Robert Köçəryan: “Mənimlə bağlı cinayət işindən deyil, siyasi vendettadan danışmaq olar”


“Serj Sərkisyanın konstitusiyanı dəyişdirməsi səhv addım olub”

 

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın NTV kanalına müsahibə verib. Köçəryan müsahibədə həbs olunacağını bilə-bilə istirahət etdiyi Yunanıstandan geri döndüyünü söyləyib.

 

Keçmiş prezident ona qarşı qaldırılan cinayət işinin olduqca savadsız hazırlandığını bildirib: “Burada ümumiyyətlə hansısa cinayət işindən söhbət gedə bilməz”.

 

Köçəryan davam edib: “Təsəvvür edin, məni konstitusiya quruluşunu dəyişdirməkdə günahlandırırlar. Bir prezident, konstitusiyanın təminatçısı öz-özünü devirə bilərmi? Başım çıxmır ki, nə üçün mən 10 illk rahat həyatımdan sonra birdən-birə hədəfə çevrildim. 10 il əvvəl, mənim 2-ci müddətimin bitməsinə ay yarım qalmış seçkilər keçirildi və elə birinci turdaca 53% səs toplamış Serj Sərkisyan prezident seçildi. Seçkilərdə 21% səs toplamış Levon Ter Petrosyan isə hər yerdə prezident olduğunu bəyan edib İrəvanın mərkəzində sanksiyalaşdırılmamış etiraz aksiyalarına başladı. İndi, 10 il sonra hakimiyyətə həmin iğtişaşları təşkil edənlər və buna görə vaxtilə həbs olunan şəxsər gəliblər. Bu səbəbdən mən siyasi vendettadan (intiqam) danışıram. İndi də onların fikri düşmən hesab etdikləri insanlarla haqq-hesab çürütməkdən ibarətdir”.

 

Köçəryan müsahibəsində xələfi Serj Sərkisyanı tənqid edib. Onun fikrincə, Serj Sərkisyan hakimiyyətini saxlamaq üçün baş nazirlik kürsüsünə əyləşməməli idi. Köçəryanın sözlərinə görə, ümumiyyətlə Sərkisyanın konstitusiyanı dəyişdirərək ölkəni parlamentli respublikaya çevirməsi xəta olub.

 

Köçəryan rusiyalı müxbirin “siyasətə geri dönəcəksinizmi?” sualına, “mən artıq dönmüşəm”, deyə cavab verib.
Keçmiş prezident Ermənistanın müstəqillik dövründəki bütün iqtisadi uğurlarını onun zamanında qazandığını iddia edərək, insanların həmin dövrü xatırladığını söyləyib. Ermənistanın ikinci prezidenti ölkədəki situasiyanı “qarşısı alınmayan populizm” adlandırıb.

 

“Son mitinqdə (Paşinyanın 17 avqust mitinqi nəzərdə tutulur) Ermənistanda dövlət idarəçiliyinin de-fakto yeni sisteminin yaradıldığı və inqilabi meydanın xalq hakimiyyətinin ən ali orqanı olduğu elan edilib. Maraqlıdır, elektrik enerjisi qiymətləri, pensiyaların miqdarı, vergi məcəlləsi, kommunal xidmətlər də bu meydanda müzakirə olunacaq?... Bunu təcrübə əskikliyi belə adlandırmaq olmaz. Yeni hakimyyətin ümumiyyətlə dövlət idarəçiliyi mexanizminin nə olduğundan xəbəri belə yoxdur,”- Köçəryan qeyd eidb.Rober Köçəryan bu səbəbdən inqilabi eyforiyanın çox uzun çəkməyəcəyinə əminliyini ifadə edib.(Musavat.com)

 


 


Tarix: 29-08-2018, 07:13
Xəbəri paylaş





Xəbər lenti