İcra başçısının beş min manatlıq kəməri və kasıbın 1700 manatlıq ayfonu

 

Klişe kimi səslənsə də, deyəcəm. Bəli, bu karantin günlərindən ellikcə, kainatca xeyli dərslər çıxara bildik. İnsanlar öz içinə qapandı, bir az daxili dünyalarına baş vurdular-filan, onunla işim yox. Amma bu geyim mağazaları, kafe-restoranlar, gözəllik salonları, əyləncə mərkəzləri, Malların qapısına qıfıl vurulan kimi gerçək həyat başladı sanki. Meşşanlığa gedən yolda qocaman, iri daşlar...

İnsanımız nə öyrəndi, bilirsizmi? Qadınlarımız öyrəndi ki, sən demə, həftə səkkiz-mən doqquz geyim mağazalarında lövbər salmaq, bir-birindən ikicə ton fərqlənən əlbisələri almaq xoşbəxtlik gətirmirmiş. Gözucu evdəki qarderoba bir nəzər salsalar, ordan nə gözəlliklər çıxacaqmış. Gözəllik salonlarında keçirilən saatlar da çifayda imiş. Dünyanın elə vaxtıdır ki, indi hər şey youtube kanalının bir düyməsinin əmrindədir. Aç, bax, öyrən – özün ən yaxşı saç ustası, dərzi, aşbazsan... Həftə sonları, ya da az qala hər axşam restoranlarda ofisiantlara sifariş vermək də xoşbəxtliyin açarı deyilmiş. Yəni, evdə də, ailə ilə şam, nahar süfrələri arxasında oturanda insan xoşbəxt ola bilirmiş. Maliyyəti 1 manat belə olmayan salata 13 manat ödəyəndə heç də qlamur görünmürsənmiş. Ya da evdə yarım saata hazırlaya biləcəyin keksin çayla birlikdə masaya gətirilişini 40 dəqiqə gözləyib, sonra ona maya dəyərindən 10 dəfə artıq pul vermək rahatlıq gətirmirmiş. Düşünün, evdə 4 nəfərlik ailə üçün maya dəyəri 2 manata belə çatmayan keks, piroq, pitsa hazırlayırsan və onu nuşi canla bir gün ərzində yeyirsən. Amma bu sadaladıqlarımın bir nəfər üçün kafe-restoranda maliyyəsi 10 manatdan ucuz başa gəlmir. Bu günə qədər belə ağısızlıq etməyimizin məntiqi izahı varmı sizdə? Bunun adı meşşanlıq deyil də, nədir?(Mən demirəm, kafe-restoranları tamamən boykot edək. Mən deyirəm ki, bunu həyat tərzinə çevirməyək və çevirib də sonra pulsuzluqdan şikayətlənməyək-müəllif) Bu, ailə büdcəsini istismar etməkdən nə ilə fərqlənir? Hər birimizin başımızın üstünə bir qara maskalı gəlməlidir, bu gedişlə. Onlar yoxlamalıdır bizim hər birimizi – ailə büdcəsini viran qoymağımızın hesabatı aparılmalıdır. Meşşanlıq edib, müftəxorluq edib, maaşımızı, qazancımızı bunca talan etdiyimizə görə hər birimizi kameraya çəkib, sonra da ürək sözlərimizi dinləməlidilər. “Vicdan əzabı çəkirik” deməliyik hər birimiz...

Mən zarafat etmirəm, virus bizə necə yaşamaq lazım gəldiyini göstərdi. Bir boşqab yeməyə 25-30 manat verdiyiniz restoranlarda oturanda bizdən bir küçə aşağıda yaşayan insanın elə həmin dəyərdə bir həftəlik bazarlıq edə biləcəyinizdən xəbəriniz var idimi? Yardımlaşma zamanı öyrəndinizmi? Öyrəndiniz. Mağazalara getdiz, ərzaqlar aldız, ailə-ailə böldüz, torbalara yerləşdirdiz və o zaman anladız. Bəli, klişe də olsa belədir, insanların 10 gün keçinə biləcəyi pulu hər Allahın günü bir boşqab yeməyə verib, sonra ordan selfi çəkdirib, “dostumla axşam keyfi” yazmaq deyilmiş yaşamaq. Bu, insanın öz əməyinə tüpürməsidir ən azı... Ən çoxu? Onu da siz deyin, köşədə qeyri-etik ifadələr yazmaq redaksiya qaydalarına ziddir.

