Azərbaycanda qumar oyunlarının reklamı sürətlə artıb: səbəb və fırıldaqlar FOTOLAR

 

Son günlər sosial şəbəkələrdə onlayn qumar oyunlarının sayı və reklamı kəskin şəkildə artıb. Əsasən də bu mərc oyunlarının reklamı feysbuk sosial şəbəkəsində geniş yayılıb.

Musavat.com mərc oyunlarının geniş şəkildə yayılması, sosial şəbəkələrin qumar oyunlarının reklamına şərait yaratmasının səbəbləri haqda araşdırma aparıb.

Əvvəlcə onu qeyd edək ki, bu cür “online casino oyunları” uzun illərdir müxtəlif mərc oyunlarını həyata keçirən şirkətlərin saytlarında istifadəçilərə təqdim edilir. Amma sosial şəbəkələrdə kütləvi reklam isə son bir ay ərzində geniş vüsət alıb.

Bunun səbəbi mərc oyunlarını təşkil edən saytların, şirkətlərin “qıtlıq” yaşamasıdır. “Qıtlığın” yaranmasına səbəb isə koronavirus pandemiyasından sonra bütün idman yarışlarının təxirə salınmasıdır. Əsasən futbol, voleybol, basketbol və digər idman oyunlarının təxirə salınması işbazların gəlirini, mərc edənlərin oyun seçimini azaldıb. Buna görə də onlar qazanc əldə etmək üçün yeni yollar axtarmağa başlayıblar. Bunun üçün onlayn voleybol, basketbol, futbol oyunları ilə yanaşı kazino oyunlarını da təşkil edirlər.

İşbazlar feysbuku necə aldadır?

Sosial şəbəkələrdə xüsusi ilə də feysbukda qanunsuz qumar, mərc oyunlarının reklamı qadağandır. Amma işbazlar bunun da bir çarəsini tapıblar.

Kazino oyunları reklamlarda “əyləncə oyunları” kimi təqdim edilir. Reklama daxil olduqdan sonra telefonun “play store” bölməsindən həmin mərc oyununu yükləyə bilirsən. Sonra da balansına pul yükləyərək kazino oyunlarına başlaya bilirsən.

Feysbuk “əyləncə oyunları”nı qumar oyunları olduğunu müəyyən etdikdən sonra reklamları silir. Lakin işbazlar kazino oyunlarını müxtəlif adlar və proqramlar vasitəsi ilə yenidən sosial şəbəkələrdə ödənişli reklamlarla daha geniş kütləyə çatdırmağa davam edirlər.

Qumar oyunlarının təşkilatçıları Azərbaycanda olan feysbuk istifadçilərinin diqqətini çəkmək üçün müxtəlif fırıldaqlardan da istifadə edirlər.

Belə fırıldaqlardan biri də tanınmış simaların fotolarından istifadə edilməsidir. Həmin tanınmış simaların da mərc oyunlarının istifadəçisi, qalibi kimi təqdim edərək diqqət çəkməyə çalışırlar.

Bloqer Əlixan Rəcəbov, futbolçu Ruslan Abışov da bu mərc oyunlarının reklamlarının “qurbanlarıdır”. Onların fotolarından istifadə edilərək mərc oyunlarının reklamı aparılsa da hər iki şəxs bunu təkzib ediblər. Məlum olub ki, mərc oyunlarını təşkil edən işbazlar onların sosial şəbəkə hesablarında olan fotolarında icazəsiz olaraq istifadə ediblər.

Bundan başqa sosial şəbəkə izləyicilərinin diqqətini çəkmək üçün saxta bank hesabaları da reklam edilir. İşbazlar müxtəlif bank hesablarına guya qaliblər üçün köçürülmüş minlərlə manatı göstərirlər. Halbuki həmin mesaj və sənədlərin saxta olduğu aydın şəkildə sezilir və bu da qurulan tələnin bir parçasıdır.

 

İlkin Muradov
Musavat.com

   


Tarix: 8-04-2020, 22:59
Xəbəri paylaş





Xəbər lenti