“Putinin ətrafındakı mafiya Avropadakı villalarından məhrum olmaqdan qorxur”


Avropa Parlamentinin (AP) deputatı Guy Verhofstadt “The Guardian” qəzetində yazdığı məqalədə Jean-Claude Juncker-i Vladimir Putinə seçki qələbəsi münasibətilə təbrik yazmasını tənqid edir və bildirir ki, görünür, Avropa İttifaqının başçısı Putini təbrik etmiş Maduro və Lukaşenko kimi başqa demoqoq və avtokratların siyahısından ilhamlanıb.

Deputat yazır: “Yaxşı ki, heç olmasa ABŞ prezidenti Trump-a TƏBRİK ETMƏ xəbərdarlığı veriblər, hərçənd Trump bu xəbərdarlığa məhəl qoymayıb. Utancverəcək bir şəkildə nə Trump, nə də Juncker öz təbriknamələrində nə Salisbury-dəki casus zəhərlənməsinə, nə də Rusiya seçkisinin legitimliyi məsələsinə toxunublar.

Məqalədə daha sonra deyilir ki, ATƏT müşahidəçilərinin başçısı Michael Link bu seçkini düzgün qiymətləndirib və rusiyalılara həqiqi seçimin verilmədiyini vurğulayıb.

Verhofstadt yazır ki, “rus ayısının bizim liberal demokratiyamızı pəncələdiyi, siyasi sistemimizi korrupsiyalaşdırdığı, siyasi partiyalarımıza haker hücumları etdiyi və Avropanı yenidən vəhşi keçmişinə qaytarmaq üçün aramıza təfriqə saldığı bir vaxtda Qərb bütün bunların üstündən sükutla keçməyə adət edib”.

Millət vəkili yazır ki, Avropa ölkələri Salisbury-də baş vermis kimyəvi hücum məsələsində Britaniyanı “hərarətlə” dəstəkləyiblər, halbuki Rusiyaya qarşı vahid Avropanın sərt tənqidi yönəldilməliydi.

Verhofstadt bu qənaətdədir ki, hər şeydən öncə Rusiyaya qarşı ümumi və sərt Avropa sanksiyaları qoyulmalıdır. Deputat hansı sanksiyaları qoymağı da tövsiyə edir. O yazır ki, “Putini əhatələyən mafiya elitası yalnız Avropa villalarına həsrət qalmaqdan qorxur”.

Məqalədə deyilir ki, Britaniyanın İttifaqdan ayrılması onu zəiflətməməlidir.

Verhofstadt Avropa İttifaqında da Rusiyanın Avropanın demokratiyası və siyasi sisteminə hücumunun öyrənilməsi üçün Robert Mueller-in təhqiqatına bənzər araşdırma təklif edir.

O yazır ki, Rusiya milyarderlərinə Malta və dolayısı ilə Avropa vətəndaşlığı qazanmaq imkanı verilməməlidir.

Məqalədə deyilir ki, Rusiya oliqarxlarının London mülkiyyətinə sahiblənməsinin və çirkli pullarını yumasının qarşısı alınmalıdır.

Bununla belə qeyd edilir ki, Rusiya və Aİ arasında hazırkı donmuş münasibətlərə son qoyulmalıdır.

Məqalədə deyilir ki, indi 1970-ci illərdəkinə bənzər ikinci bir Helsinki prosesinə ehtiyac var. Helsinki prosesi Avropadakı sərhədlərin toxunulmazlığını təsbit etmişdi.

Verhofstadt yazır ki, Rusiyaya iqtisadi və enerji əməkdaşlığı imkanı Moskvanın Minsk razılaşmasına əməl etməsi, insan haqlarının yaxşılaşdırılması müqabilində verilməlidir. Müəllif inanır ki, Rusiyada insan haqlarına hörmətin bərqərar edilməsi Moskvanın üzərindəki sanksiyaların qaldırılması ilə nəticələnə bilər.

“Bu həm də imkan yaradar ki, biz Rusiya xalqına yox, Rusiya hökumətinə qarşı olduğumuzu bildirək” -deputat yazır.

Verhofstadt-ın fikrincə, mütərəqqi və parlaq Rusiya gənclərinə birtərəfli qaydada açıq viza sistemi tətbiq oluna bilər. Bu mütərəqqi rusiyalıların Avropa universitetlərində təhsil almasına yol açardı.

Millət vəkili Avropada NATO-ya bənzər Müdafiə İttifaqının yaradılmasına çağırır.

O qeyd edir ki, Putin məhz Avropa İttifaqının birliyinin pozulmasına çalışır və bu məqsədlə Avropa boyunca anti-Avropa partiyalarını dəstəkləyir.

“Çoxları bu həqiqəti qəbul etmək istəmirlər, çünki bu halda çətin seçimlər etmək lazım gəlir. Amma həqiqət bundan ibarətdir ki, Kreml yenə də bizim liberal dəyərlərimizlə müharibədədir. Əgər biz buna uzunmüddətli strategiya ilə cavab verməsək, Putini bir daha cəsarətləndirəcəyik” -Verhofstadt yazır.


Tarix: 23-03-2018, 15:49
Xəbəri paylaş





Xəbər lenti