Rusiya-Qərb qarşıdurmasının sonu necə olacaq?


Şahin Cəfərli: “Moskva geri addım atmayınca, gərginlik azalmayacaq”

Elşən Mustafayev: “Hadisələri nikbin ruhda proqnozlaşdırmaq çox çətindir”

Skripal olayından sonra daha da gərginləşən Rusiya-Qərb münasibətləri hər keçən gün təhlükəli istiqamətlərə doğru yön alır. Rus diplomatlarının bəzi Avropa, Qərb ölkələrindən qovulması, Kremlin buna adekvat addımları, son olaraq da, iki gün öncə Sankt-Peterburq şəhərindəki ABŞ Baş Konsulluğundakı bayrağın endirilməsi təhlükənin nə qədər ciddiləşdiyinə işarədir.

Ekspertlərin proseslərin sonunun nə ilə bitəcəyi barədə mövqeləri birmənalı deyil.

Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiya-ABŞ və ümumilikdə Rusiya-Qərb siyasi, diplomatik və iqtisadi münasibətləri hələ dibə vurmayıb:

 

ÐаÑÑинки по запÑоÑÑ Åahin cÉfÉrli

“Qarşılıqlı atılacaq sanksiya xarakterli addımların limiti hələ ki dolmayıb. ABŞ və Rusiya hökumətləri tərəfindən qarşılıqlı olaraq Sietl və Sankt-Peterburqdakı baş konsulluqların fəaliyyətinin dayandırılmasından sonra hələ bağlanacaq 4 baş konsulluq qalır. Rusiyanın ABŞ-ın Nyu-York və Hyuston, ABŞ-ın isə Rusiyanın Yekaterinburq və Vladivostok şəhərlərindəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir. Düşünürəm ki, Rusiyanın son qərarlarına cavab olaraq ABŞ bu ölkənin Nyu-York və ya Hyuston şəhərlərindəki konsulluqlarından birini bağlaya bilər. Moskva təbii ki, cavabsız qalmayacaq və öz növbəsində ABŞ-ın Yekaterinburq və ya Vladivostokdakı konsulluqlarından birini bağlayacaq. Əgər münasibətlərdəki böhran davam edərsə, sıra son konsulluqlara, eləcə də ticarət nümayəndəliklərinə gələcək. Həmin konsulluqlar və ticarət nümayəndəlikləri də qapadıldıqdan sonra ölkələrin bir-birinin ərazisindəki yeganə diplomatik təmsilçiliyi Moskva və Vaşinqtondakı səfirliklər olacaq.

“Növbə səfirliklərin də fəaliyyətinin dayandırılmasına gələ bilərmi” sualı yaranır, amma düşünürəm ki, hər halda, məsələ bu dərəcədə qəlizləşməyəcək. Tərəflər diplomatik kanalları açıq saxlayacaqlar. Çünki münasibətlər nə qədər gərgin olsa da, düşmənçilik səviyyəsində deyil. Prezidentlər, xarici siyasət idarələrinin rəhbərləri arasında zaman-zaman telefon danışığı olur, Suriya və Ukrayna kimi mürəkkəb problemlərin həllində əməkdaşlıq edilir. Amma tərəflərdən biri geri addım atmayınca, “soyuq müharibə” davam edəcək. Böyük Britaniya hökuməti hazırda Rusiya hakimiyyətinə yaxın bəzi zənginlərin Londonda və digər Britaniya şəhərlərində əldə etdikləri daşınmaz əmlaka həbs qoymağı nəzərdən keçirir. Bu ilin yanvarında Britaniyada “Kriminal maliyyə vəsaitləri haqqında” qanun qüvvəyə minib. Bu qanuna əsasən ölkə ərazisində 50 min funt-sterlinqdən baha qiymətə mal-mülk almış əcnəbilərdən bu vəsaitin mənbəyi soruşulacaq. Həmin şəxslər Britaniya ərazisindəki alğı-satqıya sərf etdikləri maliyyə vəsaitlərini qanuni yollarla qazandıqlarını sübut edə bilməsələr, onların əmlakına ya həbs qoyulacaq, ya da bu əmlak müsadirə olunacaq. Bundan başqa, son illər Britaniya dövləti tərəfindən Rusiya vətəndaşlarına verilmiş investisiya vizaları da nəzərdən keçirilir. Ümumilikdə 791 nəfər zəngin rusiyalı bu kateqoriyadan olan viza əldə edib. Bunların arasında Rusiya hökumətinə, xüsusi xidmət orqanlarına yaxın şəxslər aşkarlanarsa, onların vizaları ləğv olunacaq və həmin adamlar Britaniya ərazisində hər hansı biznes aparmaq hüququnu itirəcəklər. Başqa, daha ciddi sanksiya təhlükəsi isə Rusiya bondlarının, borc kağızlarının Britaniya maliyyə bazarında satışına qadağa qoyulmasıdır. Məsələn, Skripal hadisəsindən əvvəl – fevral ayında Rusiya bankları dünyanın ən böyük maliyyə mərkəzlərindən biri sayılan “London Siti”də 4 milyard dollarlıq avrobond yerləşdiriblər. Bu kağızların satışından əldə olunan vəsait Rusiyanın suveren borcunun maliyyələşdirilməsinə sərf olunub. Maraqlıdır ki, Rusiyanın borc kağızlarını satın alanların, başqa sözlə, Rusiyanı maliyyələşdirənlərin əksəriyyəti britaniyalı və amerikalı investorlardır. Digər maraqlı fakt ondan ibarətdir ki, Britaniya hökumətinin Rusiya diplomatlarını “persona non qrata” elan etdiyi və digər sanksiya xarakterli qərarları açıqladığı 14 mart tarixində Rusiyanın “Qazprom” dövlət şirkəti “London Siti”də 750 milyon avro həcmində istiqraz yerləşdirib, yəni bu məbləğdə borc kağızı satıb. Əslində Rusiya bankları Avropa Birliyi və ABŞ-ın sanksiyaları altındadır, lakin bu cür boşluqlar hələ qalır və Rusiya bankları bu boşluqlardan yararlanır. İndi Britaniya hökuməti həmin boşluqları qapadaraq Rusiyanın Qərb maliyyə bazarlarından kapital cəlb etməsinin qarşısını tamamilə almaq istəyir.

