"Biabırçı haldır ki, belə söhbətlər bütün rayonlarda, kəndlərdə hamını narahat edir..."






“Biabırçı haldır ki, belə söhbətlər bütün rayonlarda, kəndlərdə gedir, hamını narahat edir, düşündürür. Gəlin, bu söhbətləri necə deyərlər, bir az "xırdalayaq", görək nəticədə nə alınır?”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı rayonda yerli məmurların fəaliyyətini tənqid edərək bildirib ki, onlar insanların qayğılarıyla maraqlanmırlar:

“Aşkarlıqdan danışırıq, gəlin, açıq danışaq, görək, rayonlarda, kəndlərdə nə var, nə yox? Bir dəfə Azərbaycanda bir kəndə getmişdim. Axşamlar kənd adamları bir yerə yığışıb "dərdləşirdilər". Mən də bu "dərdləşmədə" iştirak edirdim. Ağsaqqallardan biri soruşdu: 

- A bala, siz oxumuşsunuz, biz oxumamışlarıq. Bəlkə deyəsiniz, bizim vəziyyətimiz nə vaxt yaxşılaşacaq? Peşman oldum, soruşdum ki, "nə olub sizin vəziyyətinizə?" Əvvəlcə təəccüblə üzümə baxdılar, sonra hərə bir ittiham irəli sürdü: 

- Guya bilmirsiniz? Günümüz yox, -güzəranımız yox! -- Ev tikdirməkdən ötrü torpaq sahəsi almaq üçün dəridən-qabıqdan çıxırıq... --Gənclər işləməyə yer tapmırlar. Süpürgəçi işinə düzəlmək üçün də səndən nəsə umurlar.

- Oturmusunuz şəhərdə, heç nədən xəbəriniz yoxdur. Nə icra başçısını tanıyırsınız, nə prokuroru, nə də polisi. Burada isə onları tanımayan yoxdur. Guya onlardan başqa rayonda adam yaşamır...

- Mağazalarda özbaşınalıqdır. Hər şeyi ikiqat, üçqat qiymətinə satırlar. 

- Mal, toyuq-cücə saxlamağa nə yer var, nə yem. Belə isə kənddə hansı mədəniyyətdən, hansı xoş güzərandan danışmaq olar? Biabırçı haldır ki, belə söhbətlər bütün rayonlarda, kəndlərdə gedir, hamını narahat edir, düşündürür. Gəlin, bu söhbətləri necə deyərlər, bir az "xırdalayaq", görək nəticədə nə alınır? Əgər, kənddə yaşayan gəncə torpaq sahəsi verilmirsə, o necə ev tiksin, necə evlənsin, necə əkib-biçsin? Əgər gənc işləməyə yer tapmırsa, özünü və ailəsini necə dolandırsın? Əgər camaat adi serjantın hədə-qorxusuna məruz qalırsa, öz şəxsiyyəti barədə necə düşünsün? Mağazalarda illərlə davam edən əliəyrilik, bahaçılıq düzəlmirsə, insanlar buna neyləsin? Əgər kəndlinin heyvan, quş saxlamağa imkanı yoxsa, özünü ərzaqla necə təmin etsin, şəhərə nə göndərsin? Kənddə klub, kitabxana, hamam, uşaq bağçası yoxsa, kəndli həyatını necə yünğülləşdirsin? Axı, şəhərdə bunların hamısı var! Belə isə gənci kəndə, ibarəli sözlərlə deyildiyi kimi, "torpağa bağlayan" nə var? Əgər kənd üçün, torpaq üçün "burnumuzun ucu göynəyirsə," ay şəhərdə yaşayan kəndlilər, gəlin, iş-gücümüzü ataq, gedək kəndə, əl-ələ verək, əkib-becərək! Qoy yazıb-yaradanlar da öz əsərlərini ya kənddən göndərib çap etdirsinlər, ya da kənddə nəşriyyat, mətbəə yaratsınlar. Əgər bu mümkün deyilsə, mənasız danışıqlarla, yazılarla kimə nəsihət veririk, kimi inandırmaq istəyirik? Şəxsən mən kəndə gedəndə dincəlirəm, gərginliyim azalır, təmiz ürəkli, zəhmətkeş adamlarla rastlaşanda saflaşıram, durulaşıram. Amma bu hal müvəqqəti olur, bir neçə gündən sonra şəhərə qayıtmaq istəyirəm. Çünki palçıqlı kənd yolları məni yorur. Bir yerə getmək üçün saatlarla avtobus gözləməkdən bezirəm, külək olanda duman kimi göyə qalxan tozdan boğuluram. Ürəyimdən konsertə, teatra getmək keçir, gündəlik mətbuatla tanış olmaq "aclığı" hiss edirəm. Axı, biz insanıq, bir ömür yaşayırıq, ürəyimiz, hisslərimiz, emosiyalarımız var. Gərək kəndlərdəki əyər-əskikləri rayon rəhbərləri düzəltsinlər. Rayon rəhbərləri onlara aid olan adi işləri belə görmür. Hər il nə qədər gənc universitetləri, texnikumları bitirib rayonlara qayıdır. Onların çoxuna elə üz göstərirlər ki, yazıqlar (belə demək mümkünsə) o gedən gedirlər. Hara? Əlbəttə, böyük şəhərlərə iş axtarmağa! Yəqin ki, bizim "təbliğatçılar" deyəcəklər: "Haqq var, ədalət var, qayda-qanun var, mübarizə apar." Bəs qurub-yaratmaq arzusu ilə rayona gələn gənc öz haqqını tələb edənə kimi aylar, illər keçirsə, arzusu, həvəsi daşa dəyib çiliklənirsə, onda necə? Qayda-qanunu bərpa etmək olar, küsmüş ürəyi necə bərpa edəsən? Lakin mən bütün bunları qeyd etməklə kəndlərimizin inkişafını, sosial-iqtisadi sahənin tamamilə unudulduğunu, ümumiyyətlə kəndlərdə süstlüyün, ətalətin hökm sürdüyünü nəzərə çatdırmaq fikrindən çox uzağam. Bizim gözəl, adlı-sanlı kəndlərimiz var və harda yaşamağımızdan asılı olmayaraq, hamımız o kəndlərlə fəxr edirik. 

