Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevaya MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevaya MÜRACİƏT


Hörmətli Mehriban xanım!

Polis mayoru Qarabağ müharibəsi veteranı ərim Kazımov Qılman İbrahim oğlu xidmətdə olarkən 2003-cü ildə xəstəlikdən vəfat etdiyindən onun 800 manat məbləğində olan aylıq pul təminatının 35 faizi məbləğində mənə ailə başçısını itirməyə görə 280 manat pensiya təyin edilmişdir.Ölkə Prezidentinin humanizimi sayəsində bu pensiya məbləği 01.07.2017-ci ildən 80 faizə qaldırılmışdır.

Lakin DSMF rəhbərliyi himayəmdə 3 uşağım və 3 azyaşlı nəvəm olmasına baxmayaraq 2-qrup əlil kimi məni bu humanizm qayğılarından məhrum edərək həmin artımı indiyədək mənə verməmişlər. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, onun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsəm də heç bir nəticəsi olmamışdır. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində olmuşam və 2 il məhkəmələrdə süründürüldükdən sonra haqlı olduğumu sübut etsəm də, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarını da icra etmirlər.

Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2210/2019 saylı, 26 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 01.07.2017-ci il tarixdən iddiaçı kimi mənə ailə başçısını itirməyə görə mərhum ərimin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göstərilən qərardan qarşı tərəf əsassız olaraq apellyasiya şikayəti və kassasiya şikayəti versə də, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2321/2019 saylı, 02.10.2019-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-377/2020 saylı, 04.02.2020-ci il tarixli qərarları ilə qüvvəsində qalmışdır. Buna baxmayaraq 01.07.2017-ci ildən 01 aprel 2020-ci ilədək verilməli olan 15 000 manata yaxın pensiya pulunun mənə verilməsi təmin olunmamışdır. Bu pulun mənə tam şəkildə birdəfəyə verilməsi üçün Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 16.03.2020-ci il tarixdə ərizə ilə müraciət etməyimə baxmayaraq buna məhəl qoyulmamış,ümumiyyətlə müraciətimə cavab belə verilməmişdir.

Ona görə də ədalətinizə sığınaraq son ümid yeri kimi 30.03.2020-ci il tarixli, 896159 saylı təcili teleqramla Sizə müraciət etmişəm ki, ölkə rəhbərini,onun imzaladığı qanunları saymayb özbaşınalıq edən DSMF-nin aidiyyatı vəzifəli şəxslərinin barəsində ciddi qanuni tədbir görülməsinə, həmçinin pensiyamın yenidən hesablanaraq indiyədək verilməyən pensiya artımını tam məbləğdə bir dəfəyə mənə verilməsinə göstəriş verəsiniz. Lakin Sizə müraciətimə heç bir cavab verilməmiş, heç bir nəticəsi olmamışdır. Düşünürəm ki, mənim teleqramım sizə məruzə edilməyərək gizlədilmişdir. Bu səbəbdə də sizə mətbuat vasitəsi ilə açıq müraciət etmək qərarına gəlirəm.

Hörmətli Mehriban xanım! Adından bəlli olduğu kimi əhalinin sosial qayğısına qalıb ona qanunlarla müəyyən edilən maddi yardımı göstərməli olan Dövlət Sosial Müdafiə Nazirliyi özü məni dövlətin bu yardımından məhrum edir.

Cənab Prezidentin imzaladığı qanunla müəyyən edilən bu yardımı niyə mən məhkəmə yolu ilə əldə etməliyəm!? 33 ay müddətində məni,ailəmi bu yardımdan məhrum etdiyinə görə bizdən üzr istəyib məhkəmə qərarını dərhal icra etmək əvəzinə yenə də bizi süründürür, məhkəmə qərarlarını icra etmir. Bu özbaşınalıq hardan qaynaqlanır, bu nazirliyin rəhbərliyi,aidiyyatı vəzifəli şəxsləri kimə,nəyə güvənib qanunları,məhkəmə qərarlarını icra etməkdən boyun qaçırırlar!

Cənab Prezidentimiz dəfələrlə elan edib ki, hansı vəzifəli şəxslər yerlərdə sizi eşitməsə,açıq aşikar qanunları pozarsa mənə müraciət edin. Mən də Sizə müraciət etmişəm və yenə edirəm. Ümüdvaram ki,bu müraciətim də əvvəlki teleqramım kimi nəticəsiz qalmayacaq.

Siam.az

Tarix: 1-05-2020, 21:18
Xəbəri paylaş





Xəbər lenti