Putinin Vaşinqton dəvətinin PƏRDƏARXASI: Müharibəni unutduracaq görüş?


Rusiya prezidenti Vladimir Putinin ABŞ-a rəsmi səfərə dəvət edilməsi xəbəri Ağ Ev tərəfindən rəsmən təsdiq edilib. Səfərin baş tutub-tutmayacağı bilinmir. Amma ekspertlər hesab edir ki, əgər görüş tezliklə neytral ərazidə keçirilərsə, prezidentlər strateji təhlükəsizlik məsələsini müzakirə edəcək. Dövlət başçıları martın 20-də apardıqları telefon danışığı zamanı görüşün yaxın vaxtlarda keçrilməsi barədə razılığa gəlib. İkitərəfli müzakirələrin aparılacağı yerlər arasında Vaşinqtonun da adı çəkilib. Lakin Vaşinqtonda hələlik Putinin səfərinə hazırlıq getmir.

Qeyd edək ki, prezident Putin sonuncu dəfə ABŞ-a rəsmi səfərə 11 il əvvəl-2007-ci ildə gedib. Sabiq prezident Corc Buşla görüş zamanı strateji hücum silahlarından müdafiə və İraqdakı hərbi əməliyyatların nəticələrinə dair məsələləri müzakirə etmişdilər. Xeyli gərgin keçən danışıqlar zamanı Rusiya ABŞ-ın hər iki məsələdə əməkdaşlıq təklifini rədd etmişdi.

Donald Trampla danıışıqlar isə kifayət qədər gərgin bir dövrə təsadüf edir. Skripal cinayətindən sonra iki ölkə arasında diplomatik böhran yaşanır. ABŞ Rusiyanın Sietldakı, Rusiya isə Amerikanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayıb. Birləşmiş Ştatlar Rusiyanın 60 diplomatının xaric olunması barədə qərar çıxarıb. Buna cavab olaraq, Rusiya da analoji addım atıb. Rusiya iqtisadiyyatı, vəzifəli şəxsləri və hərbi-sənaye kompleksi ABŞ-ın sanksiyaları altındadır. Belə bir vaxtlda ikitərəfli müzakirələrin asan keçəcəyi inandırıcı görünmür.

Donald Tramp “Tvitter” səhifəsində Putinlə müzakirə edəcəyi mövzuların anonsunu verib. Bunlar KXDR-in nüvə proqramı, Ukraynada və Suriyadakı problemlər, İŞİD terror qruplaşmasına qarşı mübarizə və silahlanma sahəsində gələcək rəqabət məsələləridir.

Ancaq Tramp gərginlikdən imtinanı gücdən istifadədə görür. Bu, eks-prezident Ronald Reyqanın üsulu hesab edilir.

Kremlə yaxın dairələr də hesab edir ki, Rusiya ABŞ-la “güc vasitəsilə sülh” yaratmaq imkanlarına malikdir.Putinin Federal Məclisdə çıxışı zamanı yeni raketləri nümayiş etdirməsi buna xidmət edir. Lakin “Atlantic Council”un eksperti Metyu Berrouz hesab edir ki, indiki şəraitdə Putini Vaşinqtonda qəbul etmək Tramp üçün çox çətindir. ABŞ prezidenti buna yalnız Şimali Koreya lideri Kim Çen Inla görüşdükdən sonra nail ola bilər. “Bundan sonra KXDR-ə təminat verən ölkələrlə görüşmək onun üçün olduqca asan olacaq.Əgər Şimali Koreya ilə danışıqlar uğurlu alınarsa, məsələn, Tehranla münasibətlərdə qarşıdurma baş verməsə, Rusiya ilə strateji sabitliyin daha da gücləndirilməsinə dair danışıqlar çox vacib olacaq. Əgər ABŞ nüvə müqaviləsindən imtina etməyə davam edərsə, özünün və ya başqalarının əlləri ilə İrana zərbə endirərsə, hər hansı  danışıqları unutmaq lazım gələcək”-deyə ekspert bildirib.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Putinin ABŞ-a dəvət edilməsi kifayət qədər strateji əhəmiyyət daşıyır:

