Qərb və Rusiya arasındakı diplomatik savaş qızışdı


Ekspertlər diplomatların qovulmasının ardınca daha ciddi proseslərin başlayacağı qənaətindədirlər

“Qərb ölkələrindəki Rusiya diplomatlarının qovulmasından sonra mümkündür ki, başqa sanksiyalar da olsun”.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə bu fikirləri “Skripal işi” ilə əlaqədar ABŞ-ın 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmağa qərar verməsini, Rusiyanın Sietldəki baş konsulluğunu bağlamasının ardınca 18 Avropa ölkəsindən də Rusiya diplomatlarının qovulmasını, bu prosesin haraya apardığını “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Ancaq sabiq səfirin ehtimalına görə, bu diplomatik skandal bir müddət sonra səngiyəcək: “Çünki ölkələrlə əlaqələr lazımdır. Amma ümumən Qərb - Rusiya münasibətləri gərginləşəcək. Rusiyanin Ukraynada, Gürcüstanda, Moldovada, Suriyada, Qarabağda davranışı artıq Qərbi çox narahat edib. Müharibə də olmasa, ciddi qarşıdurma gözlənilir. Rusiya diplomatlarının qovulması isə bu qarşıdurmanın tərkib hissəsidir. Diplomatlar ola bilsin ki, yerlərinə qayıtdılar. Amma başqa sadaladığım problemlər həll olunmasa, münaqişə artacaq".

“Avropa Birliyinin Sergey Skripal hadisəsində Böyük Britaniyaya siyasi dəstək verməsi Qərbin həmrəyliyinin bütün dünyaya nümayiş etdirilməsi baxımından önəmli faktdır. Çünki Rusiyanın son illər əsas fəaliyyət istiqamətlərindən birini də məhz transatlantik birliyi sarsıtmaq cəhdləri təşkil edir”.

Åahin CÉfÉrli ile ilgili görsel sonucu

Bunu isə politoloq Şahin Cəfərli söylədi. Siyasi təhlilçi bildirdi ki, Moskva Vaşinqton və Brüssel arasında, eləcə də Avropa Birliyinin (AB) özünün daxilində fikir ayrılıqlarını, fərqli yanaşmaları dərinləşdirməyə, ikitirəlik salmağa çalışıb, siyasətini bu yöndə qurub və müəyyən uğurlar qazanıb: “Bu məqsədlə AB ölkələrində mövcud liberal və qlobalist düzənin əleyhdarı olan radikal sağçı qüvvələr Rusiya tərəfindən dəstəklənib. ”Brexit"in baş verməsi və ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi bu baxımdan Moskvanı xeyli ümidləndirmişdi. Moskva güman edirdi ki, “Brexit” nəticəsində Britaniya ilə Avropa Birliyi arasında, AB ideyasına, açıq sərhədlərə və sərbəst ticarətə, NATO ittifaqına soyuq baxan Tramp sayəsində isə ABŞ və Avropa arasında dərin çat yaranacaq, nəticədə transatlantik birlik və həmrəylik zədələnəcək. ABŞ və Avropa Skripal olayı ilə bağlı koordinasiya olunmuş, sinxron addımlar ataraq nümayiş etdirdilər ki, aralarında fikir ayrılıqları, ziddiyyətlər yaşansa belə, həlledici məqamlarda Qərb birləşə bilir.

Qərb dünyası hələ də dünyada bənzəri olmayan siyasi-ideoloji ittifaq, nəhəng qlobal güc olduğunu göstərdi. Digər tərəfdən, Qərb blokunun içində anqlo-sakson xəttinin hələ də hərəkətverici nüvə olduğunu da görürük. “Soyuq müharibə” dövründə Qərbi Avropanı sovet təhlükəsindən məhz anqlo-sakson ittifaqı - ABŞ və Britaniya xilas etmişdi. Bu baxımdan qitə Avropası bu iki ölkəyə borcludur, çünki onların II Dünya müharibəsindən sonrakı demokratik inkişafı, iqtisadi rifahı məhz ABŞ-Britaniya cütlüyü sayəsindədir. Hesab edirəm ki, AB tərəfindən Britaniyaya dəstək verilməsində bu amil - Britaniyanın qitə Avropasındakı mənəvi nüfuzu da mühüm rol oynayıb. Eyni zamanda, baş verənlər Böyük Britaniyanın qlobal geosiyasətdəki gücü və rolunun nümayişi baxımından da əhəmiyyətlidir. “Brexit”dən sonra belə bir təsəvvür yaranmışdı ki, artıq Londonun nüfuzu daha da azalacaq və qlobal proseslərə təsiri məhdudlaşacaq. Son hadisələr isə bunun əksini ortaya qoydu".

