Suraxanı RİH etirazlar və aclıqla bağlı yayımlanan videomaterialları ARAŞDIRIB


Rayon əhalisinin problemlərinin həll edilməsi üçün tədbirlər davam edir

Suraxanı RİH ”Suraxanıda Zığ bağının sakinləri etiraz edirlər” və “Zığda aclıq” başlıqlı videomateriallara münasibət bildirib.

RİH-dən AzNews.az-a verilən məlumatda bildirilir ki, 27 aprel 2020-ci il tarixdə “azel.tv” və “azad söz” youtube kanalında yayımlanan “Suraxanıda Zığ bağının sakinləri etiraz edirlər” və “Zığda aclıq” başlıqlı videomaterialla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırma aparılıb.

Bildirilib ki, videomaterialda yol, qaz, işıq, ərzaq və sosial yardımla bağlı müsahibə verən sakinlərin, həmçinin əlil Raul Hacıyevin anası Musayeva Antoninanın müraciətləri RİH tərəfindən araşdırılıb.

Suraxanı RİH-dən daxil olan məlumatda daha sonra deyilir:

"Göstərilən yaşayış sahəsi elektrik enerjisi, qaz yanacağı və içməli su ilə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda həmin ərazidə kanalizasiya sisteminin qurulması və yolların abadlaşdırılması işləri nəzərdə tutulmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri tərəfindən mütəmadi olaraq sakinlərlə ərazilərdə səyyar-görüş qəbullar keçirilmiş, onları maraqlandıran suallara cavab verilmiş, qaldırdıqları problemin həlli üçün tədbirlər görülməsindən ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir.

Eyni zamanda bildiririk ki, müsahibə verən vətəndaş Musayeva Antonina ailəsi ilə birlikdə “Zığ bağları” adlanan ərazidə yaşayır. Üç övladı var. Ortancıl oğlu 15 yaşlı Raul Hacıyev il yarım bundan əvvəl xəstələnib və hərəkətində məhdudiyyətlər əmələ gəlib. Anasının dediyinə görə əlilliyə görə Gürcüstan vətəndaşı kimi Gürcüstandan ayda 220 lari (115 AZN) pensiya alır, xəstə kimi Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında G82,2 dəqiqləşdirilməmiş Paraplegia Dune diaqnozu ilə qeydiyyatdadır.


17 gün bundan öncə 10 aprel 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin nümayəndələri aztəminatlı ailə kimi həmin ailənin yaşadığı evdə olmuş və onlara ərzaq yardımı etmişlər. Həmin vaxt uşağının xəstə olduğunu bilib müalicəsinə köməklik göstərilməsi üçün RİH-in məktubu ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məktub hazırlanmış, ailənin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsi tərəfindən nəzarətə götürülməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Ailə üzvləri rayon icra hakimiyyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.Eyni zamanda qonşuluqda yaşayan aztəminatlı ailələrə də Heydər Əliyev Fondu və RİH tərəfindən ərzaq yardımı göstərilmişdir.

Rayon əhalisinin sosial-məişət problemlərinin həll edilməsi üçün Rayon İcra Hakimiyyəti lazımi tədbirlər həyata keçirir və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəkdir.

Əlavə olaraq bildiririk ki, videomaterialda narazılıq edən sakinlərə şəkillərdə göründüyü kimi 10 aprel 2020-ci il tarixdə ərzaq yardımı göstərilmişdir.".

Tarix: 5-05-2020, 11:29
Xəbəri paylaş





Xəbər lenti