Bəzi rayonların icra nümayəndələri öz rayonlarında, həmin rayonların kəndlərində inkişafa, tərəqqiyə nail olmaq üçün çalışmaq əvəzinə, özlərini "kiçik padşahlar" kimi aparır, hər gün haradansa, kimdənsə pul qoparmaq üçün olmazın pis əməllərlə məşğul olur, rüşvət almağı bir peşəyə çevirir, müxtəlif cinayətlər törədirlər, axırda da şərəfsizcəsinə vəzifələrindən ayrılırlar! Mən uzun illər müşahidə etmişəm, rayonların, kəndlərin əhalisi onlara rəhbərlik edənlərdən həmişə şikayət edirlər. Sizi rəhbər vəzifələrə göndərirlər ki, gedib camaatın başına oyun açasınız? Bilirsiniz, rayonlarda, kəndlərdə sizdən qat-qat ləyaqətli nə qədər insanlar var? Onlardan niyə utanıb-çəkinmirsiniz? Ölkə rəhbəri vəzifəyə təyin etdiyi adamlarla söhbət aparır, xalqa xidmət naminə tapşırıqlar verir. Budur sizlərə göstərilən inamın, etibarın, etimadın nəticəsi? Bilirsiniz, sizin əvəzinizə təmiz insanlar xəcalət çəkirlər! Məni isə düşündürən bir məsələ var: Belə kadrları kimlər tapıb, cənab Prezidentə təqdim edir? Sonra da uzun müddət onlara "krişalıq" edirlər! Hamının yekdil fikri var: Bu "krişalar" mütləq sökülməlidir. Ölkədə vəzifələrə təyin etmək üçün çox ləyaqətli, bacarıqlı, savadlı insanlar var. Bir vəzifəli şəxs işlədiyi 40 günün tamamında rəhbərlikdən töhmət alırsa, onun rayonda nə hörməti ola bilər? Ümumiyyətlə, “gənc” adlandırdığımız adamlar böyük bir rayona necə “ağsaqqalıq” edə bilər?”

Tarix: 2-05-2020, 17:42
Xəbəri paylaş





Xəbər lenti