Məşhur politoloq-filosof: “Putin müharibəni uduzub, Rusiya məğlubiyyətə doğru gedir”


 39 
“Rusiya prezidenti Vladimir Putin Ukraynada tam siyasi iflasa uğrayıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə dünya düzənini dəyişməyəcək, həm də Rusiya hökmdarı üçün fəlakət olacaq”.
Musavat.com xəbər verir ki, yapon əsilli amerikalı məşhur politoloq və filosof Frensis Fukuyama bunu Almaniyanın “Welt” qəzetinə müsahibəsində bildirib. O, əmindir ki, Ukrayna ərazilərinin işğalı Moskvaya baha başa gələcək.
“Artıq yeni dünya düzəni formalaşır. Bu, demokratik ölkələr düşərgəsinin avtoritar rejimlərə, ilk növbədə Rusiya və Çinə qarşı uzun illər apardığı mübarizənin nəticəsidir. Ukrayna müharibəsi bu prosesin kulminasiya nöqtəsidir. Artıq döyüş meydanında ard-arda uğursuzluğa düçar olan Rusiya məğlubiyyətə doğru gedir və ardınca Ukrayna ordusu tərəfindən Donbasdan sıxışdırılıb çıxarılacaq. Bu, Putinin fəlakətli uğursuzluğudur. Təkcə müharibədə yox, tam siyasi uğursuzluqdur”, - politoloq əminliklə qeyd edib.
Fukuyama Putinin Ukraynada başlatdığı müharibə nəticəsində dünya nizamına təsir edən bir neçə əsas məqamı qeyd edib:

1) NATO İsveç və Finlandiya hesabına daha da genişlənəcək.
2) Qərb çoxdan bunca yekdil deyildi.
3) Almaniya son 40 ildəki şərq siyasətini yenidən nəzərdən keçirdi.
4) ABŞ Tramp dövründə itirdiyi liderliyi geri qaytardı.
5) Qərb Ukraynanı özünə müttəfiq kimi qəbul edib və ona çox böyük kömək edir.
Politoloq bu xüsusda düşünür ki, Rusiya üçün özünü atdığı bu uçurumdan çıxmaq çox çətin olacaq. “Bu ölkə “izqoy”a (hamının iqnor elədiyi ölkə - red.) çevriləcək və Şimali Koreya kimi beynəlxalq ictimaiyyətdən təcrid olunacaq”, - amerikalı filosof vurğulayıb.
Politoloq onu da qeyd edib ki, Çin zəifləmiş Rusiyaya təzyiq edə bilər: “Məsələn, Sibirdə. Çinlilərin bunu silah gücü ilə edəcəyini düşünmürəm. Onların neft və qaz kimi Rusiya resurslarını əldə etmək üçün başqa yolları var. Bundan baqşa, sanksiyalarla cəzalandırılan Rusiya artıq Çindən bu məhsulları alması üçün yalvarır. Putin mütləq Çinin təsiri altına düşəcək”.
Fukuyamaya görə, oxşarlıqlarla yanaşı, Çin və Rusiyanın davranışlarında fərqliliklər də var: “Əvvəllər düşünürdüm ki, Rusiya, məsələn, Yaxın Şərqdə Sovet İttifaqı kimi güc tətbiq etmək istəməz. Amma Putin mənə başqa şeyləri öyrətdi. O, güc tətbiq elədi və Suriyaya, Krıma, Donbasa qoşun göndərdi. Hətta Venesuelaya da göndərdi. İndi də Ukraynaya girib. O, ağılsızcasına böyük riskə gedib”.
Ekspertin qənaətincə, “çinlilər o qədər də axmaq deyillər” və səbrlidirlər. “Onlar bilirlər ki, öz iqtisadiyyatları və texnologiyaları sayəsində daha güclü olacaqlar. Riskli hərbi avantürizm Çinin üslubu deyil”, - Fukuyama əminliklə bildirib və əlavə edib ki, Qərb qətiyyən avtoritar rejimlərdən - nə Rusiyadan, nə də Çindən iqtisadi cəhətdən asılı olmamalıdır.
Siyasət şöbəsi
Tarix: 11-06-2022, 22:27
Xəbəri paylaş





Xəbər lenti