İranda müəmmalı ölümlər: 2 həftədə 3 raket mütəxəssisi dünyasını dəyişib


 
 
İran mərkəzli sosial media platformaları raket və pilotsuz uçuş aparatlarının mühərrikləri üzrə daha bir mütəxəssisin “zəhərlənmə nəticəsində” öldüyünü iddia edirlər. Söhbət Tehrandakı Şərif Texnologiya Universitetində aviasiya mühəndisliyi üzrə doktorluq dərəcəsi alan raket alimi Əyyub İntizaridən gedir.
 
Ovqat.com-un məlumatına görə, əgər bu fakt rəsmən təsdiqini taparsa, son iki həftədə raket sahəsində çalışan və həyatını itirən iranlı mütəxəssislərin sayı 3-ə yüksələcək.
 
İsrail mətbuatında yer alan xəbərlərə görə, Əyyub İntizari çərşənbə axşamı müəmmalı şəkildə dünyasını dəyişib.
 
İranın rejim əleyhdarı media qurumlarına inansaq, İntizari Yəzd şəhərindəki tədqiqat və təkmilləşdirmə mərkəzində raket və pilotsuz təyyarələrin yaradılması üzrə ixtisaslaşmış alim idi və o, şənbə günü ölüb. 
 
Bildirilir ki, İntizari İranın mərkəzində raket və pilotsuz uçuş aparatlarının inkişafı sahəsində fəaliyyət göstərən Bardis Aerokosmik Mərkəzində işləyirmiş. “Böyük layihələr üzərində işləyən mütəxəssisin zəhərlənmə nəticəsində öldüyü deyilsə də, yaxınları onun ölməmişdən əvvəlki gecə özlərindən fərqli yemək yemədiyini və heç bir xəstəlikdən əziyyət çəkmədiyini iddia edirlər”, - vurğulanan məlumatda İntizarinin sui-qəsd nəticəsində öldürülə biləcəyinə eyham vurulur.
 
İntizari ilə bağlı xəbərin İranın İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin daha bir polkovnikinin öldürüldüyünün elan edilməsindən bir gün sonra gəlməsi də bu şübhələri artırır. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən bir səlahiyyətli, polkovnik Əli İsmayılzadənin iki gün əvvəl paytaxt Tehrandan təxminən 35 km şimal-qərbdə yerləşən Kerac şəhərində baş verən insidentdə öldüyünü bildirib. Xəbərdə təfərrüatlar verilməsə də, polkovnikin sui-qəsdə uğraması iddiası təkzib edilib.
 
Bundan əvvəl isə may ayında motosikletlə hərəkət edən 2 naməlum silahlı şəxs digər bir SEPAH polkovniki Həsən Səyyad Hudayini Tehrandakı evinin qarşısında avtomobilində oturarkən 5 atəş açmaqla öldürmüşdü. İran Hudayinin ölümündə İsraili günahlandırmışdı. 
 
İran Beynəlxalq Agentliyi iddia edib ki, İsmayılzadə Hudayinin qətlində istifadə edilən məlumatları İran düşmənlərinə təqdim etdiyinə dair şübhələr səbəbindən öldürülüb.
 
İran Beynəlxalq Agentliyi İsmayılzadənin mayın 22-də Tehranda güllələnərək öldürülən Hudayi ilə yaxın olduğunu bildirib. “Hər ikisi xaricdə adam oğurluğu və sui-qəsdlər həyata keçirən İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə bağlı gizli bölməsi olan 840-cı bölmənin üzvləri idi. İrandakı mənbələr İnqilab Keşikçiləri İsmayılzadəni evinin damından atıblar, lakin ailəsinə həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya düşdüyü üçün intihar etdiyini bildiriblər”, - məlumatda qeyd olunur.
 
Hadisə Tehranın ən təhlükəsiz ərazilərindən biri olan, İnqilab Keşikçiləri Qvardiyasının və Qüds Qüvvələrinin yüksək rütbəli rəsmilərinin yaşadığı Muhiddin əl-İslam küçəsinin mərkəzində baş versə də, İran hakimiyyəti hələ də günahkarları müəyyənləşdirə bilməyib. 
 
Xəbərlərə görə, hadisə ilə bağlı rəsmi açıqlama verməyən İsrail İranın hücumundan narahat olaraq dünyadakı səfirlik və konsulluqlarının təhlükəsizliyini həyəcan səviyyəsinə qaldırıb. Adı açıqlanmayan bir kəşfiyyat rəsmisi “New York Times” qəzetinə deyib ki, İsrail ABŞ rəsmilərinə sui-qəsdin arxasında onun dayandığı barədə məlumat verib. İsrail hökuməti bu iddianı təkzib edib.



Tarix: 6-06-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti