Azərbaycanlı biznesmen gəlirinin 12 faizini Moskva merinə verir

Azərbaycanlı biznesmen gəlirinin 12 faizini Moskva merinə verir

Qod Nisanovun və Zarah İliyevin “Kievskaya Ploşad” şirkəti son bir neçə ildə “Rusiya daşınmaz əmlakının kralları” reytinqinə başçılıq edir. Ötən il bu şirkət bir milyard yarım dollardan çox pul qazanıb. Bu gün bu məbləğ 140 milyard rubla bərabərdir. Rusiyanın fəxri, rus dənizçilərinin şəhəri Sevastopolun bu ilki büdcəsi 61 milyard rubldur.

Reyting.az
xəbər verir ki, bunu “Publiçnaya qazeta” yazıb.

Digər azərbaycanlı iş adamı İlqar Hacıyev və “qanuni oğru” Rövşən Canıyevin də adının hallandığı məqalənin Azərbaycan oxucularına maraqlı olacağını düşündüyümüz üçün təqdim edirik:

Nisanov və İliyev Moskva meriyasının və Sergey Sobyaninin himayədarlığı ilə təkcə paytaxtın inşaat meydaçalarında deyil, onlara məxsus “Moskva”, “Sadovod”, “Food City” bazarlarında da böyük pullar qazanırlar. Bu bazarlarda kriminal həyat qaynayır, fahişəlik çiçəkləyir, kriptovalyuta qazanan qeyri-leqal firmalar fəaliyyət göstərir, kisə-kisə pullar qanunsuz yollarla nağdlaşdırılır.

Hakimiyyətin səhlənkarlığı ucbatından Qod Nisanov və Zarah İliyev Moskvada faktiki olaraq və aşıq-aşkar quldur qanunları ilə yaşayan dövlət içində dövlət yaradıblar.

“Kievskaya Ploşad”ın ən məşhur layihələrindən biri “Olimpiyskiy” idman kompleksidir. Hazırda onun ətrafında hər şeyi söküb-dağıdıblar, fasiləsiz davam edən tikinti işləri yaxınlıqdakı binaların hamısını, demək olar ki, laxladıb. Obyektlərin layihə sənədləri yoxdur, ancaq ilk növbədə mağaza və kafelərin peyda olacağını anlamaq çətin deyil. “Olimpiyskiy” kompleksinin yenidən qurulması bütün mikrorayonun planda nəzərdə tutulan bərpasının tərkib hissəsidir. Planda faktiki olaraq Durov küçəsi ilə Olimpiyskiy prospektinin tinində yerləşməsi nəzərdə tutulan “City”, Yekaterina adına parkın da bir hissəsini zəbt edib. Bu səbəbdən dairəvi xəttə aid “Suvorov” metrostansiyasının tikintisi də dondurulub. Məqsəd balaca bir yerdə hündürlüyü 220 metr olan 5 qüllə ucaltmaq, onları ticarət mərkəzlərinə çevirmək, rayonun bütün həyatını, strukturunu, landşaftını tam olaraq onların fəaliyyətinə uyğun olaraq yenidən formalaşdırmaqdır.

Azərbaycanlı biznesmen gəlirinin 12 faizini Moskva merinə verir
Qod Nisanov

Bunun üçün torpaq sahəsinə istifadə qaydalarına uyğun dəyişiklik etmək, hündürlüyü 80 metrə qədər qaldırmaq lazımdır. Sakinlərin səsini batırmaq üçün ictima dinləmələr böyük pozuntularla müşayiət olunur, tikintidə işləyən fəhlələri kütləvi surətdə bu tədbirlərə cəlb edirlər. Yaxın gələcəkdə Qod Nisanova aid kommersiya obyektlərinin rayonu kütləvi şəkildə bürüməsi gözlənilir.

“Olimpiyskiy” kompleksinin əvvəlki sahibi hüquqşünas Dmitri Şumkov 2015-ci ilin dekabrında müəmmalı şəraitdə intihar etdi. Onun yerini isə çox qəribə şəkildə əvvəllər güc strukturlarında çalışan Tula qubernatorunun qardaşı Artyom Dyumin tutdu. Şumkovun ailəsi hələ də onun Qod Nisanovun “yolunu təmizləmək” məqsədilə öldürüldüyündən danışır. Çünki Şumkovun böyük planları vardı və qətiyyən ölməyə hazırlaşmırdı.

Hazırda Qod Nisanov Moskva vilayəti qubernatoru Andrey Vorobyovun müşaviridir və bu bölgəni əlinə keçirməyə çalışır. Nisanova quldurluq üstündə 9 il həbsdə olmuş “Qarik Mahaçqala” ləqəbli Qavril Yuşvayev kömək edir. Yuşvayev Moskva ətrafındakı Odinsovo rayonunda ən yaxşı torpaqlara sahibdir, adlı-sanlı Rublyovka orada yerləşir.

Nisanovun Moskva ətrafına gəlişi SDI Qrupun rəhbəri, 25 ildir Azərbaycanda, Qazaxıstanda və Türkiyədə uğurlu inşaat işləri görən İlqar Hacıyevin biznesinin zorla ələ keçirilməsi ilə əlamətdar oldu. Öz biznesini 2013-ci ildə Rusiyada da həyata keçirməyə başlayan iş adamının 90-cı illərin quldurcasına zəbtetmə üsulları ilə qarşılaşacağı ağlına da gəlməzdi.

İlqar Hacıyev hələ 2014-cü ildə Qod Nisanovun kürəkəni, biznesmen German Zaxaryayev və onun qardaşı İsay Zaxaryayev ilə şərikinə 70 milyon dollara Moskva vilayətinin Mıtişin dairəsinin Piriqovo qəsəbəsində yaşayış binası tikmək üçün torpaq sahəsi almışdı.

