Niyə Merkelin gəlişi də sual oldu, gedişi də?..


Üç günlük səfər prinsipcə, yarım aylıq müzakirə və təhlillərə nöqtə qoymalı idi. Amma qoydumu? Almaniya kanslerinin regiona səfərinin əsl məğzi bilindimi? Yoxsa bunu da, məsələn, ABŞ dövlət katibinin regionlara mütəmadi turnesi kimi yozmaq lazımdır?

Düşünürük ki, səfərə elə beləcə də yanaşmaq lazımdır: AB getdikcə dünya siyasətində daha fəal olmağa can atır, onun nüvəsini və aparıcı gücünü isə Almaniya təşkil edir.

Bu səbəbdən də Almaniya kanslerinin yerlərdəki vəziyyəti bilavasitə öyrənməyə çalışması heç də təəccüb doğurmamalıdır və onun səfərinə də bu aspektdən yanaşmaq lazımdır.

Aydın məsələdir ki, qonşu Gürcüstandakı danışıqların ağırlıq mərkəzi Tbilisi-AB və Tbilisi-NATO problemlərini əhatə etdi.

Dəfələrlə yazmışdıq ki, Gürcüstanın Bloka yolunu əngəlləyən ilk növbədə A.Merkeldir. Bəli, Blok içrə Gürcüstan Almaniyanın, Ukrayna isə Macarıstanın timsalında maneə ilə qarşılaşıbdır.

Güman ki, gürcülər Almaniya hökumət başçısını AB və NATO ilə əlaqələrin onlar üçün nə qədər vacib olduğuna inandırmağa çalışdılar və hətta bunun üçün kansler üçün qədim bir alman mahnısı da oxudular. Di gəl, Merkelin fikrini dəyişə bildilərmi? İnanmaq istərdik, amma ki, inana bilmirik, çünki Qafqaz turnesindən əvvəl Merkel V.Putinlə görüşmüşdü.

Ermənistanda da nələrin müzakirə edilməsini təxmin etmək elə də çətin deyil. Əlbəttə ki, N.Paşinyan öz almaniyalı həmkarı ilə avro-inteqrasiya problemlərini müzakirə etməyə cəsarət etməz, çünki bunun ən azı hələki vaxtı yetişməyibdir.

Bəs İrəvanda hansı problemlər gündəmə gəlib? Çox böyük ehtimalla Paşinyan növbəti dəfə dilənməyə cəhd edib, çünki onu hər şeydən çox “məxməri inqilab”a görə hədiyyə maraqlandırır. Brüssel sammitində ona işarə etdilər ki, heç bir hədiyyə olmayacaq, nəzərdə təkcə əməkdaşlıq tutulur, bunun üçünsə İrəvan bəzi addımları atmalıdır.

Səfərin Azərbaycan səhifəsilə bağlı da çox söz demək olmur, çünki Almaniya kansleri bizi maraqlandıran əsas problemlə - Dağlıq Qarabağla bağlı ən ümumi ifadələrlə kifayətləndi, xüsusilə nəzərəçarpacaq bir söz eşitmədik ondan.

Ölkəsinin Qarabağ probleminin həllinə töhfə verməyə hazır olduğunu deyən siyasətçi xanımı dinlərkən bircə sual keçdi beynimizdən: Necə və ya hansı formada?

Ona görə ki, Merkel jurnalistlərdən birinin “Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur?” sualına heç bir cavab vermədi, üstəlik, biz ondan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən birmənalı bəyanatlar da eşitmədik.

Əlbəttə ki, bundan məyus olmamalıyıq. İki amil var ki, Almaniyanı bizim üçün çox vacib edir. Birincisi, Almaniya Avropanın əsas dövləti və AB-nin mühərrikidir. İkincisi, erməni diasporu hələki bu ölkədə ciddi rişə sala bilməyib. Bunlar isə o deməkdir ki, bu istiqamətdə işləməyə və nisbətən yaxın nəticəyə ümid etmək olar.

O ki qaldı digər məsələlərə, hiss olunurdu ki, Merkel Azərbaycanın tranzit imkanlarının və innovasiyalarının kursundadır, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən də, TANAP və TAP-dan xəbərdardır. Düzdür, indi Almaniya Rusiya ilə böyük qaz layihəsi reallaşdırmağa qərarlıdı və buna görə tez-tez ABŞ-ın qınaqlarına da məruz qalır.

Aydın məsələdi ki, Rusiya ilə sıx əlaqələrinə baxmayaraq Merkel də istəməz ki, Almaniya və Avropa birmənalı şəkildə Rusiya qazından asılı olsun. Ona görə də onun TANAP və TAP-a marağı olmalıdır.

Xüsusən də ki, regionda Xəzərin statusu ilə bağlı konvensiya imzalanandan sonra tamamilə yeni vəziyyət yaranıbdı, Mərkəzi Asiya ölkələrinin də qaz resurslarının Avropa səmtinə ixrac etmək üçün zəmin formalaşıb.

Amma Azərbaycan prezidenti çox düz qeyd etdi ki, bu məsələdə təşəbbüsü Mərkəzi Asiya ölkələri göstərməlidir, necə ki, Azərbaycan öz qazını ixrac etmək üçün min kilometrlərlə uzanan kəmər inşa etməli oldu və bunun üçün xeyli vəsait xərclədi.

Eyni təşəbbüslə Qazaxıstan və Türkmənistan çıxış etməlidir. Amma onlar hələki belə təşəbbüsdə bulunmurlar. Ola bilsin, bunu ya Rusiya amili yubadır, ya da nəzərə almaq lazımdır ki, Xəzərlə bağlı konvensiya bu yaxınlarda imzalanıbdı və yeni təşəbbüslər üçün də vaxt tələb olunur.

Ümumi halda, A.Merkel də işarə etdi ki, Cənubi Qafqazın ən aparıcı ölkəsi və Almaniyanın regionda əsas ticari-iqtisadi tərəfdaşı Azərbaycandır. Di gəl, bir məqam var ki, Almaniya Azərbaycanda digər Avropa nəhənglərilə, məsələn, Britaniya və Fransayla müqayisədə hələki daha zəif təmsil olunubdur; bunu iqtisadi və həm də ki, humanitar mənada demək mümkündü. Elə bu səbəbdən ümid edirik ki, A.Merkelin səfəri bu fərqləri də azaltmağa təkan verəcək...

Hüseynbala Səlimov
Tarix: 28-08-2018, 08:32
Xəbəri paylaş





Xəbər lenti