ABŞ sanksiyaları Azərbaycan - İran layihəsinə təsir göstərə bilərmi?


Azərbaycan Dəmir Yolları: “İranda 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir”

“Bakı-Tiflis-Qars” dəmiryol xətti ilə sərnişindaşımalara gələn il başlanması nəzərdə tutulur. Bu barədə “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib və hazırda marşrut üzrə yük daşımaları həyata keçirilir: “2018-ci ilin 8 ayı ərzində 1450 ədəd konteyner, 38 min ton isə digər təmayüllü vaqonlarda yük daşınıb. Bu dəmir yolu Avrasiya məkanında ticari-iqtisadi əlaqələrin inkişafını və fəallaşmasını da nəzərdə tutur. Bu, təkcə üç ölkənin deyil, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq”.

QSC-dən verilən məlumata görə, hazırda qarşıda duran əsas vəzifə bu marşrutla yük daşımalarının həcminin artırılması üçün bütün imkanlardan maksimum istifadə etməkdir: “ Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı var. 2019-cu ildə bu dəmir yolu xətti ilə sərnişin daşınmasının təşkili edilməsi nəzərdə tutulur. Bunun üçün İsveçrənin ”Stadler Rail Group" şirkətinə sərnişin daşınmasını həyata keçirmək üçün yeni sərnişin vaqonları sifariş olunub".

Ä°lgili resim

ADDY-nin rəisi Cavid Qurbanovun bir müddət öncə mətbuata verdiyi açıqlamaya görə, İsveçrə şirkəti sifariş olunan qatarları 2019-cu ilin əvvəlində təhvil verəcək. Bundan sonra isə Bakı-Tiflis-Qars marşrutu ilə sərnişin daşınmasına başlanacaq.

Qeyd edək ki, ABŞ-ın sanksiyalar tətbiq etdiyi İranla Azərbaycan arasında ortaq dəmiryol layihəsi icra olunur. “Şimal- Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan tərəfi qısa zaman ərzində öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib, Astara çayı üzərində dəmir yolu körpüsü tikilib: “Eyni zamanda Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası yekunlaşıb. Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir”.

Xatırladaq ki, Astara-Astara dəmir yolu xətinin Qəzvin-Rəşt dəmir yoluna birləşməsi nəzərdə tutulur. Bunun üçün Rəşt-Astara dəmiryol xətti çəkilməlidir. Azərbaycan bu yolun çəkilməsi üçün İrana 500 milyon dollar həcmində kredit ayırıb. Yolun tikintisini Azərbaycan şirkətləri həyata keçirməlidir. ABŞ sanksiyalarına məruz qalan İranla birlikdə reallaşdırılan layihə üçün hansısa problem yaranıbmı? Sanksiyalar üzündən layihə yarımçıq qala bilərmi? QSC-dən bildirildiyinə görə, hələlik bu məsələ ilə bağlı hansısa qərar qəbul olunmayıb.

DÜNYA

Tarix: 30-08-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti