Vahid Əhmədov: “...məhkəmə sistemindən gələn şikayətlər on minlərlədir”


Vahid Əhmədov: “...məhkəmə sistemindən gələn şikayətlər on minlərlədir”

“Məhkəmə-hüquq sistemində islahatlara dair dövlət başçısının xüsusi fərmanı var. Bu sahədə islahatlar həyata keçirilir. Biz Milli Məclis olaraq bununla bağlı müəyyən normativ sənədlərə, qanunlara dəyişiklik etmişik. Keçən müddət ərzində biz burada çoxlu sayda hakimləri təsdiq etmişik. Lakin yadıma gəlmir ki, hansısa hakimdən narazı olaq və deyək ki, hansısa qərar səhv qəbul edilib. Amma çox təəssüflər olsun ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz. Mənim yadıma gəlir ki, cənab Prezident məhkəmə-hüquq sistemində, xüsusilə məhkəmə sistemində hakimlərin əmək haqqının az olmasını nəzərə alaraq xüsusi fərman imzaladı. Hazırda Ali Məhkəmənin sədrinin maaşı Milli Məclis Sədrinin əmək haqqı qədərdir. Amma bunlara baxmayaraq məhkəmə sistemindən gələn şikayətlər on minlərlədir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, insanlar məhkəmə sistemindən çox narazıdır: “Cənab Prezidentin məhkəmə sisteminin ədalətli olması ilə bağlı qarşıya qoyduğu məqsədlər var. Bunun üçün məhkəmə qərarlarından çox şey asılıdır. Burada Siyavuş Novruzov da qeyd etdi. Çox təəssüflər olsun ki, əmlakla, torpaqla, bank sistemi ilə əlaqədar məhkəmələrin çıxardığı qərarlarda ədalətsizlik var. Belə şikayətlər bütün məhkəmə instansiyalarından daxil olur. Məsələni bir-birinin üzərinə atmaqla ədalət öz həllini tapa bilmir. Əgər biz cənab Prezidentin qarşıya qoyduğu məqsədləri şərəflə həyata keçirmək, məhkəmə-hüquq sistemində ədalətin tam bərpa olunmasını istəyiriksə, bu sistemə təmiz və saf insanlar gətirilməlidir. Hansı ki, onlar ədalət çərçivəsində qərar verməlidir. Daha hansısa icra başçısının göstərişi ilə qərar verilməməlidir.

İndi təyin olunan hakimlərin çoxunu tanıyıram. Hamısını nəzərə tutmuram. Elə hakimlər var ki, təcrübəlidirlər, çıxardıqları qərarları Avropa Məhkəməsi və digər instansiyalarda sübut etməyə hazırdırlar. Amma bunu ümumilikdə məhkəmə sistemi haqqında deyə bilmərik. Ona görə də təyin edilən hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarının səsinə qulaq assınlar, Azərbaycan qanunlarına uyğun hökmlər versinlər ki, insanlarımız əziyyət çəkməsinlər.

Bir daha deyirəm, cənab Prezidentin qarşıya qoyduğu məqsəd 1-2 günlük məsələ deyil. Biz bunu hiss edirik. Azərbaycanda korrupsiya və rüşvətxorluğa son qoyulacaq. Bu sahədə ciddi addımlar atılacaq.

Mənim indi təyin edilən hakimlərə heç bir etirazım yoxdur, onlara səs verəcəyəm. Amma onlar da bizim tövsiyəmizi nəzərə almalıdır”.
Siam.az
Tarix: 5-05-2020, 12:38
Xəbəri paylaş





Xəbər lenti