Anti-Putin cəbhəsi: Keçmiş SSRİ-dən kimlər qoşulur?



Keçmiş rusiyalı casus Sergey Skripalın İngiltərədə zəhərlənməsindən sonra ABŞ və Avropa İttifaqı ilə Rusiya arasında yaranmış gərginlik açıq diplomatik qarşıdurmaya çevrilib. Amerika və bir sıra Avropa dövlətlərinin Skripalı zəhərləməkdə ittiham etdiyi Rusiyanın diplomatlarını deportasiya etməsinə qarşı tərəfdən kəskin cavab verilməsə də, Moskvaya qarşı sanksiyalar hər keçən gün sərtləşir. Artıq ABŞ və Böyük Britaniya da daxil olmaqla, 26 dövlət 123 rus diplomatı deportasiya edib.

Rusiyaya qarşı təzyiq tendensiyasına vaxtilə SSRİ-də Moskva ilə müttəfiq olmuş respublikalar da qoşulmağa başlayıblar. İlk addım Moldovadan gəlib. Moldova hökuməti 3 rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan edib. Rəsmi Kişinyov keçmiş xüsusi xidmət orqanı üzvü Sergey Skripalın zəhərlənməsi faktı ilə bağlı London ilə həmrəy olduğunu ifadə edib. Düzdür, parlament tərəfindən az qala bütün səlahiyyətlərindən məhrum edilmiş prezident İqor Dodon təktərəfli formada Rusiyanın mövqeyindən çıxış edir, amma  bütün ölkəni bürümüş açıq antiRusiya etirazları daxilində o, hökumətin qərarını dəyişmək iqtidarında deyil. Bu vəziyyətdə Rusiyanın Moldovaya qarşı ata biləcəyi əks addımlar müzakirə mövzusu olsa da, indi Moskvanı düşündürən əsas məsələ bu yox, bu ölkədən sonra daha hansı keçmiş post-Sovet respublikasının ona qarşı çıxacağı ilə bağlı olmalıdır. Başqa sözlə, hesab etmək olar ki, Moldova NATO üzvü olan Baltikyanı dövlətlər (Estoniya, Latviya və Litva) istisna olmaqla, keçmiş SSRİ coğrafiyasında yerləşən respublikalarda Rusiyaya qarşı tendensiya yarada bilər. Qərbin bu məkanda - Rusiyanın yaxın ətrafında yerləşən bölgələrdə Moskvaya qarşı müttəfiq axtarışına çıxacağına da şübhə yoxdur. Az da olsa, Qərbin çağırışlarına adekvat cavab verə biləcək respublikalar ola bilər.

Ukrayna

Moldovadan sonra rusiyalı diplomatları öz ərazilərindən çıxarmağa ən real namizəd 2014-cü ildə əraziləri Rusiya tərəfindən işğal edilmiş Ukraynadır. Məlumdur ki, həmin il Moskva tərəfdarı olan Viktor Yanukoviçin devrilməsindən sonra hakimiyyətə Qərbyönümlü siyasi qüvvələr gəldi. Bunu Ukraynanın öz təsir dairəsindən çıxmaq cəhdləri kimi qiymətləndirən Rusiya asılılığı saxlamaq üçün Krımı ilhaq edib, Donbas bölgəsini buradakı rus separatçılar vasitəsilə nəzarətə götürdü. Bununla tərəflər arasında açıq qarşıdurma başladı. Hazırda da Rusiya və Ukrayna arasında enerji sahəsindən başqa, heç bir sektorda əməkdaşlıq yoxdur. Hər iki ölkədə səfirliklər öz fəaliyyətlərini davam etdirsələr də, diplomatik münasibətlər tamamilə dayandırılmış vəziyyətdədir. Üstəgəl, Ali Radaya Rusiyanın işğalçı kimi tanınmasını təklif edən qanun layihəsi təklif edilib.

Gürcüstan

Ukrayna və Moldova kimi ərazilərinin bir hissəsi Rusiya tərfindən işğal edilmiş Gürcüstan da prinsip etibarilə, rus diplomatları deportasiya edə bilər, amma gürcü cəmiyyətindən fərqli olaraq, tərəflər arasındakı diplomatik münasibətlərdə o qədər də gərginlik yoxdur. Üstəgəl, antiRusiya mövqeyi ilə seçilən Mixail Saakaşvilinin hakimiyyətdən getməsindən sonra iqtidara gəlmiş yeni siyasi qüvvələr Rusiya ilə ticarət, energetika və iqtisadi sektorlardakı əməkdaşlığın inkişaf etdirilməsinə isti baxırlar. Digər yandan, Rusiyanın nəzarətində olan ərazilərin geri qaytarılması da artıq rəsmi Tiflis üçün müzakirə mövzusu deyil. Gürcüstan bu işğal faktı ilə barışmış kimi görünür və Ukrayna qədər Moskvaya qarşı aqressiv deyil.

Moskvanın dostları

Post-Sovet məkanının digər respublikaları - Ermənistan, Qırğızıstan, Qazaxıstan, Belarus, Tacikistan və Özbəkistana gəlincə, bu, ölkələr qeyd-şərtsiz Rusiyanın müttəfiqidirlər. Avrasiya İttifaqı və Gömrük Birliyi ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan bu respublikaların biri-birləri, həmçinin, Rusiya qarşısında öhdəlikləri var. Qazaxıstan, Tacikistan və Özbəkistanla müqayisədə, müəyyən məqamlarda Rusiyaya xəyanət edə biləcəyinin anonsunu verən Ermənistan Rusiyanın forpostudursa və bu ölkənin dövlət sərhədləri rus ordusu tərəfindən qorunursa, son illərdə Moskva ilə münasibətlərdə soyuq dönəmlərini yaşayan Belarusda isə məhdud sayda da olsa, rus hərbi birləşmələri və hərbi texnikaları var.

Türkmənistan

Mərkəzi Asiya respublikaları və Ermənistanla müqayisədə Türkmənistan bir qədər müstəqil kimi görünür. Bu ölkə Rusiyanın lider olduğu heç bir hərbi-siyasi blokda iştirak etmir, üstəgəl, Müstəqil Dövlətlər Birliyinə də üzv deyil və rəsmi Aşqabad MDB-də müşahidəçi qismində iştirak edir. Lakin Türkmənistan qazının əsas alıcısının Rusiya olduğunu və xarici siyasətdə balans siyasətinə üstünlük verdiyini nəzərə alsaq, rəsmi Aşqabadın Moskvaya qarşı addım atacağı inandırıcı görünmür.

Azərbaycan

Əlbəttə, bizi maraqlandıran əsas məsələ Azərbaycanın bu vəziyyətdə hansı mövqe seçəcəyilə bağlıdır. Lakin bu, maraq mövzusu olmaqdan da çıxıb. Çünki rəsmi Bakının ən az Qərb - Rusiya gərginliyinə münasibətdə səssizliyini qoruyacağı dəqiqdir. Hər iki tərəflə münasibətlərdə balans siyasətinə üstünlük verən Azərbaycanın həm Rusiya, həm də Qərb dövlətləri ilə çoxşaxəli əməkdaşlığı var. Əgər Qərb Azərbaycan neftinin alıcısıdırsa, Rusiya Azərbaycanın silahla təmin edilməsində əsas bazardır. Bu baxımdan, Azərbaycanı Türkmənistanla müqayisə etmək olar.

Mənsur Rəğbətoğlu

Cebhe.info

Tarix: 1-04-2018, 15:48
Xəbəri paylaş





Xəbər lenti