“”Skripal qalmaqalı”, Şimali Koreyanın ABŞ-la yaxınlaşması, Suriyadakı böhranın strateji baxımdan yeni mərhələyə daxil olması, ABŞ-ın son anda mövqeyini dəyişdirib Türkiyəyə üstünlük verməsi, Türkiyəni müttəıfiqlər içərisində Suriyada söz sahibi statusuna gətirməsi və Rusiyanın ABŞ-ın qurduğu Suriya tələsinə düməsi, Rusiya prezidentini Vaşinqtona dəvət etməyə vadar etdi. Artıq masada əli güclü olan tərəf ABŞ-dır. Suriya məsələsində Amerika uduzmuş bir tərəf olsa da, hazırda üzə çıxan bir çox məqamlar bu məsələlərdə Birləşmiş Ştatların Rusiyanın yaxın gələcək üçün geostrateji bir oyun qurduğunu və bu oyunun davam etdiyini göstərir.Putinin Vaşinqtona səfəri zamanı qapalı müzakirəyə çıxarılacaq məsələlər artıq məlumdur. Vladimir Putinə qloballaşan dünyada və təhlükəsizliyi qurulan bir sistemdə İsrail, Britaniya, Avropa Birliyi, Kanada, Cənubi Koreya, Yaponiya, Avstraliya, Pakistan və İndoneziya tərəfindən yaradılmış siyasi alyansın yaratdığı yeni qaydalara Rusiyanı tabe etmək təklif olunacaq və onun çıxış yolunun olmadığı bildiriləcək. Masadakı bu məsələlər Putinə avtoritetinin qorunub saxlanılması üçün müəyyən manevr imkanları verir. Digər tərəfdən, Putini sadəcə, Suriyadakı tələyə salmaqla deyil, eyni zamanda, Şimali Koreya ilə Cənubi Koreya arasındakı münasibətlərin də ən yüksək formaya gətirilməsinin də yeni bir tələ mexanizmi olduğunu açıb ortaya qoyacaqlar. Artıq Rusiyanın siyasi cəhətdən bütün tərəflərdən mühasirəyə alındığını, Putinin çıxış yolunun olmadığını, hərbi sahəyə tətbiq edilən sanksiyaların həm də nüvə silahının istehsalında istifadə olunan xammalın da Rusiyaya ixracına qadağa qoyulacağı bağlı qapılar arxasında danışılacaq gizli məsələlərdən biridir.Əgər bu görüş baş tutarsa, Rusiya prezidentini müəyyən dəyişikliklərə məcbur edəcək.Çünki valyuta ehtiyatları enerji satışına formalaşdırılan Rusiya defolt ərəfəsindədir.Amerika da ilk dəfədir ki, 2018-ci ilin dövlət büdcəsini bu qədər qabarıq şəkildə nümayiş etdirir.Birləşmiş Ştatların dövlət büdcəsi Rusiyanın dövlət büdcəsindən iki dəfə, hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən 14 dəfə böyükdür.Bu da Putini yaxın perspektivdə bir sıra güzəştlərə getməyə sövq edə bilər.ABŞ-ın bu siyasəti “İkinci Reyqan planı”nın bir qoludur. Çox güman ki, prezident Putin Şimali Koreya liderindən əvvəl ABŞ-a səfər etmək istəyəcək. Çünki Putin Kim Çen Inın hansı müzakirələr aparacağını, hansı yumşaqlıqlar göstərəcəyini bilmir. Şimali Koreya rəhbərinin Çinə səfəri onun ABŞ-a səfəri zamanı da eyni siyasi kursu sərgiləyəcəyi anlamına gəlmir. Ancaq Kim Çen Inın Donald Trampla görüşəcəyini söyləmək də hələ məmmalıdır.Ona görə ki, Çin və Rusiya ittifaqı bu görüşün baş tutmaması üçün əlindən gələni edir.Lakin bu və ya digər formada Rusiya geri dönüşü olmayan bir yola qədəm qoyub.Rusiyanın iki yolu var. Ya Putin rəsmi Vaşinqtonun masaya qoyacağı beynəlxalq güclərin təhlükəsizlik strategiyasını qəbul etməlidir.Əks təqdirdə, bunun ağır nəticələri olacaq.İkinci variant bundan ibarətdir ki, İŞİD-lə və beynəlxalq terrorizmə qarşı mübarizə məsələsində ABŞ-la əməkdaşlıq edə bilər.Lakin diktatorların dəstəklənməsi məsələsində Rusiyanın siyasətini yumşaltması o qədər də asan deyil.Bu da Rusiyanın özünün avtoritar quruluşa malik ölkə olması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan olan ölkələr də daxil olmaqla diktatura rejimlərini dəstəkləməsi ilə bağlıdır.Ona görə də Putin üçün ağır dönəm başlayır. Putin həmin görüşdə hücum edən deyil, müdafiə olunantərəf olacaq. Britaniyada baş verən hadisə, ruslarla yanaşı, ingilislərin zəhərlənməsi, bunun ardınca Rusiyanın diplomatik böhrana salınması və ABŞ qoşunlarının Suriyadan çıxartmaq qərarı ilə Türkiyənin lokomotivinə çevrilmçəsi ilə Suriya Rusiya üçün ikinci Vyetnama çevrildi. Birinci Vyetnam misalı kimi Əfqanıstan olmuşdu. Rusiya üçün ikinci Vyetnam isə Suriya olacaq.Bu baxımdan, Tramp- Putin görüşündən sonra artacaq böhranı azaltmaq üçün Rusiya prezidenti müəyyən güzəştlərə getməli olacaq”.

Fərrux Məmmədovun proqnozlarına görə, Vladimir Putin amerikalı həmkarı ilə görüşdə geriyə doğru müəyyən addımlar atsa da, bunun mediaya sızmamasına çalışacaq. Yəni anlaşma 20-30 il müddətinə gizli saxlanıla bilər. Əgər prezident Putin açıq şəkildə ABŞ-ın ağır şərtlərini qəbul edərsə, bu Rusiyada kəskin iğtişaşlara və etirazlara səbəb ola bilər. Ona görə də Rusiya prezidenti vəziyyətdən çıxış yolu tapmaq üçün bütün variantları götür-qoy edib qərar verəcək.

Müşfiq Abdulla

Cebhe.info

Tarix: 4-04-2018, 22:07
Xəbəri paylaş





Xəbər lenti