Kim kimi yer üzündən siləcək? - İsrail İranı, yoxsa…


Kim kimi yer üzündən siləcək? - İsrail İranı, yoxsa…



Amerika İranla nüvə sazişindən - Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxdıqdan və 2018-ci ildə sanksiyaları bərpa etdikdən sonra rəsmi Tehran  uranın "həddindən artıq" zənginləşdirilməsini bərpa edib. İndi bir çox ekspertlər hesab edirlər ki, Tehran nüvə silahı istehsalına yaxınlaşıb və nəyin bahasına olursa olsun, müvafiq proqram dayandırılmalıdır. 
Cebhe.info xəbər verir ki, 2015-ci ildə Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Fransa və İran nüvə sazişi imzalayıb. Bu sazişə əsasən, İran zənginləşdirilmiş uranın böyük hissəsini xaricə ixrac edəcək, MAQATE ekspertlərinə ölkədəki bütün nüvə obyektlərinə icazə verəcəkdi. Bu 20 illik müddət İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşımasını təmin etməyə imkan verəcəkdi. Bunun müqabilində ölkəyə qarşı sanksiyalar aradan qaldırılacaqdı.
MAQATE mütəmadi olaraq İranın öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləsə də, 2018-ci ildə ABŞ-ın ovaxtkı prezidenti Donald Tramp ölkəsinin JCPOA-dan çıxdığını elan etdi. İran bir müddət gözlədi və uranın zənginləşdirilməsi prosesinə planda nəzərdə tutulan 3,67%-dən yüksək səviyyədə başladığını bəyan etdi. İranda tədricən nüvə proqramı bərpa olundu.
İndi bir çox ekspertlər iddia edirlər ki, İran artıq uranın zənginləşdirilməsini 60%-ə çatdırıb və tələb olunan 90%-ə yüksəldilməsi bir neçə həftənin işidir. Nüvə döyüş başlığının hazırlanması və onun uzaqmənzilli raketlərlə təchiz edilməsi 1,5-2 il çəkəcək.
İranda aclar üsyanı 

MAQATE İranın yüzlərlə yeni sentrifuqa quraşdırmaq prosesinə başladığını bildirərək ölkəni onunla əməkdaşlıq etmədiyinə görə qınayan bir qətnamə qəbul edib. Çin və Rusiya sənədin əleyhinə səs verib. Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov qətnaməni “axmaqlıq” adlandırıb və təəssüflə bildirib: “Qərbli həmkarlarımız harada olduğumuzu tam səhv başa düşüblər”. Çinin nümayəndəsi Vanq Çanq isə vurğulayıb ki, ölkəsi İrana təzyiqlərə qarşıdır, çünki bu,  problemlərin həllinə kömək etmir, əksinə, vəziyyəti gərginləşdirir.
Bunun ardınca İsrail və ABŞ ayağa qalxıb. Xüsusilə də Təl-Əviv İranın nüvə proqramını dayandıracağını bildirib və görünür, təhdidini həyata keçirməyə hazırdır. Bu yaxınlarda İranın Pərçin şəhərindəki hərbi bazasına hücum edilib - pilotsuz təyyarələr zavodu dağıdılıb, bir nəfər ölüb.
Əvvəllər də İranda xüsusilə nüvə sahəsində çalışanların bir sıra müəmmalı ölümləri olub. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti öldürülüb. Onlardan biri peyklərin və ballistik raketlərin hazırlanması üzərində işləyirdi. Nüvə layihələri də daxil olmaqla hərbi layihələrdə iştirak edən alimlərin üstü açılmayan ölümləri də müəmmalıdır.
İran Xarici İşlər Nazirliyi raket proqramlarında iştirak edən SEPAH zabitlərinin ölümünə cavab olaraq, Tehranın “İsrailin hərəkətlərinə doğru yerdə cavab veriləcəyini və bunun üçüncü ölkə olmayacağını” deməklə diqqəti üzərinə çəkib. Yəni İran öz alimlərinin ölümündə İsraildən şübhələnir.
Bu arada İsrailin Hərbi Hava Qüvvələri Aralıq dənizi üzərində İrana qarşı hərbi əməliyyatları imitasiya edərək irimiqyaslı təlimlər keçirib. Bundan əlavə, israillilər İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün “F-35 Adir” gizli qırıcılarından istifadə edə bilər. İndi bu silahların uzaq məsafəyə görə havada yanacaq doldurmağa ehtiyacı yoxdur. İsrail mətbuatının yazdığına görə, yerli ekspertlər “F-35 Adir” qırıcılarının gövdələrinə 1000 kiloqramlıq bomba quraşdırıblar . Onlaırn sayı 36-dır. Rusiya mətbuatı yazır ki, İsrail kəşfiyyatının İranla qonşu ölkələrdə fəaliyyət göstərməsini də unutmaq olmaz.
Bütün bunlar baş verən bir zamanda İranda “acların üsyanı” başlayıb. Ölkədəki hədsiz ağır iqtisadi durum əksər şəhərlərdə etirazları, hökumətə qarşı aksiyaları gücləndirib. Etirazlar hətta Prezident Rəisini hökuməti istefaya göndəməyə məcbur edə bilər. Bəs sonra? Bu sonranı çətin ki, hətta Tehranda da kimsə dəqiq bilsin…
Nüvə apokalipsisi

