Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz


Çingiz Aytmatovun bacarmadığı, Cəfər Cabbarlının qəbul etdiyi reallıq...

Seymur Əliyev
[email protected]


Koronavirus epidemiyasının bütün dünyada yayılmaqda olduğu bir dönəmdə bu xəstəliyin sadəcə dünyamızın sosial, iqtisadi, siyasi həyatını deyil, bəşəriyyətin dünyagörüşünü, bu günə və gələcəyə yönəlik baxışlarını, hərəkət və davranışlarını da dəyişdirəcəyi ilə bağlı iddialar səslənməkdədir. Nəinki ziyalıların, hətta hadisə və proseslərə daha praqmatik yanaşan siyasilərin də bir qismi hesab edir ki, bəşəriyyətin mövcudluğu faktının nə qədər kövrək olduğunu göstərən koronavirus, öz dəhşəti və ölümcül gücü ilə insan zehnində böyük dəyişikliklərə yol açacaq, onu daha humanist, xeyirxah və dərrakəli edəcək.

Bəs əslində necə? Koronavirusun dünyamıza gətirdiyi ölüm qorxusu bizi daha duyarlı, daha pak, daha düşüncəli və daha mənəviyyatlı edəcəkmi? Həqiqətənmi fiziki məhvinin astanasında dayanan dünya bundan sonra qandan, bədxahlıqdan, maddi hərislikdən əl çəkəcək, şüur etibari ilə yenilənəcək və mahiyyət etibari ilə yeni yaşam yolu müəyyənləşdirəcək?

 

Tarixin güldüyü, təcrübənin qəhqəhə çəkdiyi, şeytanın təəccübləndiyi proqnoz

 

Şübhəsiz, bu suala cavab vermək üçün yaxın tarixə qısaca nəzər salmaq kifayətdir. Son bir əsrdə bir neçə dəfə bir-birindən dəhşətli xəstəliklər, ağır epidemiyalar yaşayan dünya, hər dəfəsində heç nə olmamış kimi yoluna eyni düşüncə tərzi ilə davam etmiş, insan övladı öz hirs, qəzəb, varlanmaq və hakimiyyət ehtirası uğrunda qan və göz yaşı tökməkdən çəkinməmişdir.

 

1918-ci ildə I Dünya Müharibəsi başa çatan zaman, bu gün olduğu kimi çoxları hesab edirdi ki, milyonlarla insana ölüm gətirən bu müharibə bütün cəmiyyətlərdə sülhsevər, tərəqqipərvər, humanist qüvvələrin dominantlığını təmin edəcək, bəşəriyyəti qanlı savaşlardan çəkindirəcəkdir. Lakin bu böyük, “ümumdünya tövbəsinin” elanından cəmi 21 il sonra – 1939-cu ildə “tövbəkar dünya” daha böyük bir müharibəyə - II Dünya Müharibəsinə start verdi. 6 il davam edən bu müharibə ABŞ-dan Uzaq Şərqə, Avropadan Afrikaya qədər onlarla xalqa dəhşətli bədbəxtliklər və məhrumiyyətlər gətirdi. Aclıqdan əziyyət çəkən insanlar küçə itləri və pişiklərinə sahib olmaq, onların ətləri ilə qidalanmaq üçün bir-birləri ilə mübarizəyə başladılar. Və dünya 1945-ci ildə, II Dünya müharibəsindən sonra da dəyişmədi. Bəşər yenə də bir-birindən dəhşətli müharibələrə, soyqırım və talanlara məruz qaldı. İçilən andlar, edilən tövbələr, axıdılan göz yaşları yeni qırğınlara mane ola bilmədi.

Odur ki, post-koronavirus dönəminin dünyaya sülh, əminamanlıq, sosial rifah gətirəcəyi, humanist düşüncə təlqin edəcəyi, insanları mənəvi baxımdan paklaşdıracağı, onları Allaha daha da yaxınlaşdıracağı ilə bağlı deyilənlər absurddur. Bu, tarixin güldüyü, təcrübənin qəhqəhə çəkdiyi, şeytanın insan sadəlövhlüyünə təəccübləndiyi bir proqnozdur. Nə qədər ağır da olsa anlamalıyıq ki, bütün ümidlərimizə rəğmən, bu proqnoz heç vaxt gerçəkləşməyəcək.


Çingiz Aytmatovun bacarmadığı, Cəfər Cabbarlının qəbul etdiyi reallıq...

 

Maraqlıdır, bir-birindən dəhşətli xəstəlik və müharibələrə, ölüm-dirim savaşlarına şahid olan bəşəriyyətin yaşadıqlarına “yox” deyə biməməsi, özü ilə bacarmamasına səbəb nədir?

 

Yəqin ki, bu suala heç kim böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı qədər lakonik və anlamlı cavab verməyib: “Şər insanların fitrətindədir”. Məhz insnaların fitrətində, təbiətində olan, onların bir hissəsini təşkil edən şər onları başqa cür olmağa, öz fitrətlərinin əleyhinə getməyə qoymur. Bəşər məhz bu səbəbdən dəyişə, indikindən daha pis və ya daha yaxşı ola bilmir. Və əslində buna görə - fitrətində, təbiətində olduğu bir şeyə görə bəşəri qınamaq nəinki mənasız, həm də səfehlikdir. Bu, zəhərli olduğu və sancdığı üçün ilana, yaxud əqrəbə irad tutmağa bənzəyər. Hansı ki, bunun axmaqlıq olduğunu izah etməyə ehtiyac yoxdur.

 

İnsanların fitrətindəki bədxahlıq məşhur yazıçı Çingiz Aytmatovun yaradıcılığında da öz əksini tapıb: “Mən insnaların əməlindəki və şüurundakı şərin kökünü kəsmək istəyirəm – mənim dərdim bax budur”.

 

Göründüyü kimi, Ç.Aytmatov insan fitrətindəki şərin kökünü kəsə biləcəyinə inanır, buna səy göstərir. C.Cabbarlı isə reallığı olduğu kimi qəbul edir və dəyişilməsi mümkünsüz olanı dəyişdirməyə səy göstərmir.

 

Odur ki, post-koronavirus dönəminin bəşəriyyətin həyatına işıq və aydınlıq bəxş edəcəyi ilə bağlı deyilənləri sadəcə və sadəcə insanların xoş arzusu kimi qəbul etmək lazımdır. Koronavirus dəhşətinin tam ortasında qəralaşdığımız indiki vaxtda bəzi işbazların maska, spirt və bu kimi qoruyucu məhsulları bir neçə qat baha qiymətə satması, ərzaq malları və taksi xismətlərinin  qiymətindəki kəskin artımlar və s. bu proqnozların həmişəlik proqnoz olaraq qalacağının ən bariz isbatıdır.

 

Ona görə də biz bütün bunları ümumiləşdirərək əminliklə deyə bilərik: Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz, cəhənnəm belə...

 

Seymur ƏLİYEV

Tarix: 8-04-2020, 09:37
Xəbəri paylaş





Xəbər lenti