Ermənistanda xaos artır: Köçəryan Paşinyanı devirəcək? - TƏHLİL

 Ermənistanda daxili hərc-mərclik, xaos getdikcə artır.

Bu sözləri Axar.az-a açıqlamasında Tofiq Abbasov deyib. Politoloq Ermənistanda hakimiyyətin demək olar ki, ayaq altında olduğunu bildirib:

“Bəlli olduğu kimi, hakimiyyət güclü liderləri sevir. Düzdür, Paşinyan küçə inqilabı ilə hakimiyyətə gəlib. Ancaq bu o demək deyil ki, Nikolun meydanlarda olan imtiyazı ona rəsmi dövlət xadimi, hökumət rəhbəri kimi prosesləri nəzarət altında saxlamağa və cilovlamağa kartblanş verir. Paşinyan hakimiyyətindəki boşluqlar aydın şəkildə görünür və bu vakuum gündən-günə genişlənir. Təsadüfi deyil ki, o dünən yenə inqilabının dividentlərini göz önünə gətirərək guya artıq xalq hərəkatı qurduğunu və bütün problemlərin həllinin də xalqdan asılı olduğunu bəyan edib. Bu, çox populist çıxışdır, çünki xalqın təmsilçiləri adətən hökumət, dövlət strukturları, siyasi, ictimai institutlarda, eləcə də parlamentlərdə oturan şəxslərdir. Əgər söhbət oxlokratiyadan gedirsə, oxlokratiya kütlənin hakimiyyəti deməkdir və adətən problemli vəziyyətlə müşayiət olunur. Ancaq normal ölkələrdə meydanlarda gedən proseslərdən dərhal sonra üstünlük güclü liderlərə və siyasətçilərə verilir ki, onlar idarəetmə prosesini irəli aparsınlar. Ona görə də Paşinyan indi öz imperativlərini cəmiyyətə göndərir. Ancaq müxaliflər də boş oturmur. Köçəryan və onun ətrafında yeni güc mərkəzi formalaşır”.

Politoloq hesab edir ki, elan olunmuş parlament seçkilərinə qədər Paşinyanı devirə bilərlər:

“Bu, tamamilə real bir gedişatdır. Çünki Paşinyan elə bir güc toplaya bilməyib ki, müxaliflərin ona qalib gəlməsi mümkün olmasın. Digər tərəfdən, Qarabağ klanı hərbi-siyasi cəhətdən neçə illərdir ki, Ermənistanda meydan sulayır. Nəhayət, Köçəryan bir oyunçu kimi də Paşinyandan zəif deyil, hətta daha üstündür. Ermənistandakı bu böhran hələ davam edəcək. Hər halda yeni siyasi mövsüm Ermənistan üçün çox qızğın və təzadlı olacaq”.
 
Tarix: 31-08-2018, 10:07
Xəbəri paylaş





Xəbər lenti