənlər, kirayədə yaşayanlar nə edəcək, hətta nə edirlər? Bunun sonrasını düşünmək belə istəmirəm.... Onu da deyim, varlılar dəniz sahilindəki, rayonlardakı villalarına çəkiliblər, yemək-içmək də öz yerində. Yenə də olan kasıba olur! Allahın kasıblara rəhmi gələydi, bu günlər tez bitəydi... Şeir yaza bilmirəm. Ümumiyyətlə, yaradıcılıq bu günlərdə dayanıb”.

“Karantin mənəvi intihaba səbəb ola bilər”

Yazıçı Tural Cəfərov (Qanturalı) bildirib ki, karantin günlərində özünü evə təcrid etmək, əlbəttə ki, çətindir:

“Çünki demək olar ki, həftənin 5-6 günü gəzintiyə çıxırdım, işdən sonra kafe və restoranlara gedirdim, ən çox məni sıxan bunları edə bilməməkdir. Digər tərəfdən mənim üçün yaxşı haldır. Özüm üçün yemək bişirirəm, çoxlu filmlərə baxıram, gün ərzində dostlarımla görüntülü danışıram. Deyə bilərəm ki, maraqlı keçir. Karantində olmağımız özümüzü düşünməyimizə, etdiklərimizlə, daxili dünyamızla baş-başa qalmağımıza kömək edir. Düşünürəm, bu imkandan da istifadə etməliyik. Bu ola bilsin ki, mənəvi intibahımızda mühüm bir mərhələ olsun”.

“Gimnastika və meditasiya ilə məşğul olurarm”

Şair Cəlil Cavanşir karantindən öncəki rejimini qorumağa çalışdığını söyləyib:

“Hər gün eyni saatda yatmağa, eyni saatda oyanmağa diqqət edirəm. Gimnastika və meditasiya ilə məşğul oluram. Müəyyən saatlarda oxuyuram, film izləyirəm və həvəsim olanda yazı yazıram. Hərdən yemək bişirirəm. Boş vaxtlarımı isə sosial şəbəkələrdə oluram. Yaradıcılıq hər zaman olduğu kimi davam edir. Karantinin heç bir təsiri yoxdur. Yeganə fərq odur ki, daha çox vaxt ayıra bilirəm”.

“Karantin bir az da uzansa, başladığım hekayə roman olacaq”

Yazıçı Aqşin Yenisey isə yaradıcılığına davam etdiyini bildirib:

“Karantin günlərindən əvvəl gücün mövhumatını yaradan primitiv qaydalara aid bir hekayəyə başlamışdım. Onu yazıram. Belə baxıram, pandemiya bir az uzansa, bu hekayə də uzanıb roman olacaq. Evdə qalmağa gəlincə, bizim ev yaradıcılıq işləri ilə doludur”.

Tünzalə Rüstəm

Tarix: 7-04-2020, 14:24
Xəbəri paylaş





Xəbər lenti