Gürcüstan “məxməri” inqilaba doğru gedir


Hakimiyyət partiyası təlaşa düşüb-ölkədə Saakaşviliyə xiffət hissi artır

Ermənistanda baş tutan məxməri inqilabdan sonra Gürcüstanın paytaxtı Tiflis son bir həftədə mitinqlərlə çalxalandı. Təkcə ötən həftənin son iki günündə Tiflisdə gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyalar kütləviliyinə görə ciddi vəziyyət yaratdı. Aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir. O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. Növbəti aksiya bu həftənin şənbə gününə təyin olunub. Bu hadisələrdən öncə də Gürcüstan daxilində bir siyasi hərəkətlənmə, etiraz aksiyaları müşahidə olunmağa başlanmışdı.

Sabiq prezident Mixail Saakaşvilinin də məhz belə bir zamanda tezliklə vətənə dönəcəyini və iqtidarı dəyişəcəyini bəyan etməsi siyasi hərarəti artırıb.

Bəs Gürcüstanda son vaxtlar tez-tez müşahidə edilən mitinqlər bu ölkədə də yeni inqilab küləyinin işartıları sayıla bilərmi? Mixail Saakaşvilinin tezliklə Gürcüstana gələcəyi və hakimiyyəti dəyişəcəyi barədə bəyanatları populizmdir, yoxsa sabiq prezident hansısa ciddi prosesin getdiyinin fərqindədir ona görə bu cür əmindir?

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstandakı vəziyyətə qiymət verərkən ilk öncə Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinə diqqət yetirmək lazımdır. Cənubi Qafqazda Rusiyanın hərbi-iqtisadi cəhətdən yeganə forposto olan Ermənistanda Kremlin ənyaxın adamı olan Serj Sarkisyan istefaya məcbur edilirsə, Gürcüstanda ola biləcək hadisələri görmək çətin deyil: “Bilirsiniz ki, Rusiya vaxtilə Saakaşvili hakimiyyətini dəyişmək üçün çox çalışmışdı və nəticədə Moskvaya yaxınlığı ilə tanınan Bidzina İvanaşvilinin yaratdığı “Gürcü Arzusu “hərəkatının köməkliyi ilə Saakaşvilinin lideri olduğu “Milli Birlik Hərəkatının” (MBH) hakimiyyətininə son qoyulmuşdu. Hakimiyyətdə qısa müddət baş nazir olan İvanaşvili sonradan istefa edərək ölkəni qeyri rəsmi idarə etməyə başladı. Son vaxtlara qədər olan bu model hamını qane edirdi.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Çünki ölkədə əsas müxalifət sayılan Mişanın yaratdığı MBH  çox zəifləmişdi, lideri vətəndaşlıqdan  məhrum edilib, haqqında cinayət işi qaldırılaraq axtarışa verilmişdi. Nəticədə MBH  seçkilərdə parlamentdə 150 yerə qarşı cəmi 27 yer qazanmışdı. Ən nəhayət bundan sonra MBH-nın sədri, keçmiş parlament sədri Davit Barkadze 21 deputatla  partiyadan ayrılaraq “Azadlıq üçün Avropa Gürcüstanı” Partiyasını yaratdı. Yəni hər şey İvanaşvili üçün yaxşı gedirdi. Son vaxtlar regionda baş verən hadisələr, Ermənistandakı hakimiyyət dəyişikliyi, Saakaşvilinin aktivləşməsi, bəyanatları və eloktaratını aktivləşdirmə cəhdləri hakimiyyəti və Rusiyanı narahat etməyə başladı. Hazırda Gürcüstanda olan kütləvi etiraz tədbirləri hər zaman istiqamətini dəyişib, sıralarını genişləndirməklə inqilabi hadisələrə gətirib çıxara bilər. Saakaşvilinin burada  rolu böyük ola bilər. Gürcü Arzusunun 6 illik hakimiyyətləri vaxtında onlara ümüd edən insanların sayı kəskin şəkildə aşağı düşmüş, fərd olaraq Saakaşviliyə olan münasibətin müsbətə doğru yüksəlməsində isə artım müşahidə olunur”.

