Kadr islahatı: komandaya bu şəxslər gətirilir - Deputatlar

 Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, ölkədə aparılan kadr islahatlarını yüksək qiymətləndirirəm.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən ölkədə aparılan kadr islahatları ilə bağlı Axar.az-a danışarkən deyib. Millət vəkili kadr islahatlarının davamlı olmasını dəstəkləyib:
“Prezident iki gün öncə bir neçə rayonun icra başçısının dəyişdirilməsi ilə bağlı çox mühüm sərəncam imzaladı. Hesab edirəm ki, prezidentin həyata keçirdiyi kadr siyasəti davamlı olacaq. Əlbəttə, icra başçılarının vəzifədən azad edilməsi və təyinatı birbaşa cənab Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, vəzifəsinin öhdəsindən gələ bilməyən və Prezidentin onların qarşısında qoyduğu tələbləri icra etmək imkanı olmayan kadrlar əvəzlənəcək”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Musavat.com-a açıqlamasında deyib ki, ölkə prezidentinin həyata keçirmiş olduğu daxili və xarici siyasət, eləcə də, xalqımızla dövlət başçısının sıx vəhdəti, ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğu, dünyada Liviya, Suriya, Yəmən kimi yerlərdə baş verən xoşagəlməz qanlı hadisələrdən çıxarılan nəticə xalqımızı dövlətçiliyə daha sıx şəkildə bağlayır və geopolitik aləmdən gələn təzyiq və təhdidləri zərərsizləşdirir:
“Bu, şübhəsiz ki, ölkə başçısının xalqımız, dövlətimiz qarşısında birbaşa müstəsna xidmətləridir. Bu xidmətlərə ciddi şəkildə töhfə verən Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevadır”.
Deputat bildirib ki, ölkə başçısının son təyinatları, yəni bir neçə ay öncə bir sıra nazirliklərə yeni, cəmiyyətdə kifayət qədər nüfuzu, hörməti və təmizliyi ilə fərqlənən insanların gətirilməsi, rayonların icra hakimiyyətlərində olan dəyişikliklər, həmin dəyişikliklərlə müsbət imici olan insanların vəzifələrə təyinat almaları, yerdəyişmələr aparılması sübut edir ki, ölkə Prezidenti artıq öz komandasının daha da saflaşdırılması prinsipini davam etdirir:
“Bu proses davam edəcək. Yaxın zaman kəsiyində etimadı itirən, ambisiyaları aşıb-daşan, xalqa, dövlətə sədaqətlə, bütün varlığı, şüuru, imkanları ilə xidmət etməyən məmurlar vəzifədən uzaqlaşdırılacaqlar”.
Fəzail Ağamalı qeyd edib ki, məmurlar xarici qüvvələrin ölkəmizə qarşı qurduqları planları nəzərə alaraq, idarəçilikdə zəif nöqtələrin olmamasına çalışmalıdırlar.
Tarix: 30-08-2018, 17:01
Xəbəri paylaş





Xəbər lenti