Növbəti reaksiya Lvovdan gəldi: “Qalmağa yerimiz, yeməyə ərzaqımız yoxdur. Heç kim yalan danışmasın!”



“Salam, Xarkov şəhərindən paylaşdığınız yazını oxuduq. Vüsal bəyin söylədikləri tamamilə doğrudur. Diaspor Təşkilatlarından yalnız qism insanlara yardım olunub; həm yerlə, həm də ərzaqla təminat baxımından. Şəxsən bizə 800 qrivna (hardasa 50 manat) dəyərində vəsait paylayıblar. Bu isə 2 günə ancaq çatır”.
Ovqat.com xəbər verir ki, Ukraynanın Lvov şəhərindən redaksiyamıza göndərilən məktubda belə deyilir.
Elvin Rəsulov adlı şəxsin e-mail adresindən göndərilən məktubda tamamilə doğru söylədiyi iddia edilən adam isə ötən gün saytımıza açıqlama verən Vüsal Əzizovdur. Xarkov şəhərində 20 gündür çarəsiz vəziyyətdə qalan Vüsal Əzizov Diasporla İş üzrə Dövlət Komitəsinin özünü reklam məqsədilə ictimaiyyətə yalan məlumat verdiyini bildirərək demişdi: “Diasporla İş üzrə Dövlət Komitəsindən isə heç bir dəstək ala bilməmişik. Dəfələrlə pasportlarımızın şəkilini, ad-familiyamızı Dövlət Komitəsinin xeyir-duasıyla Ukraynada yaradılmış Operativ Qərargaha göndərmişik. Hər dəfə də cavab veriblər ki, Azərbaycandan yardım gəlməyib. Amma çıxıb televizora boş-boş deyirlər ki, nə lazımdır edirik. Yalan danışmaq lazım deyil, bizə heç bir yardım edilməyib. Bizi indiyə qədər Şərur otelin müdiri öz maliyyəsi ilə saxlayır və ona dövlət tərəfindən heç bir yardım edilmir”.



Elvin Rəsulov da onun iddialarını bölüşərək bildirir ki, hazırda Lvov ətraf şəhərlərdə 80-ə yaxın vətəndaş eyni vəziyyətdədir. Bir aya yaxındır ki, Azərbaycan dövlətinin onlara sahib çıxacaqlarını gözləyə-gözləyə qalıblar: “Aramızda qalmağa yeri olmayanlar, kafelərdə gecələyənlər var. Bəzilərimiz gündəlik ev kirayələmişik. Gün keçdikcə, bizim də borclarımız artır. Bəzilərinin ümumiyyətlə yeməyə ərzaqları belə yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsi isə yalandan məlumat verərək bizə yardım edildiyini deyir. Halbuki burdakı diaspor təşkilatları dövlət tərəfindən heç bir vəsaitin ayrılmadığını, bizə ilk günlər göstərilən cüzi yardımların öz şəxsi vəsaitləri hesabına olduğunu deyirlər və əlavə edirlər ki, artıq vəsaitimiz tükənib”. 
Halbuki 20 gün öncə Diaspora Komitəsinin Lvovdakı nümayəndəsi Şəhriyar bəy şəxsən onlarla əlaqə saxlayıb nəyə ehtiyacları olduğu ilə maraqlanıb və tələblərini qeydə alıb.
“Şəhriyar bəy bizə söyləmişdi ki, dövlət tərəfindən yardım ayrılıb, hər kəsə gündəlik xərclər üçün 10 ABŞ dolları kirayə haqqı veriləcək. Nəticədə isə bizə ötən həftə cəmi 800 qrivna verdilər. Dedilər ki, bu birdəfəlik yardımdır”,-şikayətçi məktubunda belə yazır.
Elvin Rəsulovun yazdığından belə çıxır ki,  Ukraynadakı azərbaycanlılar Allahın ümidinə buraxılıb. Onların sığınmağa yerləri, yeməyə çörəkləri belə yoxdur.



Telefon əlaqəsi saxladığımız digər həmyerlilərimiz də bu iddiaları təsdiqlədilər. Onların da sözlərinə görə, müraciətlərinə nə diaspora təşkilatları, nə də səfirlik cavab verir. Əvəzində isə hər qurum çətin vəziyyətdə qalan azərbaycanlılara göstərdikləri dəstəkdən dəm vurur, bol kisədən atırlar. Bu yaxınlarda Ukraynadakı səfirliyimizin müvəqqəti işlər vəkili Vüsal Süleymanov da telekanalların birinə verdiyi müsahibəsində sübut etmişdi ki, o, yaxşı nağıl uydurmaq bacarığında Diaspora Komitəsindən heç də geri qalmır. İstərsəniz, gəlin, Ukrayna “həqiqətlərini” bir də onun dilindən dinləyək:



Bəs görəsən kim doğru danışır? Ümidvarıq ki, təzə səfir bu suala aydınlıq gətirəcək. Təbii ki, gedib Ukraynaya çıxa bilsə.
Tarix: 14-04-2020, 09:32
Xəbəri paylaş





Xəbər lenti