ABŞ Türkiyə ilə hesablaşmalı oldumu?..


Kürd silahlılarının ABŞ-ın nəzarət etdiyi Mənbicdən çıxmağa qərar verməsi və prezident D.Trampın kürd separatistlərinə ayrılan 200 milyon dollarlıq (bu, onun Gürcüstana bu il köməkçün nəzərdə tutduğu məbləğdən 2 dəfə artıqdır!) yardımı dayandırması nəinki Suriya hərbi-siyasi teatrı baxımından, eləcə ABŞ-Türkiyə münasibətləri nəzərindən çox önəmli informasiyalardır.

Məsələ bundadır ki, bir müddət idi ki, ABŞ-la Türkiyə arasındakı münasibətlər, xüsusən də Ankaranın növbəti hədəfinin Mənbicin kürd silahlılarından təmizlənməsi haqda prezident R.T.Ərdoğanın bir neçə dəfə səsləndirdiyi bəyanatlar böyük narahatlıq yaradırdı, çünki bu müstəvidə ABŞ-la Türkiyənin həqiqətən də toqquşması mümkün idi.

Amma şükür ki, məsələnin qeyri-həlli tapıldı. Ankara Mənbic əməliyyatını təxirə saldı, kürd silahlıları isə bu bölgəni tərk edəcəklərini bildirdilər ki, sözsüz bu, da ABŞ-ın qərarı ilə oldu.

Təbii, bu, hələ problemin həlli deyil, kürdlər, daha doğrusu, PKK və onun qanadları bir yerdən başqa yerə köçürlər və onlar hələ də Türkiyə üçün potensial təhlükə olaraq qalırlar.

Amma o da var ki, əvvəldə prezident D.Trampın onlara yardımı təxirə saldığını dedik ki, heç sözsüz, bunun da kürd yaraqlılarının müqavimət qabiliyyətinə bilavasitə təsiri olacaqdır.

Ona görə indilik üçün demək olar ki, necə deyər, PKK-çıların bu dəfə də bəxti gətirmədi, çünki artıq dünyada ikinci “soyuq savaş”ın küləkləri əsməkdə və ən yeni geosiyasi formullar və koalisiyalar diqtə etməkdədir.

Elə ABŞ-ın son qərarları da (əgər təsdiqlənərsə!) tək ənənəvi Ankara-Vaşinqton müttəfiqliyinin diqtəsi deyildir. Görünür ki, könülsüz şəkildə Rusiya ilə qarşıdurmaya gedən D.Tramp anlayır ki, növbəti savaş üçün daha çox müttəfiq toplamaq lazımdı. Üstəlik də eyni bir vaxtda bir neçə cəbhədə vuruşmaq da olmur.

Həm də məsələ bundadır ki, ABŞ-ın ən etibarlı müttəfiqi olan Avropa üçün nə İran, nə də Çin aktual deyil, onlar da səylərin daha çox Rusiyaya yönəlməsində maraqlıdırlar. Belə bir vəziyyətdə isə Türkiyə ilə əlaqələri soyutmaq, Ankaranı da Rusiya blokuna qoşmaq ən məntiqsiz bir addım olardı.

Bir daha deyirik ki, hələ konkret qənaətlərin vaxtı yetişməyib - görək, bir nə olur? Amma burada bir incə nüans var. Birinci “soyuq savaş”ın da anonsu Britaniyadan gəlmişdi və hər şey böyük U.Çerçillin çox məşhur  “Fulton nitqi”ndəki çağırışlardan irəli gəlmişdi.

İndi də anti-Rusiya çağırışları daha çox Britaniya tərəfdən gəlir. Düşünürük ki, bu dəfə də anqlo-saks həmrəyliyi özünü göstərəcək və  güman ki, ikinci “soyuq savaş”ın da ideya müəllifi olmaq İngiltərəyə nəsib olacaq, hərçənd, Tereza xanım nəinki Çerçill, heç Tetçer də deyil.

Sadəcə, bizi bir qədər tərəddüdlə fikir yürütməyə vadar edən ortadakı D.Tramp amilidir - bu adam ABŞ siyasətənin ətalətini xeyli artırıb, hiss olunur ki, “ABŞ siyasət maşını” onu qərar verməyə zorla məcbur edir. Ona görə də, bir daha deyirik ki, proseslərdə ciddi ətalətlilik hiss olunur.

Fəqət, ruslar artıq çaxnaşmadadırlar. Nəzərləri “ikibaşlı qartal”ın göstərdiyi ikinci səmtə - Şərqə yönəlməkdədir, bu səmtdə isə yalnız bir ittifaq görünür ki, bu, da Çinlə ittifaqdır.

Amma bu yönümdə artıq təşəbbüsləri olsa da (Şanxay ittifaqı!), belə perspektiv heç Kremlin ürəyindən deyil, çünki Çin ABŞ-la qarışıdurmaya getməkdən yayınır. Üstəlik, məlum da deyil ki, məsələn, yaxın on ildə Çin bu fikrə düşəcəkmi?..

Çin özünün geosiyasi arxitekturasının orientirlərini müəyyən etməyib, iqtisadi cəhətdən güclü olsa da, ən böyük demoqrafik göstəriciyə malik olasa da, hələ hərbi nəhəng deyil. Üstəlik tarix boyu “səmaaltı imperiya” adlanan bu ölkə daha çox müdafiə olunmaqla məşğul olub, nəinki hücum etməklə...

Ona görə də ruslar hətta Türkiyədən daha çox şey gözləyir, nəinki Çindən. Hətta bəzi rusiyalı politoloqlar Ankaranı Moskvanın istifadə olunmamış “geosiyasi aktivi” adlandırır.

Düzdür, başqa cür düşünən və Türkiyəyə çox da etibar etməməyi məsləhət bilənlər də var, çünki Ankara bütün hallarda NATO ölkəsidir və lap elə bu günlərdə Kremlin gözləntilərinə rəğmən Alyans daxilində rus diplomatlarının sayının azaldılması ilə bağlı qərara etiraz etmədi. Həm də oratda türk faktoru da var; Türkiyə Rusiya üçün istər Qafqazda, istərsə də Mərkəzi Asiyada ən potensial rəqibdir...

Hüseynbala Səlimov
Tarix: 3-04-2018, 10:17
Xəbəri paylaş





Xəbər lenti