Əgər belə bir qərar qəbul edirlərsə, Rusiya ağır zərbə alacaq. ABŞ-dan da yeni sanksiya qərarları gözləniləndir. Məlum olduğu kimi, 2017-ci ilin iyulunda Konqres “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə cavab vermək” (CAATSA) adlı qanun qəbul edib. Bu qanunda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi əksini tapıb. Qanuna uyğun olaraq ABŞ hökuməti bu ilin yanvarında “Kreml hesabatı” adlı siyahı açıqladı. Həmin siyahıda rusiyalı oliqarxların, sərvəti 1 milyard dollardan çox olan iş adamlarının, dövlət rəsmilərinin və dövlət müəssisələri rəhbərlərinin adları var. Növbəti addım bu siyahıdakı bir sıra şəxslərə konkret sanksiyaların tətbiqi olmalıdır və hazırda ABŞ Maliyyə Nazirliyi bu məsələ üzərində işləyir. Sergey Skripal olayı ilə bağlı istintaqın yekununda isə bu əməli doğrudan da Rusiya dövlətinə bağlı adamların törətdiyi sübuta yetirilərsə, Rusiyaya qarşı həm ABŞ, həm Böyük Britaniya, həm də Avropa Birliyi tərəfindən növbəti sanksiyaların tətbiqi gündəmə gələcək. Yumşalma o vaxt baş verə bilər ki, Rusiya ABŞ-ın liderlik etdiyi mövcud dünya düzənini təftiş etmək və dəyişdirmək cəhdlərindən vaz keçərək Qərblə konstruktiv əməkdaşlığa başlasın. Moskva geri addım atmayınca, gərginlik azalmayacaq”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Rusiya –Qərb qarşıdurmasının getdikcə daha da dərinləşməsi açıq şəkildə “soyuq müharibə”nin başlandığını göstərir və bunun SSRİ vaxtında olduğundan daha təhlükəli ola biləcəyi ehtimal olunur:

ÐаÑÑинки по запÑоÑÑ elÅÉn mustafayev

“Məsələ o qədər ciddiləşib ki, BMT baş katibi Antonio Guterres də bunu etiraf etməyə məcbur olub və liderləri dialoqa çağırıb. Son il yarımda ikinci dəfədir ki, ABŞ və Rusiya qarşılıqlı olaraq diplomatları ölkədən çıxarırlar. Bunun hər ikisində təşəbbüskar ABŞ olub və Rusiya buna qarşılıqlı cavab verib. Hər dəfə belə qərar qəbul ediləndə ABŞ bunun əvəzini alacağını bilib, amma buna gedib. Əslində hər iki dövlət ərazisində olan səfirliklərdə kimin həqiqi diplomat , kimin xüsusi xidmət orqanı işçisi olduğunu yaxşı bilir və onları daim nəzarətdə saxlayır. Uzun illərdir ki bu belədir və ciddi hadisə baş verməyənə qədər onlardan heç kim arzuolunmaz şəxs elan olunmayıb. Bu dəfə proseslər fərqli gedir. Mən bu prosesi məlum səbəblərə görə ABŞ-Rusiya arasında 2014-cü ildə yaranmış bu günə qədər dərinləşən münasibətlərin məntiqi nəticəsi kimi görürəm . Bu şəkildə davam edəcəyi halda növbəti addımların da şahidi olacağıq. Hələlik isə konsulluqlar nümayəndəliklərin bağlanması və diplomatların ölkədən çıxarılması prosesində zərbə alan tərəf Rusiyadır. Hər iki ölkədə konsulluqların bağlanmasından daha çox əziyyət çəkən Rusiya olacaq. İl ərzində Rusiyadan ABŞ-a müxtəlif məqsədlərlə gedən çoxsaylı Rusiya vətəndaşları üçün artıq viza almaq çətinləşəcək, onların hamısı ölkənin hər tərəfindən böyük xərclər və vaxt itkisi hesabına Moskvaya gəlməyə məcbur olacaqlar və sözsüz ki, bu narahatçılığa görə öz hakimiyyətlərini qınayacaqlar. ABŞ- dan Rusiyaya gələnlərin sayı dəfələrlə az olduğu üçün bu problem orada elə də hiss olunmayacaq. ABŞ-la bərabər çoxlu sayda digər dövlətlərin də bu kampaniyaya qoşulmaları güclənən qarşıdurmada kimin tərəfində olacaqlarına açıq mesajdır. Məsələnin daha təhlükəli tərəfi odur ki, tərəflərin heç birinin geri çəkilmək, güzəştə getmək istəyi yoxdur və hərə öz həqiqətinin üzərində dayanıb. Odur ki, sağlam və effektli dialoq başlamayacağı halda baş verə biləcək hadisələri nikbin ruhda proqnozlaşdırmaq çox çətindir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Tarix: 2-04-2018, 22:45
Xəbəri paylaş





Xəbər lenti