Merkeli Cənubi Qafqaza gətirən maraqlar...

Ekspertlərdən maraqlı açıqlamalar; “Gürcüstan Berlin üçün nə qədər əziz olsa da, Almaniya bölgənin əhalisinə və resurslarına görə əsas ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan daha çox faydalana bilər”

Ötən həftənin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün Almaniyanın federal kansleri Angela Merkelin Güney Qafqazın üç ölkəsinə səfər etməsi ilə yadda qaldı. Dünyanın dördüncü iqtisadi nəhəngi Almaniyanın liderinin bölgəyə, xüsusən də Azərbaycana səfəri ciddi hadisə kimi ən müxtəlif istiqamətlərdən şərh edilir. “Angela Merkelin səfərini daha çox iqtisadi, yoxsa siyasi maraqlardan doğan səfər hesab etmək olar?” sualı da aktuallığını qoruyur.

Almaniya kansleri ilə Bakıda görüşdə iştirak edən hüquq müdafiəçisi Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, bu səfər Almaniyanın siyasi maraqlarını ödəmək üçün nəzərdə tutulan bir səfər idi: “Almaniya regionla uzun müddətdir ki, yüksək şəxs səviyyəsində maraqlanmırdı. Merkel bu səfərlə Almaniyanın Azərbaycana və bütövlükdə Cənubi Qafqaza önəm verdiyini nümayiş etdirdi”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Merkelin səfəri bir sıra maraqlardan irəli gələn səfər sayılmalıdır. Bu sırada siyasi, iqtisadi maraqlar ön yerdədir: “Almaniya kanslerinin Gürcüstana səfəri Cənubi Qafqazın digər iki dövlətinə səfərindən bir amilə görə də fərqləndi. Merkel Tbilisidə dəyəri 193 milyon avro olan iki müqavilə imzaladı. Birinci müqavilə Gürcüstanın bəzi bölgələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulmasıyla bağlı idi. İkinci sazişə görə isə Almaniya bankları Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 150 milyon avro kredit ayıracaqlar.

Angella Merkelin Ermənistana səfəri isə simvolik xarakter daşıyırdı. Almaniya Rusiyanın bölgədəki kasıb müttəfiqi Ermənistana kredit ayırmaq istəmir. Merkelin Ermənistana səfəri daha çox bu ölkənin baş naziri Nikol Paşinyana lazım idi ki, Avropanın onunla hesablaşdığını daxili auditoriyaya göstərə bilsin.

Beynəlxalq aləm və müxtəlif siyasi ekspertlər Merkelin Azərbaycana səfərini səbirsizliklə gözləyirdilər. Birincisi, Merkelin bölgəyə səfərindən öncə əsas proqnozlar bu şəkildə idi: “Angella Merkel alternativ qaz resurslarının Avropaya çatdırılmasını müzakirə etmək üçün Cənubi Qafqaza gedir”. Bölgədə yalnız Azərbaycanın qazı var. Demək əsas danışıqlar Bakıda aparılmalı idi.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

İkincisi, Merkelin Bakıya səfərini daha bir hadisə aktuallaşdırmışdı. Merkelin nümayəndə heyətinin tərkibində Albert Vayler adlı deputat var idi. Həmin deputat hakim partiyanın üzvü olmaqla yanaşı Cənubi Qafqaz ölkələri ilə parlamentlərarası əməkdaşlıq qrupunun üzvüdür. Rəsmi Bakı onun Azərbaycana girişinə qadağa qoyub. Çünki bu almaniyalı deputat qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı bölgəsində olub və buna görə ismi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınıb. Həmin deputatın Azərbaycana girişinə qadağa qoyulduğunu Merkel bilməmiş deyildi. Bəs onda nəyə görə həmin deputat nümayəndə heyətinin tərkibinə salınmışdı? Görünür, kansler düşünürmüş ki, Bakı geri addım atacaq. Ancaq rəsmi Bakı haqlı olaraq güzəştə getmədi, almaniyalı deputat üçün istisna hal kimi yanaşmadı. Belə olan halda Merkelin deputatını səfərini yarımçıq tərk etməyə razı salmaqdan başqa çarəsi qalmadı".

Merkel İlham ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, Merkelin Bakıda alternativ qaz resurslarının Avropa bazarına çatdırılması mövzusunun geniş müzakirə olunacağı ehtimalı özünü doğrultmadı. Çünki, Merkellə birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev almaniyalı jurnalistin sualına cavab verərkən ona işarə etdi ki, əgər Avropa başqa ölkələrin, o cümlədən Türkmənistanın qazını da TANAP və TAP boru xətləri ilə Avropaya daşımaq istəyirsə, onda birbaşa qazı tədarük edən ölkə ilə - yəni Türkmənistanla danışmalıdır: “Bu sözlərdən nə anlaşılır? Azərbaycan qazın tranzitində maraqlıdır, ancaq bu Azərbaycanın problemi deyil, Avropa Türkmənistanla razılıq əldə etməli, Transxəzər boru xəttinin tikintisini maliyyələşdirməlidir. Merkelin cavabından isə Avropanın məhz bu cür hərəkət edəcəyi aydınlaşmadı. Almaniya kansleri üçün Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlini dəstəkləmək ona görə vacibdir ki, Amerika və digər dövlətlər ondan əl çəksinlər, Rusiya ilə yaxınlıqda ittiham etməsinlər. Azərbaycan qazının Avropada əsas alıcıları başqa dövlətlərdir. Merkelin Azərbaycan qazına maraq göstərmədiyi onun Tbilisidəki ”biz Rusiya qazını daha sərfəli qiymətə alırıq" açıqlaması da göstərir. Buna baxmayaraq, Merkel ölkəsinin Azərbaycana verdiyi dəyəri bu ifadə ilə tərənnüm etdirdi: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas ticarət tərəfdaşıdır”. Başqa cür ola da bilməz. Gürcüstan Berlin üçün nə qədər əziz olsa da, Almaniya bölgənin əhalisinə və resurslarına görə əsas ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan daha çox faydalana bilər.

Merkel bu səfərlə demək istədi ki, bölgədə Almaniya da var. Bu yalnız Moskvaya deyil, Almaniyanın yaxın tərəfdaşı və Avropa Birliyinin iki aparıcı dövlətindən biri Fransaya da yumşaq mesaj idi. Çünki bu günə qədər Cənubi Qafqaz ölkələrinə daha çox Fransa prezidentləri səfərlər edir və bununla bölgədə varlıqlarını gücləndirməyə çalışırlar".

Etibar SEYİDAĞA

Tarix: 28-08-2018, 08:51
Xəbəri paylaş





Xəbər lenti