Dələduzlar at oynadır

Bəxtiyar Hacıyev

Həyatda nifrət etdiyim 2-3 insan tipi varsa, biri dəqiq dələduzlardır. Başqalarının illərlə işləyib, əziyyətlə qazandıqlarını onların etibarlarından sui-istifadə edərək mənimsəyən, rahat yeyən adamlar. Azərbaycanda qanunvericilikdə boşluqlar o qədərdir ki, dələduzların sayı sürətlə artır, artıq insanlar bir-birinə inanıb, borc da vermək istəmir.

Hətta o qədər rahatlaşıblar ki, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva adından da dələduzluq edirlər və hüquq-mühafizə orqanları dələduzları cəzalandırmaq əvəzinə zərərçəkəni qorxuzdurur.

Deməli, vətəndaş Emil Bodurova tələbə yoldaşı deyir ki, 55000 AZN pul ver, dostum Mehriban Əliyevanın və H.Əliyev Fondunun işlərini görür, sənə mənzil alaq. Emil bəy öz yaşadıqları evi NBCBankda girov qoyaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Protez-Ortopedik Bərpa Mərkəzinin baş həkimi Şəmsəddin Xudaverdiyevin oğluna pulu verir. Hər dəfə evi soruşanda ona “Mehriban xanımla danışmışıq, prezident xaricdə səfərdədir, qayıtsın, həll ediləcək” filan deyilib. Guya, Prezident qarşısında çıxış edəcəklər, 10 000 manat vətəndaş Fonda verir, Fond da vətəndaşa yardım adı ilə geri qaytarır.

İndi də vətəndaş qalıb “Bandotdel”, Korrupsiyaya qarşı mübarizə idarəsi, Ağır Cinayətlər Məhkəməsi arasında. Digər yerlərdə baxmırlar, qorxudurlar, məhkəmədə isə vətəndaşı zərərçəkən yox, şahid kimi salıbar. Müstəntiq Vüqar Məmmədzadə zərərçəkənə deyib ki, sən rüşvət vermisən, rüşvət kimi sənədləşdirərik. Pulu yeyənlər isə Sea-Breeze oteldə pulu qızlara necə xərclədiklərini danışıblar.

Vətəndaş isə 11 ildir yataq xəstəsi olan anası, ürək xəstəsi olan övladı ilə ağır şəraitli evdə qalır. O ev ki, bankda girovdadır və bank artıq onları bu evdən də çıxarmağa hazırlaşır.

Məncə, birinci növbədə bütün dələduzluq hallarının qarşısının alınması üçün qanunvericilikdə çox ciddi dəyişikliklər olmalı, sərtləşməlidir bu əməllərə görə cəzalar. İkincisi, əgər M.Əliyeva adından və H.Əliyev Fondundan istifadə edilib, vətəndaşa qarşı dələduzluq törədilirsə və vətəndaş iki xəstə ailə üzvü ilə küçədə qalmaq təhlükəsi ilə üzləşibsə, Fond bu məsələyə reaksiya verməli, vətəndaşla əlaqə saxlayıb, onu bu ağır durumdan çıxarmağa kömək etməlidir.

Tarix: 30-04-2020, 14:23
Xəbəri paylaş





Xəbər lenti