Karantin rejiminin insanlara sosial və psixoloji təsiri… – EKSPERTLƏRDƏN TÖVSİYƏLƏR

 
Əhməd Qəşəmoğlu: “Belə vəziyyətdə boşanmanın sayı arta bilər”
Əhəd Kazımov: “Neqativ xəbərlərin yayılması doğru deyil”
Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə bağlı karantin tədbirlərinin tətbiqi  dünyada, o cümlədən ölkəmizdə sosial-psixoloji durumu ciddi şəkildə tətikləyir. Nəinki  koronavirusun yayılması, hətta başqa xəstəliklərin də artacağı gözlənilir. Bu baxımdan, durumun sosial-psixoloji dəyərləndirilməsinə ciddi ehtiyac var.
“Bu, psixoloji cəhətdən də xoşa gəlməyən bir vəziyyət yaradır”

Ölkədə sosial-psixoloji durumu dəyərləndirən tanınmış sosioloq Əhməd Qəşəmoğlu Hurriyyet.org-a bildirdi ki, vəziyyət bir tərəfdən çox kədərlidir: “Çünki hər bir insan üçün 3 mühüm xüsusiyyət var: fiziki sağlamlıq, mənəvi zənginlik, biri də əməyə yaradıcı münasibət tələbatıdır. Bu 3 xüsusiyyət insanın həyatında mühüm rol oynayır. İndi koronavirus vaxtında insanlarımızın hər biri evdən çölə çıxa bılmir. Bu, insanlarımızın səhhətində problemlərin yaranmasına rəvac verir. Çünki bir çox, xüsusilə yaşlı insanların (65 yaşdan yuxarı insanlara da evdən çölə çıxmağı qəti məsləhət görmürlər) yaşının elə vaxtıdır ki, açıq havada, piyada gəzməliydi. Bundan məhrum olanda onların fiziki sağlamlağında problemlər yaranacaq. Təbii ki, bir çox xəstəliklərin müəyyən qədər fəallaşmasında rol oynayacaq. Ona görə, bu baxımdan, vəziyyət pisdir. Çünki hamının da həyəti, geniş mənzili yoxdur. Elə yaşlı adamlar var ki, dar bir yerdə yaşayır və orada 10 addım o tərəfə, 10 addım bu tərəfə gəzməyə yer var. Bu, fiziki cəhətdən problem yaradır”.
“Tələbələrimizdə də xoşa gəlməyən bir vəziyyət yaranacaq”
Ə. Qəşəmoğlu vurğuladı ki, karantin rejimi həm də psixoloji cəhətdən xoşa gəlməyən bir vəziyyət yaradır: “Çünki yaşlı adamların əksəriyyəti, elə gənclər də dost-tanışla görüşmək, bir yerdə söhbət etməyə öyrənmişdi. Tələbələrimizdə də xoşa gəlməyən bir vəziyyət yaranacaq. Çünki təhsil mühiti bir başqadır. Evdə oturmaq onları müəyyən qədər passivləşdirəcək, dərsdən soyudacaq. Bu baxımdan, bu da yaxşı deyil. Ondan sonra, insanların bir qrupu üçün çox böyük problem yarandı. Mən bununla bağlı mətbuta dəfələrlə demişəm. Bu, artıq ölkənin də gündəmindədir. Çünki bir qrup insanlarımız var idi ki, onlar hər ay banka kredit ödəyirdirlər, iş qurduqları yerə icarə haqqı, ev kirayəsi verirdilər və ailəni saxlayırdılar. Bu insanlar çox çətin vəziyyətə düşdü. Düzdür, bu insanlara həm dövlət, həm də ictimaiyyət, qohum-qardaş tərəfindən yardım edilir, amma hamıya olunmur, çatmır və yardım olunanlara da bundan psixoloji çətinlik yaranır. Heç kim istəməz axı, özünün qolu-qıçı sağ-salamat olduğu halda, bu vəziyyətə düşsün. Amma digər tərəfdən bunun yaxşı tərəfləri də var. Yaxşı tərəfi odur ki, insanlara sanki dərindən düşünməyə imkan yarandı. Bu vəziyyət insanlarda həyat, dünya, insanlar haqqında onlarda humanist hisslərin müəyyən qədər inkişafına kömək edir”.
“Gərginlik olan evlərdə gərginlik daha da artıb”
Ə. Qəşəmoğlunun sözlərinə görə, bu vəziyyət başqa ölkədə boşanma hallarının sayının artmasına səbəb olur: “Bizim ölkədə belə bir vəziyyət 50-100 il qabaq boşanmaya səbəb olmaya bilərdi. Amma indi bizdə də ola bilər. Niyə? Statistika göstərir ki, hər 100 evlənəndən 28-ə qədəri boşanıb. Əgər 28-i boşanırsa, aydındır ki, evdə gərginlik var idi. Bu gərginliyin hesabınadır ki, evlənənlərin üçdə biri boşanıb. İndi evdə bir yerdə qalmağa məhkum olanda bu evlərdə gərginlik daha da artıb. Gərginlik artanda münasibətlər daha çılpaqlığı ilə üzə çıxır. Həmişə deyirlər ki, filan kişi arvadını döydü. Ortada gərginlik olduğu üçün bunlar biri-birinə qarşı sanki mübarizə aparırlar. Qadının daha çox dili gücünə çatır. Ərinə ağzından nə çıxır, deyir. Ərinə qarşı psixoloji zərbələr vurur. Ərin də gücü daha çox fiziki gücdür. Qalxır bir yumruq vurur, axırda da bıçaq və başqa nəsə vurur. Ona görə, bəli, belə bir vəziyyətdə boşanmanın sayı arta bilər. Çünki evlərdə gərgin münasibət daha çılpaqlığı ilə üzə çıxa bilər. Amma bir faktor bu işə kömək edə bilər. O faktor da dediyim o mənəvi düşünməkdir. Qabaqlar sərbəst olanda ərin macəralara başı qarışırdı, onunla, bununla əlaqəsi vardı.  Qadın da daha çox sərbəst idi, internetdə mesajlaşırdı və bunun nəticəsində aralarında soyuqluq da var idi. İndi o dediyim mənəvi faktor kömək edə bilər ki, bu ailələrdə isinişmə artsın. Allah eləsin ki, bizim ölkədə o faktor daha çox rol oynasın. Konkret olaraq bizdə  boşanma Çindəki kimi çox olmayacaq, amma müəyyən qədər arta bilər”.
“Karantin o demək deyil ki, sən bütün günü yatmalısan”

