Hulusi Akar Suriya ilə bağlı Şoyquya sərt xəbərdarlıq etdi

Reuters yazır ki, Rusiya Türkiyənin Suriyaya mümkün müdaxiləsinə qarşıdır və Türkiyə ilə bu barədə danışıqlara hazırlaşır
Türkiyənin müdafiə naziri Hulusi Akar iyunun 7-də rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon söhbətində deyib ki, Ankara Suriyanın şimalında sabitliyi pozacaq istənilən hərəkətlərə cavab verəcək.
Akar Şoyquya deyib ki, Türkiyə regionda sabitliyin pozulmasına yönəlmuiş bütün hərəkətlərə sərt reaksiya verəcək və bu bölgədə terrorçuların mövcudluğu Türkiyə üçün qeyri-məqbuldur.
Reuters agentliyinin yazdığına görə Akar habelə xatırladıb ki, bundan əvvəl əldə olunmuş razılaşmalara əməl edilməlidir.
***
Suriyanın şimalındakı Rusiya və Suriya qoşunları gücləndirilir. Türkiyə az əvvəl bu ərazidən kürd yaraqlıları çıxarmaq məqsədilə hərbi əməliyyat keçirəcəyini bəyan etmişdi.
Reuters yazır ki, Rusiya Türkiyənin Suriyaya mümkün müdaxiləsinə qarşıdır və Türkiyə ilə bu barədə danışıqlara hazırlaşır.
Prezident Recep Tayyip Erdoğan iki həftə bundan əvvəl bildirmişdi ki, onun ölkəsinin silahlı qüvvələri Türkiyə sərhədi boyunca Suriyanın ərazisində 30 kilometrlik bufer zolağının yaradılması məqsədilə hərbi müdaxilə edəcək.
Erdoğan xüsusi olaraq Mənbic və Tel Rifat regionlarının adlarını vurğulmışdı.
Rusiya ötən həftəsonu Türkiyəni belə bir əməliyyatdan çəkindirmək üçün xəbərdarlıq edib.
Reuters xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də danışıqlar aparmaq üçün Ankaraya yola düşəcək.
Ehtiyatlı oyun
Rusiya və Türkiyə arasında sıx bağlar var və Ankara Ukraynada müharibənin dayandırılması üçün Moskva və Kiyev arasında vasitəçi olmağa can atır.
Buna baxmayaraq Suriyada Moskva və Ankaranın maraqları daban-dabana ziddir.
Onlar Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.
Reuters yazır ki, Suriyaya daha bir hərbi müdaxilə üçün Erdoğana Putinin heç olmasa “üstüörtülü” razılığı lazımdır. Əks halda müdaxilə edən Türkiyə qüvvələri ağır itkilərə məruz qala bilər.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, kürd silahlılar və Suriya hökumət qüvvələri Türkiyənin hücumlarını birlikdə dəf edəcəkləri barədə razılığa gəliblər.
Rusiya və Türkiyə indiyədək Suriyada bir-birilə ehtiyatlı oyun oynayıblar. Buna baxmayaraq zaman-zaman vəziyyət onların arasında birbaşa toqquşma həddinə çatıb.
Reuters yazır ki, hələki sərhəd boyunca Türkiyənin müdaxilə edəcəyini göstərən əhəmiyyətli qoşun cəmləşdirilməsi müşahidə olunmayıb.
Lakin son iki həftədə qarşılıqlı raket atışmalarının intensivləşdiyi xəbər verilir.
Rusiya mövqelərini möhkəmləndirir
Türkiyə bildirir ki, onun nəzərdə tutulan hərbi əməliyyatından məqsəd kürdlərin YPG özünümüdafiə qüvvələrini sərhəddən geri oturtmaqdır.
Digər tərəfdən Türkiyənin PKK-nın bir qolu hesab etdiyi YPG ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) özəyini təşkil edir.
Buna görə də Türkiyənin YPG üzərinə hər hansı hücumu ABŞ-ın bu bölgədəki müttəfiqinə hücum kimi qiymətləndiriləcək.
Türkiyənin Suriyada dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) sözçüsü bildirib ki, Rusiya Tel Rifat, Mənbic, Kobani and Ayn İssa şəhərləri yaxınlığındakı mövqelərini möhkəmləndirir. Bu ərazilər Türkiyə sərhədinin 40 kilometrliyindədir.
SMO-nun sözçüsü mayor Yusef Həmmud deyib ki, son günlər İrana bağlı qüvvələr də YPG-yə dəstək üçün səfərbər edilir.
SMO-nun kəşfiyyat məlumatlarına görə Tel Rifat yaxınlığındakı hərbi bazaya Rusiya helikopterləri qonur.
Türkiyənin Anadolu agentliyi isə bildirir ki, Rusiya Suriyanın şimalında qüvvələrini cəmləşdirir və Qamışlı yaxınlığında Pantsir-S1 havadan müdafiə sistemləri qurur.
SDQ-nin komandanı Məzlum Əbdi Reuetrs agentliyinə deyib ki, Suriya hökumət qüvvələri Türkiyə təyyarələrinə qarşı özlərinin hava hücumundan müdafiə sistemlərini işlətməlidirilər və kürd qüvvələri Türkiyə qoşunlarına qarşı əməkdaşlığa açıqıdırlar.
Ankarada Lavrova hansı sualları verəcəklər
Ankara bildirir ki, Suriyanın şimalına müdaxilə məhz indi həyata keçirilməlidir, çünki Moskva və Vaşinqton YPG qüvvələrini Türkiyə sərhədindən 30 kilometrlik məsafəyə çəkəcəkləri barədə vədlərini pozublar.
Vaşinqton bildirib ki, bölgədə hər hansı hərbi əməliyyatın keçirilməsi ABŞ qüvvələrinin həyatını riskə ata bilər.
Moskva bildirib ki, o Ankaranın onsuz da mürəkkəb vəziyyəti eskalasiya edəcək hərəkətlərdən çəkinəcəyinə ümid edir.
Türkiyənin yüksək vəzifəli rəsmilərindən biri Reuters agentliyinə deyib ki, Ankara Sergey Lavrova bir kəşfiyyat məlumatı barədə suallar verəcək.
Bu məlumata görə Suriya hökumət qüvvələri və İran tərəfindən dəstəklənən yaraqlılar ya Tel Rifata gətirilib, ya da gətirilməkdədir.
Rəsmi bildirib ki, “Türkiyə bu əməliyyatı bütün hallarda keçirəcək”.
Suriya hökuməti öz qoşunlarının hərəkəti barədə xəbərlərlə bağlı heç bir açqılama vermir.
Lakin Suriyanınn hökumətyönlü Vətən qəzeti yazır ki, Suriya qoşunları və hərbi texnikası Türkiyənin mümkün hücumunu dəf etmək üçün Türkiyə sərhədi yaxınlığında cəmləşdirilir.
Azadlıq radiosu
Tarix: 8-06-2022, 18:20
Xəbəri paylaş





Xəbər lenti