Rusiya Putindən də betər birini "doğacaq"


Natiq Cəfərli: "Dünya fəlakətlərlə üz-üzə qala, hətta nüvə müharibəsi təhlükəsi sivilizasiyanın tamamən məhv olması ilə nəticələnə bilər"

   Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Avropa Rusiya ilə birgə yaşamağa davam etməlidir. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. O bildirib ki, Moskva ilə dialoq dayanmamalıdır. O, Rusiyanın sülh danışıqlarından sonra mövcudluğunu davam etdirəcəyini söyləyib. 

Diplomatın fikrincə, Avropa Rusiya ilə necə yaşayacağını dəqiq müəyyən etməlidir: “Rusiyanın Ukraynada etdiklərindən sonra belə birgəyaşayış çox çətin olacaq. Ancaq yenə də bu qitədə ruslarla birlikdə yaşamağa çalışmalı olacaqsınız. Biz Rusiya ilə danışıqları davam etdirməliyik”. 
Borrel əlavə edib ki, Moskva ilə əlaqə kanalları heç vaxt bağlanmayıb və bağlanmayacaq. Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynada döyüşlər dayandırıldıqdan sonra diplomatik həll yolunun tapılması üçün Rusiyanın alçaldılmamasının həyati əhəmiyyət daşıdığını demişdi. O, Parisin münaqişənin sona çatması üçün vasitəçi rol oynayacağına inandığını bildirmişdi. 

ReAl Partiyasının sədr müavini Natiq Cəfərli deyib ki, Makronun “Rusiyanı alçatmaq olmaz, anlaşmaq lazımdır” tezisinə Borreldən dəstək gəlsə də, bəzi Avropa ölkələri və ABŞ siyasətçiləri bu fikri sərt tənqid edirlər. Partiya funksioneri xatırladıb ki, Birinci Dünya müharibəsindən sonra Almaniya alçaldıcı sülhə imza atmağa məcbur qaldı: 

“Almaniya təkcə bəzi torpaqlarını deyil, qürurunu da itirdi, aşağılandı. Fransa isə qalib ölkə kimi Almaniya ərazisində istədiklərini etdi. Alman xalqını hər addımda alçaltdılar. Nəticədə bu vəziyyət Hitleri “doğdu”. Cəmi 20 il sonra Almaniya Parisə daxil olub Fransanın tamamına yaxınını işğal etdi. Sonda məğlub olsa da, Avropa və dünya üçün fəlakətlərə yol açdı. 100 milyon insanın həyatına, onminlərlə şəhərin, kəndin dağıdılmasına yol açdı. Aşağılanmış, alçaldılmış Rusiya Putindən də betər birini “doğacaq”. Dünya fəlakətlərlə üz-üzə qala, hətta nüvə müharibəsi təhlükəsi sivilizasiyanın tamamən məhv olması ilə nəticələnə bilər. Məhz buna görə Rusiya ilə bağlı belə bəyanatlar səsləndirilir”. 
Tarix: 14-06-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti