Merkel niyə Rusiyanın arxa qapısını qazmaq qərarına gəlib? - ANALİTİKA...







Ruslar Merkelin səfərinə xüsusi qısqanclıqla yanaşır...

Amaniya kansleri Angela Merkelin Cənubi Qafqaz respublikalarına gəlişi siyasi səfər idi və hər üç respublikada bu səfərə müxtəlif yanaşmalar, şərhlər davam edir. 

Moderator.az olaraq Cənubi Qafqaz respublikaları ictimaiyyətinin xanım Merkeldən nəyi gözlədikləri, nə eşitmək istədikləri barədə oxucularımıza səfərdən əvvəl qeydlərimizi çatdırmışdıq. Və demək olar ki, saytımızın proqnozları faktiki olaraq özünü doğrultdu. 
 
Sözsüz ki, bu səfəri bizdən, gürcüdən, ermənidən başqa qarabaqara izləyən başqası da vardı - Rusiya. Rusiya mətbuatında bu səfəri təhlil edən, daha doğrusu, əsəblərini ortaya qoyan yazılarda deyilənlərə diqqət edəndə, bizim necə bir siyasətin girdabında olduğumuzu bir daha dərk etməliyik. Rusiya mətbuatı yazır:

“Ötən həftə Almaniya kansleri Angela Merkel ənənəvi olaraq Rusiyanın vacib geopolitik maraqlarında olan Gürcüstana, Ermənistana və Azərbaycana səyahət etdi. Hər şeydən əvvəl onun səfərinin məqsədi transxəzər qaz boru xəttinin keçdiyi ölkələrlə münasibət qurmaq olub. Bu, Cənub qaz dəhlizi Almaniya üçün strateji vacibdir, belə ki, o Rusiyadan keçmir, onsuz inşa olunur. Azərbaycan da öz qazı ilə Cənubi Avropaya gedən bu xəttə qoşulmaq istəyir” . İlk baxışda hamıya məlum olan məsələ, hamının bildiyi maraqlardır, amma yazıdakı qəzəb tonu, Cənubi Qafqazı az qala Rusiyanın müstəmləkəsi hesab etdiklərini açıq bildirmək, Jirinovski məntiqini rəsmi siyasət kimi təqdim etməkdir. Boru xəttinin keçdiyi ölkələrlə Ermənistanın həmsərhəd olduğunu qeyd edən müəlliflər ermənilərin hansısa problem yaradacağını da qeyd etməklə, bəri başdan təhlükə yaradacağını bildirir və Merkelin Ermənistan səfərini də bu səbəblə bağlayır. Rus yazarlar davam edir:

“Bütün zamanların və xalqların  ən yaxşı almanı Mixail Qorbaçov klinik sərsəmliyin və son alçaqlığın bütün dərəcəsi və bütün reallığı ilə indi aydın görünür: Onun köməyi ilə birləşmiş və birləşmənin nəticəsində güclənmiş keçmiş Almaniya - keçmiş SSRİ birliyinin qatı düşmənidir. Almaniyaya  Ukrayna, Gürcüstan, Orta Asiya, Baltikyanı olmadan parçalanmış böyük Rusiya çox lazımdır.” 

Bu xəstə imperiya təfəkkürü hələ də rus millətçilərinin, şovinistlərin əsas silahıdır. Ona görə, hələ də Qorbaçovu bağışlaya bilmirlər. Volqaboyunda yaşayan rus mujikinin acından öldüyünün, Ural kəndlərinin tamamilə boşaldığının, Sibirdən qaratorpaq bölgələrə köçənlərin yerlərini çinlilərin tutmasının dərdinə qalmaqdansa, demoqrafik katastrofa ilə üzbəüz qalmaqlarını, sanksiyalar nəticəsində rublun can verdiyini fikirləşməkdən, çıxış yolları aramaqdansa, hələ də Şərqi Almaniyadan, Baltikyanından,  Zaqafqaziyadan, Ukraynadan, Orta Asiyadan qovulduqlarının dərdini çəkir, yenidən o ölkələri ərazilərinə qatmaq istəyirlər.

“Zaqafqaziya və Ukrayna ərazi konfliktləri ilə yüklənib. Onlar kilsə siçanları kimi kasıbdırlar, problemlərini Qərbin NATO-nun üstünə atmaq istəyirlər. Onların satmağa heç nəyi yoxdur, bircə coğrafi məkanlarından başqa. İstəyirlər ki, öz yerlərində Rusiya əleyhinə platsdarm yaratsınlar”.
 
Bəs nə etsinlər? Bir dəfə Solovyovun verlişində İrina Takamada opponentindən soruşdu ki, “..,heç özünüzə sual vermisinizmi, niyə vaxtilə bir yerdə olduqlarınz sizdən qaçırlar? Ona görə ki, siz onlara yalnız problem yaratmısınız.” Ukraynaya, Azərbaycana, Gürcüstana, Moldovaya problemi, ərazi itkisini separtçılar yox, məhz Rusiya yaradıb. Nəyə görə Rusiyanı seçək? Qarabağı bizdən alıb erməniyə verdiyinə görə? Krımı, Abxaziyanı, Osetiyanı, Dnestryanını işğal etdiyinə görəmi Rusiya sevilməlidi?

“Gürcüstan arzulayır ki, Qərbi Rusiya ilə müharibəyə çəkib Abxaziyanı, Cənubi Osetiyanı özünə birləşdirsin. Azərbaycan arzulayır ki, NATO Ermənistanla müharibə edib ona Dağlıq Qarabağı qaytaracaq. Ukrayna zəncir çiynəyir ki, NATO Rusiya ilə müharibəyə başlasın, Krımı, Donbası geri alsın. Ermənistanın yeni hakimiyyəti arzulayır ki, NATO Azərbaycanla Dağlıq Qarabağa görə müharibə etsin və ya Qərbə sədaqətli olduğu üçün Azərbaycanı durdursun”. 

Nə yaxşı da bilirlər ərazi, vətən torpağı itkisi olanların arzularını, çünki bu arzu ilə yaşamağa bizləri məcbur edənin özləri olduqlarını bilirlər. Diqqət etdinizsə adı çəkilən dövlətlər içərisində yalnız Ermənistan torpaq itkisinə məruz qalmayandır və o Rusiyanın əlində alətdir. Amma, erməninin sürüşkən siyasət apardığını da elə ən yaxşı Rusiya bilir.

“Yeni erməni rəhbərliyi inanır ki, əbədi olaraq iki ananın - Rusiyanın və Avropanın həm südünü əməcək, həm də pulunu alacaq, hər ikisini siyasi vektorunu dəyişməklə hədələyəcək”.
Erməni xislətini Rusiya hamıdan yaxşı bilir. Üzü Roma imperiyasından, Mesapotomiyadan, Osmanlı imperiyasından bəri satqın siyasət apardıqlarını, Rusiyanı da fürsət düşən kimi arxadan bıçaqlayacaqlarına əmindirlər. 
 
Rusiya mətbuatı onu da qeyd edir ki, Almaniya Rusiya və ABŞ arasında elə oynamağa çalışsın ki, keçmiş SSRİ məkanında söz sahibi olsun, yarana biləcək mümkün boşluğu məhz güclü Almaniya tutsun. Məhz buna görə də ruslar Almaniya kanslerinin  səfərini ”Rusiya Zaqafqaziyasının arxa qapısından girmək” kimi dəyərləndirir. 
  
Ilk baxışdan hər şey köhnə təsiri bağışlasa da, Rusiyanın əndişəsində yeni faktor yaranıb - Almaniyanın önə keçməsi. Zənginliyinə görə dünya dördüncüsünün sərhədlərindən kənarda maraq güdməsi və fəallaşması Rusiyanı ikiqat zərbə altında qoya bilər. ABŞ-ın və Almaniya başda olmaqla Avropanın. Dünyanın yenidən təsirlərə bölünməsi prosesi addım-addım yaxınlaşır və biz də o təsir dairəsindəyik. O addımların altında yox, maraqlarımızın üstündə durmağımız lazımdır. Bunun üçün siyasətimizdə ciddi, amma kataklizmlər yaşanmadan dəyişikliklər etməyə zərurət yaranıb. Bu asan məsələ deyil. Amma, tamamilə mümkündür və sadəcə ağılla düşünüb hərəkət etmək lazımdır. Sonra gec olacaq. Əlbəttə ki, ümidimizi Almaniyaya, Qərbə bağlamaq da düz deyil, eləcə də Rusiyanın boyunduruğunda bu vəziyyətdə qalmaq da.  

P.S. Yeri gəlmişkən, Angela Merkelin noyabrda Ukraynaya səfər edəcəyi elan olundu.


Tarix: 29-08-2018, 07:27
Xəbəri paylaş





Xəbər lenti