Siyasi ekspertin fikrincə, Saakaşvilinin Ukraynada yaşadığı problemlər, həbs və təqib olunması, bir çox hallarda gürcü millətindən olduğu vurğulanaraq Ukraynada aşağılanması cəhdləri də milli hisslərdən asılı olaraq onun gürcü xalqı arasında dəstəyinin daha da artmasına səbəb olub.  Odur ki, Gürcüstanda etiraz mitinqləri artarsa Mixail Saakaşvilinin gəlməyinə ehtiyac belə olmayacaq. O etirazşıları kənardan da idarə edə bilər, zamanında isə ölkəyə gələr: “Bütün bunları təhlükə hiss etdiyi üçün də İvanaşvili siyasətə qayıdışını elan edib, bu yaxınlarda keçirilən qurultayda Gürcü Arzusunun sədri seçilib. Ancaq dediyim kimi nə “Gürcü Arzusuna” nə də ki İvanaşviliyə olan münasibət hakimiyyətə gəldikləri 6 il öncə olduğu kimi deyil. Doğurdan onun da, Rusiyanın da narahat olması üçün ciddi əsasları var. Amma nəticə gürcü xalqının fəallığından, Saakaşvilinin bu fəallığı doğru istiqamətləndirməsindən və Qərbin əsaslı dətəyindən asılı olacaq”.

VÄ°P sÉdri Æli Æliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə bildirdi ki, demokratiya daim rəqabət, daim təzələnmə, daim yenilik deməkdir. Gürcüstanda son günlər baş verənlər, bizim tərəfdən yanaşılsa, absurd etirazlardır. Tiflis polisi narkomaniya və narkotiklərin trafiki ilə bağlı gecə barlarında əməliyyat keçirib. Nəticəsində 10-a qədər istifadəçi və diler həbs edilib. Gənclərin etirazı həbslər zamanı tətbiq olunan qeyri-adekvat gücdən istifadə edilməsinədir. Kadrlardan da aydın görünür ki, bələdiyyə polisi silah və zopasız, yalın əllə hərəkət edir: “Bunları söyləməkdə məqsədim var. Təfərrüatlardan gəlinən nəticəyə diqqət yönəltmək istəyirəm. Azadlıq və hakimiyyət təmsilçisi polislərin davranış tərzi, məhz Saakaşvilinin Gürcüstana gətirdiyi dəyərlərdir. Onun səpdiyi demokratiya cücərtilərini çətin ki, kimsə tapdalayıb sona çatdırsın. Bizim münasibətimizin necə olmasından asılı olmayaraq, Mixail Saakaşvili Gürcüstan üçün böyük qurucu və canlı əfsanədir. Gürcüstanda onun etdiyi islahatları canlı şəkildə görmüşəm. Gürcülərlə onun barəsində xeyli söhbət etmişəm. Münasibətindən asılı olmayaraq, hamı Saakaşvilinin dövlət qarşısındakı xidmətlərini etiraf edib. Onun Ukraynada etdikləri də diqqət çəkəndir. Keçmiş SSRİ məkanı üçün Mişa demokratiya və dəyişiklik simvoludur. Onun vətənində siyasi baxımdan güclənməsi qaçılmazdır. Son illərdə Gürcüstanda ona artan xiffət hissi açıq sezilir. Bu baxımdan mövcud hakimiyyət ona qarşı nə qədər mübarizə aparsa da, sadə gürcülər ona layiq olduğu qiyməti verəcəklər. İstisna da etmirəm ki, Saakaşvili yenidən Gürcüstana dönsün və yenidən hakimiyyətə gəlsin”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 15-05-2018, 21:16
Xəbəri paylaş





Xəbər lenti