Bu layihə əsasında yaradılmış “Komfortinvest” şirkətinin səhmlərinin 50 faizi Hacıyevə məxsus idi. Zaxaryayevlər isə öz paylarını nominal (formal) mülkiyyətçinin adına rəsmiləşdirmişdilər. Görünür, əvvəldən İlqar Hacıyevə “atmaq” niyyətləri varmış və sonradan belə də ediblər.

İlqar Hacıyevi zorla Zaxaryayevlərin payını almağa və Qod Nisanovun maraqlarını təmsil edən Albert İmanilovu özünə şərik götürməyə məcbur ediblər. Gəlirin 30 faizi Nisanova getməyə başlayıb, ancaq bu da ona azlıq edib.

O təkcə Hacıyevin biznesini tamamilə ələ keçirməyə deyil, həm də onu “Piroqov sahiboyu” layihəsinin payçıları qarşısında pis vəziyyətə qoymağa qərar verib. 2019-cu il yanvarın əvvəlində Nisanovun dayısı (əmisi, xalası, bibisi - tərc.) oğlu Vladislav Yusupovun rəhbərlik etdiyi silahlı adamlar Hacıyevin Kutuzov prospektində yerləşən ofisinə basqın edərək, onun firmasını quldurcasına qəsb ediblər.

Azərbaycanlı biznesmen gəlirinin 12 faizini Moskva merinə verir

Qod Nisanovun əlaltıları tərəfindən daim təhdid olunan İlqar Hacıyev 2019-cu ildə Rusiyanı tərk etməyə məcbur olub. Hazırda iş adamı xaricdən ədaləti, xüsusilə də heç bir günahı olmayan payçıların haqqını bərpa etməyə çalışır. Onlar Moskva meri Sergey Sobyaninin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun və kriminal qruplaşmaların himayə etdiyi Qod Nisanovun acgözlüyünün girovuna çevriliblər.

Qod Nisanovun cinayətkar ünsürlərlə əlaqələri çoxdan bəllidir. Hələ “Çerkizov” bazarının qaçqın sahibi Telman İsmayılov deyirdi ki, Nisanovun “qanuni oğru” Rövşən Canıyevin İstanbulda güllələnərək öldürülməsində əli var. Moskvalı vəkil Elman Paşayev Qod Nisanov tərəfindən hədələndiyini və döydürüldüyünü bildirib. Vəkilə deyiblər ki, bu barədə danışsa, özünü ölmüş bilsin.

“Moskva” Ticarət Mərkəzinin yerləşdiyi dairədə son aylar, demək olar ki, hər gün kütləvi davalar, atışmalar və bıçaqlaşmalar baş verir. Bu toqquşmalar çox zaman qurbanlarla müşayiət olunur. Ticarət Mərkəzi quldurların təsir dairələrinə bölünüb və bu artıq Sergey Sobyaninin özünü də boğaza yığmağa başlayıb.

Biz telefon vasitəsilə İlqar Hacıyevdən Nisanovun Moskva meri Sergey Sobyaninlə əlaqələri, Nisanovun şəhər başçısına hesab verib-verməməsi barədə soruşduq. “Mən şəxsən Sobyaninə pul verməmişəm, – İlqar Hacıyev dedi. – Nisanov firmanın ümumi dövriyyəsindən 12 faiz “Sobyanin üçün” götürürdü. 18 faiz də pulları nağdlaşdırmaq üçün. Pulları o, “Sadovod” bazarı vasitəsilə çıxarırdı.

İlqar Hacıyev həmin pulların bir hissəsini Qod Nisanovun mənimsədiyinə əmindir. Sadə dildə desək, “siçovulluq” edir. O təkcə ağasını yox, şəriklərini də həmişə aldadıb və müntəzəm olaraq onlara pul “atıb”.

Qod Nisanov öz bazarlarında təhlükəsizlik xidmətləri vasitəsilə əməlli-başlı mafioz şəbəkə yaradıb. “Moskva” Ticarət Mərkəzində satıcılar, yükdaşıyanlar və digər personalla bağlı məsələləri adətən “avtoritet” Hoci Samat ayırd edirdi. Nisanovun digər obyektlərinə isə “avtoritet” Hoci Cabbora nəzarət edirdi.

2019-cu ildə bazarlarda axtarışlar aparıldıqdan sonra Nisanov, Xoci Samatı aradan götürdü və müvafiq iş aparıldığı barədə məlumat verdi. Ancaq mahiyyət etibarilə heç nə dəyişmədi. Nisanovun bazarlarında insanlar yenə də müntəzəm olaraq qarət olunur və öldürülür. Heç bir hüquq-mühafizə orqanı da bu mafioz iş adamına qadağa qoya bilmir.

Qod Nisanovun bitkoinlərinin köməyi ilə ölkədən hər gün 3 milyard dollar çıxarılır. FTX əməkdaşları onun bazarlarında axtarış apararkən 2 milyard rubl nağd pul aşkar ediblər. Bu pulları bitkoinə çevirməyə hələ macal tapmayıbmışlar. Nisanov başı üzərindəki qara buludların sıxlaşdığını hiss edir, odur ki, ABŞ-a qaçmaq üçün pulları öz biznes strukturlarından çıxarır. Ancaq maraqlıdır, görəsən orada onu bu cür quldur hərəkətləri və kriminal keçmişi ilə qəbul edəcəklərmi?
Tarix: 11-04-2020, 10:13
Xəbəri paylaş





Xəbər lenti