Sosial psixoloq Əhəd Kazımov isə dedi ki, bu karantin müddətində insan daha çox müsbət fikirləri düşünməlidir:“Rejimə əməl etməlisən. Karantin o demək deyil ki, sən bütün günü yatmalısan. İnsan elə fikirləşməlidir, yenə işə gedir. Səhər iş vaxtı  oyanmaq, sonra kitab oxumaq, təmizlik işləri görmək lazımdır. İnsanlar düşünməlidir ki, bu qısa müddətlidir, bitəcək. Buna yaxşı mənada ciddi yanaşmalıdır. Depressiyada olmaq, bütün günü yatmaq, telefonla danışmaq heç bir xeyir verməyəcək. Ona görə, insanlara tövsiyyə etmək istəyirəm ki, bu problemlərə pozitiv yanaşsınlar. İnsan düşünməlidir ki, keçmişdə nə qədər problemlər olub. Fikiləşməlidir k, bu müharibə, fəlakət deyi, bu, adi bir karantin rejimidir. Sən hətta 2 saat evdən çıxa bilərsən. Ona görə, düşünürəm ki, depressiyaya hər hansı bir səbəb yoxdur. Sadəcə, vaxtlarını səmərəli istifadə etsinlər. Bəz insanlar sosial şəbəkələrdə depressiv ruhda status yazırlar, bunu böyük problem kimi qarşılayırlar, amma bu karantin müddətinə pozitiv yanaşmaq lazımdır”.
“QHT Şurası məhz bu psixoloji durumla bağlı bir fəaliyyət planlaşdırır”
Ə. Kazımov qeyd etdi ki, keçən həftə QHT Şurası bir video konfrans keçirdi: “Orada qeyri-hökumət təşilatlarının nümayəndəsi iştirak etmişdi. Həm də ora 3 ekspert-psixoloq dəvət ediblər. Orada psixoloqlar yaxşı tövsiyyələr verib. Mən belə başa düşdüm ki, QHT-lər bu sahədə fəaliyyət göstərəcəklər. Bilirəm ki, QHT Şurası məhz bu psixoloji durumla bağlı bir fəaliyyət planlaşdırır. Konkret hansı planları həyata keçirəcəklər, məlumatım yoxdur, amma bilirəm ki, belə bir fəaliyyət planı var və bu barədə müzakirə ediblər”.
“Daha uğurlu, nüfuzlu insanlar sosial şəbəkələrdə pozitiv mesajlar verməlidir”
Ə. Kazımov onu da nəzərə çatdrıdı ki, televiziyalarda  artıq ruhlandırıcı sosial çarxlar, rolikləri görür: “Təzəlikcə Cabir İmanov nəsə edib, hətta Mili Məclisin əməkdaşları həkimlərə aid rolik hazırlayblar. Nüfuzlu, şou biznes aləmindəki insanların da nəsə təşəbbüsləri var. Düşünürəm ki, daha uğurlu, nüfuzlu insanlar sosial şəbəkələrdə pozitiv mesajlar verməlidir. Neqativ xəbərlərin yayılması doğru deyil. Çalışıb yaxşı bir xəbər paylaşmaq lazımdır”.
Tarix: 13-04-2020, 21:08
Xəbəri paylaş





Xəbər lenti