Yeni böhranın ayaq SƏSLƏRİ, nəzarətdən çıxacaq SAVAŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Yeni böhranın ayaq SƏSLƏRİ, nəzarətdən çıxacaq SAVAŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə köçürəcək. Aya Sofya məscidi Ankara və Afina arasında növbəti dəfə gərginlik yaradıb. Rusiya prezidentinin Ankara səfərinin gündəliyi açıqlanıb. ABŞ prezidenti “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib. Rusiya “Skripal işi” ilə heç bir əlaqəsinin olmadığını növbəti dəfə açıqlayıb. Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib.

Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib.

“Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o bildirib.



Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra iki ölkə tərəfindən Suriyanın Münbiç bölgəsinə xüsusi təyinatlı əsgərlər göndərilib. Ötən həftə ABŞ prezidenti Donald Trampın "Biz Suriyadan çəkilirik" bəyanatının ardından Pentaqonun Fərat çayının qərb istiqamətindən Suriyanın Münbiç şəhərinə PYD\PKK terror qruplaşmasına dəstək üçün 300 xüsusi təyinatlı əsgər göndərməsinin ardından, bu dəfə də Fransa Türkiyəyə xəyanət etdi. Fransa hakimiyyəti Suriyanın Münbiç bölgəsinə 4 təyyarə ilə 50 xüsusi təyinat keçmiş əsgər yollayıb.

Münbiç hərbi aerodromuna gətirilən Amerika və Fransa əsgərlərinin Azad Suriya Ordusunun bölgədə keçirəcəyi əməliyyatları daha da çətinləşdirəcəyi deyilir. Ekspertlər bildirirlər ki, Fransa və ABŞ-ın bu addımı Türkiyə ilə gərginliyi artıracaq.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3-4 aprel 2018-ci il tarixlərində Ankaraya səfər edəcək. Kremlin mətbuat xidməti bildirilib ki, ölkə liderləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak edəcəklər.

“İclasda ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafının hazırkı vəziyyəti və perspektivləri, birgə strateji, xüsusi halda, energetika sahəsindəki layihələrin həyata keçirlməsi müzakirə olunacaq. Suriyadakı vəziyyət də daxil olmaqla, aktual regional və beynəlxalq mövzuların və terrorizmlə birgə mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır”, - xəbərdə deyilir.

Liderlərin videokonfrans formatında “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinə start verəcəyi gözlənilir.

Bundan başqa, Türkiyə, Rusiya və İran prezidentlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Görüşün əsas mövzusu Suriya böhranının həlli olacaq.

Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaşanan gərginliklə əlaqədar qarşılıqlı açıqlamalar davam edir.Son açıqlama Yunanıstan Prezidenti Prokopis Pavlopulosdan gəlib.

O, Türkiyəni təhdid edib: “Bizim sərhədlərimiz Avropa Birliyinin sərhədləridir. Buna görə məsuliyyətimiz daha çoxdur. Haqqımızdan artıq olanı istəmirik. Əlimizdə olanları müdafiə edəcəyik. Lazım gəlsə, çəkinmədən qan axıdacağıq”.

Qeyd edək ki, İstanbulda Aya Sofya məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya doğurub. Yunan KİV-ləri bunun qəbuledilməz olduğunu bildiriblər.



Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum ediblər. Hücum zamanı minaatanlardan istifadə edilib.

Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə qarşı “Fərat qəzəbi” əməliyyatını başlatdıqlarını bildiriblər.

Suriyadan tez çıxsaq, Türkiyə ilə kürdlər arasındakı müharibə nəzarətdən çıxacaq. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ-ın respublikaçı senator Lindsi Qrem deyib.

“Suriyadan çıxmaq prezidentin verə biləcəyi ən pis qərar olar. Bu filmi daha öncə gördük. Obama İraqda eynisini etdi. İŞİD küncə çəkilib. Əgər onları rahatlatmaq istəyirsinizsə, ABŞ əsgərlərini buradan çıxarın. Nəticədə faciəyə olacaq. Buradan çıxsaq İŞİD geri dönəcək, Türkiyə ilə kürdlər arasında savaş nəzarətdən çıxacaq, Dəməşqi İrana vermiş olacağıq” – deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan öncə ABŞ ordusunun tezliklə Suriyadan çıxacağını bəyan etmişdi.

ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib. Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək üçün Senatdakı respublikaçılara çağırış edib.



Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin açıqlamalarını oxumağa çağırıb: “Xarici işlər naziri Sergey Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənib.

ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı Vaşinqtonda ikitərəfli görüş keçirməyi təklif edib. Bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Əgər hər şey normal olacaqsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər. Telefonla söhbət zamanı, Tramp ilk sammitin Vaşinqtonda – Ağ Evdə keçirilməsini təklif edib”, - Uşakov brifinqdə deyib.

O qeyd edib ki, ilin birinci yarısında görüşün keçirilməsi istisna edilir: “Telefon söhbəti konstruktiv işgüzar xarakter daşıyırdı və bir çox məsələlərə toxunulub. Bundan sonra ikitərəfli münasibətlərimizdə eniş oldu: ABŞ-ın 60 Rusiya diplomatını göndərməsi və baş konsulluğun bağlanması. Bu addımlara Rusiya tərəfi müvafiq cavab verməyə məcbur oldu”.

Qeyd edək ki, Rusiya və ABŞ-ın liderləri indiyə kimi iki dəfə görüşüblər.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “yeni əla qələbələr” qazanmaq gücündə deyil. Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu və siyasətçisi Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Kremlin başçısı bundan şəxsi hakimiyyətinin möhkəmləndirilməsi üçün başqa modeldən istifadə etmək niyyətindədir. Politoloqun fikrincə, bu model, Putinin 2014-cü il “Rus baharı” nümunəsindən prinsipial olaraq fərqlənir.



Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib. Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq atılıb.

Çinin Ticarət Nazirliyinin rəsmi saytında deyilir ki, belə addımlar Pekinin öz maraqlarını qorumaq və ABŞ-ın qərarı nəticəsində yaranacaq itkiləri tənzimləmək məqsədi daşıyır. Bildirilir ki, ABŞ-ın qərarı yalnız Çinin mövqelərini sıxışdırmır, həm də Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur.

Pekinin qərarı aprelin 2-dən qüvvəyə minir. Qərara əsasən, 120 adda məhsula, həmçinin meyvələrə 15 faizlik gömrük rüsumu, səkkiz adda məhsula, həmçinin donuz ətinə 25 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın martın 9-da polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə tutan qərarı imzalayıb.

Ömər Dağlı

Tarix: 2-04-2018, 22:33
Xəbəri paylaş





Xəbər lenti