İsrailin Baş naziri Naftali Bennetin dediyi  kimi, əslində İranın uranın zənginləşdirilməsinin "görünməmiş sürətlə" və nüvə silahı əldə etməyə "təhlükəli dərəcədə yaxın" olub-olmadığını dəqiq bilmək mümkün deyil. Siyasətçi deyib: “İran nüvə proqramı dayandırılmayana qədər dayanmayacaq”.
“Əlbəttə, Birləşmiş Ştatlar Trampın ləğv etdiyi sazişi bərpa edə bilər, İsrailin təhdidləri olmadan prosesi dayandırıla bilərdi. İndi isə Bennetin “Tehran nüvə proqramını məhdudlaşdırmadığına görə yüksək əvəz ödəyəcək” hədəsinə İranın Quru Qüvvələrinin komandanı Kumərs Heydəri “Əgər düşmən hər hansı bir səhvə yol verərsə, biz Təl-Əvivi və Hayfanı yerlə-yeksan edəcəyik” cavabını verib”, - deyə Rusiya mətbuatı yazıb.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi Mahmud Abbaszadə Meşkini isə ölkəsinin MAQATE-dəki üzvlüyünün dayandırılması təşəbbüsü ilə çıxış edib. Bu baş verərsə, dünya İranın nüvə statusu və onun atom silahı yaratmaq sahəsində real imkanları barədə ümumiyyətlə heç nə bilməyəcək. Meşkini MAQATE-ni ABŞ-ın təsiri altında olmaqda ittiham edib.
Bir sözlə, ABŞ-ın ləğv etdiyi nüvə sazişinin bərpası qəliz məsələyə çevrilir. Rusiya vəziyyətdən faydalanır. Rusiya enerjisi olmadan yaşamalı olan Qərb də nüvə sazişinin bağlanmasında maraqlıdır. İranla münasibətlərin normallaşdırılması, sanksiyaların götürülməsi iqtisadi böhranı yumşaltmağa və eyni zamanda Rusiyanı neft və qaz embarqosu ilə “boğmağa” imkan verəcək. Rusiya İrana bu və ya digər formada dünya bazarlarına neft və qaz tədarükünü artırmadığına görə kompensasiya verməsə, belə bir ssenari mümkündür. Lakin Moskva bu dəfə əvvəlki kimi fəal görünmür, sazişin imzalanması üçün lobbiçilik etməyəcək. Ancaq unutmayaq ki, “dinc məqsədlər üçün nəzərdə tutulmayan” İran atomu Putinə də lazım deyil.
Tehran nəyə arxayındır?

Qərblə münasibətlərə gəlincə, İran indi sazişi bərpa etməyə tələsmir. ABŞ-ın ilk növbədə SEPAH-ı terror təşkilatları siyahısından çıxarmasını təkid edir. Amerika mətbuatının xəbərlərinə əsasən, Bayden İranın "regionda gərginliyin azaldılması" öhdəliyi müqabilində belə bir ehtimalı nəzərdən keçirə bilər. Lakin bu da hələlik qeyri-dəqiqdir. Bununla nə nəzərdə tutulur - İranın nüvə və raket proqramlarının qeyd-şərtsiz məhdudlaşdırılması və ya başqa bir şey, bu, tam aydın deyil. Ağ Ev də susmağa üstünlük verir. Üstəlik ABŞ Prezidenti belə bir “güzəşt”dən artıq imtina edib.
“Çox güman ki, bunda əsas səbəb İsrailin mövqeyi olub”, - deyə Rusiya mətbuatı yazır. Bennet “The Economist”-ə verdiyi müsahibədə İranın JCPOA-2-ni imzalaması üçün daha sərt şərtləri, yəni İsrailə uyğun olan şərtləri müdafiə edib. Məntiq belədir: İranın sanksiyaların ləğvinə o qədər ehtiyacı var ki, ABŞ sərt davranarsa, güzəştə gedəcək.
Lakin SEPAH,  yəni həm də  Tehran bununla razılaşmır. ABŞ-ın onu aldada biləcəyini düşünür, yəni ABŞ İranın xarici şirkətlərlə istənilən biznesini, iştirakını və ya marağını tezliklə poza bilər. 
Rusiya mətbuatının yazdığına görə, İran sanksiyalar rejimində sağ qalmağa öyrəşib və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri bu və ya digər şəkildə Tehranla hətta qarşılıqlı faydalı əməkdaşlıq yolları tapıblar. Onlar bu siyasətdə nə qədər çox uğur qazansalar, İranla danışıqlar aparmaq bir o qədər çətin olacaq.
Prosesin bu istiqamətdə gedişi Tehranı İsrailin daha böyük aqressivliyi ilə üz-üzə qoyur. Ancaq İsrail də rəqibinin boş oturacağına arxalana bilməz. Yəni indi hər iki rəqib “əlini gücləndirməklə” məşğuldur. Görək, kim kimi yer üzündən siləcək…
Tarix: 20-06-2022, 17:49
Xəbəri paylaş





Xəbər lenti