Ş.Cəfərlinin fikrincə, Rusiya hər baxımdan çətin durumdadır: “Moskva Qərbin demarşına simmetrik reaksiya verməyə məcburdur. Əslində Qərbdə bu siyasəti planlaşdıran mərkəzlər Moskvanın mümkün cavabını da hesablayaraq bu oyunu qurublar. Yəni Moskva da eyni sayda Qərb diplomatını ölkədən çıxaracaq və beləcə, gərginlik spiralvari şəkildə artacaq, münasibətlər dibə vuracaq... Kreml əlbəttə ki, bu oyunu görür, ortada olan niyyəti anlayır, lakin cavab verməkdən başqa yol tapa bilmir. Çünki qarşı tərəfin demarşının cavabsız qoyulması dünyada Rusiyanın zəifliyi barədə təsəvvür yarada bilər. Avropa Birliyi iyun ayındakı zirvə toplantısında bu məsələyə yenidən qayıdacaq. Həmin vaxta qədər kimyəvi silahların qadağan olunmasına dair təşkilatın ekspertləri Skripal hadisəsi ilə bağlı araşdırmanı tamamlayıb, yekun nəticəni təqdim etməlidirlər”. Politoloqa görə, əgər onların yekun rəyi Britaniyanın rəyi ilə üst-üstə düşərsə, onda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gündəmə gələcək: “Xüsusən iqtisadi sahədə sanksiyaların limiti hələ tükənməyib. Məsələn, Rusiyanın beynəlxalq banklararası ödəniş və informasiya sistemi olan SWIFT-dən kənarlaşdırılması, Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya çəkilməsi planlaşdırılan ”Şimali axını 2" layihəsinin təxirə düşməsi və ya ən azı, bu layihədən Rusiyanın əldə edə biləcəyi iqtisadi və geosiyasi dividentlərin ortadan qaldırılması mümkündür. Rusiyadan neft-qaz idxalına qadağa qoyulması kimi radikal təkliflər də Qərbdə zaman-zaman səslənir, lakin hələlik bu, real deyil. Gərginliyin artmasında Putinin növbəti müddətə prezident seçilməsinin rolu şübhəsizdir. Məsələn, ABŞ özünün yeni Milli Təhlükəsizlik Strategiyasını məhz Putin seçkilərdə iştirak qərarını elan etdikdən sonra açıqladı. ABŞ-ın yaxın dövr üçün xarici və təhlükəsizlik siyasətinin əsas istiqamətləri məhz bu sənəddə müəyyən olunub. Strategiyada Rusiya Çinlə birlikdə ABŞ-ın qlobal liderliyini və dəyərlərini sarsıtmaq, mövcud dünya düzənini təftiş etmək istəyən rəqib dövlət kimi təqdim olunub. Bu, o deməkdir ki, ABŞ öz liderliyini qorumaq üçün Rusiyanın və Çinin bu təftişçi təsirləri ilə mübarizə aparacaq. Hələlik Çinə nisbətən daha zəif həlqə kimi görünən Rusiya daha çox hədəf alınıb. Putin bu durumu dəyişmək üçün martın 1-də Federal Məclis qarşısındakı çıxışında yeni həmlə edərək Vaşinqtona “analoqu olmayan silahlar yaratmışıq, bizimlə masaya oturmalısınız” mesajını ünvanladı. Lakin martın 4-də Solsberi şəhərində baş vermiş kimyəvi hücum faktı gündəmi dəyişdi və Qərb Putinə qarşı əks-həmlə kimi bu hadisədən yararlandı".

Ş.Cəfərli sonrakı gedişat barədə nikbin deyil: “Yeni ”soyuq müharibə" adlandırılan qarşıdurmanın hansı həddə qədər gedəcəyini söyləmək çətin olsa da, ümumi şəkildə aydındır ki, Qərb Rusiyanın geri addım atmasını istəyir. Rusiyadan Qərb liderliyindəki dünya düzəninə meydan oxumağı dayandıraraq 90-cı illərdə razılaşdırılmış oyun qaydalarına dönməyi tələb edirlər. Rusiya isə bildirir ki, mən 90-cı illərin Rusiyası deyiləm, güclüyəm, qüdrətli nüvə dövlətiyəm və mənimlə hesablaşmalısınız. Putinin Vaşinqtona ünvanlanmış çağırışlarının tərcüməsi budur ki, gəlin masaya oturub, II Dünya müharibəsindən sonra olduğu kimi, nüfuz dairələrini müəyyənləşdirək. Vaşinqton isə bu çağırışları eşitmir. Daha doğrusu, şəxsən prezident Tramp arada Putinlə dialoq qurmağa cəhd göstərsə də, ABŞ “dərin dövləti” hər dəfə bunun ardınca onu Rusiyaya qarşı daha radikal addımlar atmağa sövq edir. Skripal olayı ilə bağlı ABŞ-ın Britaniya hökumətindən daha sərt qərarlar qəbul etməsi də bu qəbildəndir".

“Rusiya prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir. Putin martın 18-də prezident seçkisində qələbə çaldı, ancaq bu qələbənin həzzini ala bilmədi”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Yuxarıdakı fikirlər isə politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspertin sözlərinə görə, Putin, faktiki, tək qalıb: “Hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur. Komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq. Yaxud başqası demədi ki, Amerikadakı prezident seçkisinə qarışmaq, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz. Bunu Putinə demədiklərinə və Kreml sahibi də ancaq özünün beynindən çıxan qərarlarla hərəkət etdiyinə görə Qərb tərəfindən cəzalandırılır”.

Cavid TURAN

Tarix: 28-03-2018, 10:27
Xəbəri paylaş





Xəbər lenti