"Övladlarının sürdüyü “Qalendevagen” qədər dövlət bunlara kömək etməyibmi..?"





“Cənab prezidentin iradəsinin nəticəsində iki həftə müddətində Azərbaycanda maska istehsal edən müəssisə işə başladı və bu da xalqa göstərilən ən yüksək qayğıdır. O cümlədən, spirt problemi də ölkə başçısı tərəfindən həll edildi”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkəmizdə koronavirus pandemiyası ilə bağlı görülən tədbirlər haqda danışarkən deyib. Partiya sədri bütün bunlara ölkə başçısı tərəfindən şəxsən nəzarət olunmasının təqdirəlayiq olduğunu bildirib:

“Ölkə prezidenti cənab İlham Əliyev həmişə millətinin yanındadır, onların qayğısına qalır, bu qədər millətini çox istəyən ikinci bir prezident görməmişəm. Azərbaycanda maska çatışmazlığına görə cənab prezident çox narahat idi, amma əslində bunun mahiyyəti elə böyük bir şey deyildi. Təkcə bizdə yox, Türkiyə, İtaliya kimi böyük dövlətlərdə də maska çatışmazlığı var. Cənab prezidentin iradəsinin nəticəsində iki həftə müddətində Azərbaycanda maska istehsal edən müəssisə işə başladı və bu da xalqa göstərilən ən yüksək qayğıdır. O cümlədən spirt problemi də ölkə başçısı tərəfindən həll edildi. Özünüz də şahidisiniz ki, başqa dövlətlərə nisbətən Azərbaycan koronavirusa yolxuma halları çox aşağıdır və bu da cənab prezidentin ortaya qoyduğu iradəsinin nəticəsidir. Yoxsa ki, bunu bəzi məmurlarn öhdəsinə buraxsaydı, yaxşı nəticə verməyəcəkdi. Prezidentin özü və xanımı bunu şəxsi nəzarətlərinə götürdüklərinə görə Azərbaycan xalqının sağlamlığı və gələcəyi üçün müsbət bir addım atmış oldular. Ona görə də biz bunu alqışlayırıq və ölkə başçısına ona görə təşəkkür edirik ki, ən çətin gündə millətinin yanındadır, onların qayğılarının həll edilməsi istiqamətində gecə-gündüz çalışır. Bunun ardınca, ölkə başçısı insanların evdə qalmasına görə onlara pul vəasaitinin verilməsiylə bağlı göstəriş verdi”.

H.Hacıyev ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamının da təqdirəlayiq olduğunu bildirib: 

“Bununla yanaşı, dövlət başçısının daha bir hümanist addımı onun əfv sərəncamı imzalaması oldu. Hər il prezident tərəfindən əfv sərəncamları imzalanır və məhkumlar bayramlarda, əziz günlərdə ailələrinin yanına qayıdırlar. Bu dəfəki əfv sərəncamında yaşlı məhkumlar da azadlığa buraxıldı ki, onlar koronavirus pandemiyasına yoluxmasınlar. Prezident xalqın yanında olmasını həmişə bu cür addımlarıyla sübut edir. Biz partiya olaraq ölkə başçısının bu cür addımlarını alqışlayırıq”.  

Partiya sədri Koronavirusla Mübarizə Fonduna pul köçürməkdə xəsislik edən məmurları da sərt tənqid edib:

“Yadınıza gəlirsə, bir neçə il öncə Azərbaycanda devalvasiya olanda da çıxış etmişdim və sizin kimi hörmətli media nümayəndələrinin suallarını cavablandırmışdım. Onda da dedim ki, ölkə prezidentinin ətrafında olan insanlar nədənsə onun gördüyü işlərdən nümunə götürmək istəmirlər. Bu gün Koronavirusla Mübarizə Fonduna pul köçürən məmurların siyahısına baxanda xəcalət çəkirəm. Onların milyardları var, nə olardı ki, fonda öz adlarına layiq pul köçürəydilər. Məsələn, Ziya Məmmədov ora 3 min manat pul köçürüb, bu ayıb deyilmi? Bununla yanaşı, digər nazirlər də xəsislik edib. Bunların hərəsi 500, 1000 manat məbləğində pul köçürürlər. Bu gülüncdür, prezidentin verdiyi çörək onların burnundan gəlməlidir. Övladlarının sürdüyü “Qalendevagen” qədər dövlət bunlara kömək etməyibmi? Mən bir daha prezidentinin məmurlar tərəfindən təklənməsini, ona kömək edilməməsinin şahidi oldum. Guya xaricdə villaları, milyardları olan məmurları xalq tanımır? Onların mülklərindən hamının xəbəri var. Ölkə başçısı və xanımı bir illik maaşını fonda köçürdü. Bizim Bakıda binalar tikən iş adamlarımız da var, onlar da fonda köməklik etməli idi. Bütün bunları ürəkağrısıyla qeyd edirəm. Kaş onlar ölkə başçısının bu addımlarından örnək götürəydilər. Düşünürəm ki, cənab prezident vəziyyəti təhlil edərkən bunların hamısını nəzərə almalıdır”. 
Tarix: 8-04-2020, 09:38
Xəbəri paylaş





Xəbər lenti