Elə bilirsiz, karantin dərs oldu? Yox. O gün karantin rejimi yumşaldıldı və yeni şərtlər elan edildi. Məlum oldu ki, paytaxtda kafe-restoranların fəaliyyəti bərpa edilməsə də, bölgələrdə qadağa götürülüb. Bütün yeyib-içən oğlanlar-qızlar dərhal B planı qurmağa başladılar ki, görəsən restorana getmək üçün hansı rayonu seçək? Təbii ki, paytaxtdan rayonlara getmək mümkün olsa da, ordan qayıdış mümkün deyil – bu, bir. İkincisi, burdan bir qarın yemək üçün minimum 200 kilometr qət etmək çox ciddi problemlərdən xəbər verir ki, buna heç bir vaksin yardım edə bilməz.


Hələ bunlar azmış kimi o gün də həbs olunan Biləsuvar icra başçısı Mahir Quliyev bahalı geyim həvəskarı olduğu üzə çıxdı. Adam həbs olunan gün brend bir kəmər taxıbmış ki, onun da qiyməti nə az, nə çox 4760 manat imiş. O zaman mən də soruşuram: aylıq məvacibi 500 manat olduğu halda 1700 manatlıq Ayfon telefonu gəzdirən kasıbla Mahir Quliyev arasındakı fərq nədir? Soruşsan, o kasıb da həmin telefonun bütün funksiyalarını bilmir, anlayışı belə yoxdur, ehtiyacı isə heç yoxdur. Amma hava atmaq üçün boğazından, əynindən-başından kəsir, kreditə girir və sair. Adambaşına 50 manatlıq menyu ilə toy edir, toyun sonunda da restorana borclu qalıb, bəyi girov qoyuruq. Gəlinə nisyə qızıl komplekt alıb, sonra da onun pulunu toyda çıxarmaq üçün əsgərlik dostunuzun bibisi qızının ərini ora dəvət edirik. Anti yaşamaq adına nə mümkünsə, onu edirik, fərqindəsizmi? Əgər içində meşşanlıq varsa, daxilində acgöz bir kişi(qadın) lövbər salıbsa, sənin nəyi necə qazanmağının heç bir əhəmiyyəti yoxdur. Sən onu bütün hallarda sovuracaqsan. Sadəcə bir fərqlə: sən özünə ziyan verirsən, məmur yüzlərlə, minlərlə insana. Ona görə də onu türməyə atırlar, sənin isə daxili məhkəməndə mühakimə edirlər.

İndi bütün ölkə bar-bar bağırır: bizim rayona da gəl, qara maskalı oğlan! Bəli, hər bir rayonda potensial mahirlər, əlilər, vəlilər var. Bəli, düymə basılıb və indi hər sektordan bir rüşvətxor əl yelləyir gizli kameralara. Maraqlıdır ki, heç kəsin də qorxusu yoxmuş bütün baş verənlərə görə. Bu günə qədər dörd-beş icra başçısının “kinosu” çəkilib, amma bu, digərlərinə dərs olmayıb. Adamlar karantin dövründə də xısın-xısın yeyiblər. Qorxduqları isə cəmi bir fraqmentdən hiss olunur: bu günə qədərkilər aldıqları rüşvəti açıq-açıq sayırmış, sonuncular

masanın altında. Yəni, mən sayıram, amma pul olduğu görünməsin məntiqi. Yeganə fərq budur.
Karantin də bitəcək, virusa da vaksinlər meydan oxuyacaq. Amma bizim yaşamımıza düşən virusları kim, hansı peyvənd aradan qaldıracaq? Onu indidən düşünsəkmi, əcəba?

Tarix: 3-05-2020, 17:01
Xəbəri paylaş





Xəbər lenti