ABŞ-ın riskli dünya siyasəti – bütün cəbhələrdə savaş açıb...


Politoloq: “Proseslərdə Azərbaycan üçün də narahatedici məqamlar var”

ABŞ “dünyada tək güc” olmaq uğrunda demək olar ki, bütün cəbhələrdə mübarizə aparır. Onun bu siyasi gedişləri bir zamanlar müttəfiqləri olmuş ölkələrin də tənqidinə səbəb olur. Lakin ABŞ öz siyasətində dəyişiklik etməyib, xüsusilə də Türkiyə, Rusiya, İrana qarşı yeni sanksiyalar tətbiq edir. Əsas rəqibi Rusiyaya qarşı həm MDB məkanında, həm də Yaxın Şərqdə müxtəlif siyasi gedişlər aparır.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 30-da keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ 24 saat içində Suriyaya hücum edəcək:

“ABŞ və müttəfiqlərinin Yaxın Şərqdə 380 raket və hər biri 28 ”Tomahavk" raketi daşıyan Karni və Ross gəmiləri var. ABŞ Aralıq dənizindəki digər döyüş gəmilərini də hücuma dəstək vermək üçün qısa müddətdə Suriya sahillərinə yaxınlaşdıra bilər", - deyə Zaxarova bildirib.

Türkiyə ilə  də ABŞ arasındakı F-35 problemi davam edir. Bu barədə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, F-35-lər bizə verilməlidir:

 “Amma dünya tək ölkədən ibarət deyil. Onlar verməsələr, biz başqa ölkədən bunu tədarük edərik və ya özümüz istehsal edərik”, - Ərdoğan bildirib.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Mayk Pompeo və Con Bolton vəzifəyə gətirildikdən sonra Trampın siyasəti dəyişdi:

“Ümumilikdə ABŞ-ın siyasəti daha ciddi görünür. Tramp deyir ki, bu proseslərə çıxılmaz vəziyyətdə qaldığı üçün başlayıb. Məsələn, Çinlə bağlı bildirir ki, 25 ildir Çin iqtisadi baxımdan Amerikadan önə keçib və bununla kimsə məşğul olmayıb. Yaxud da deyir ki, Ağ Evdə kabinetinə girən zaman müzakirə edirdilər ki, İran nə zaman Yaxın Şərqi zəbt edəcək. Söyləyir ki, indi mən İranı dayandıra bilmişəm. Bu prizmadan baxanda ABŞ-ın indiki siyasətində müəyyən ciddilik var. Ancaq ABŞ-ın Rusiyaya qarşı siyasətini, digər dövlətlərə qarşı olan siyasətlərindən tamamilə ayırmaq lazımdır. Konkret olaraq Trampın Rusiya ilə siyasətini idarə edən onun bu ölkədən qorxusudur. Tramp hazırda qorxur ki, Rusiya Amerikanın daxilində həm konqres seçkiləri zamanı, həm də sonrakı prezident seçkilərində öz müdaxiləsini edər. Putinin belə bir müdaxiləsi isə bu dəfə demokratların faydasına olacaq və imkan verməyəcək ki, Tramp seçkidən qalib çıxsın. Ona görə də Trampın Rusiya ilə siyasətini elmi-politoloji əsasda axtarmaq lazım deyil”.

Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Yaxın Şərqdəki proseslərdə Trampın ən böyük səhvi Türkiyə ilə münasibətlərindədir: “Əslində Türkiyə-ABŞ münasibətlərini indiki vəziyyətə gətirib çıxaran elə ABŞ-ın özü olub. Obamanın da dövründə ABŞ-ın Türkiyəyə qarşı kürd məsələsindəki münasibəti düzgün deyildi. Tramp isə bu münasibəti daha da kəskinləşdirdi və Ərdoğanda inanmaq üçün əsas yeri qoymadı. Ərdoğan ABŞ-ın qarşısında özünü müdafiə etmək üçün  ölçülü və ölçüsüz addımlar atdı. Ona görə də hesab edirəm ki, Trampın Yaxın Şərq siyasəti ancaq xaosla bitə bilər. Çünki Səudiyyə Ərəbistanı öz həcminə görə ABŞ-ın Yaxın Şərqdəki siyasətinin daşıyıcısı ola bilməz. Belə daşıyıcı ancaq Türkiyə ola bilərdi. Ən azından Türkiyənin  imic, yumşaq güc faktoru Yaxın Şərqdə çox böyük sabitləşdirici rol oynayırdı. Hesab edirəm ki, ilk növbədə əgər ABŞ özü də nəzəri cəhətdən qəbul etsə ki, İrana qarşı müharibə aparmayacaq, o halda da öz funksiyasını Səudiyyə Ərəbistanına verəcək. Diqqət edək, ABŞ Suriyadan çəkilən zaman Səudiyyə Ərəbistanı bildirdi ki, Suriyada bərpa proseslərində Birləşmiş Ştatların əvəzindən iştirak edəcək. Eyni zamanda ABŞ-ın dayandırdığı maliyyə yardımını da təmin edəcəyini açıqladı. Bu baxımdan Səudiyyə Ərəbistanı İrana qarşı da ABŞ siyasətinin daşıyıcısı ola bilər. Maraqlıdır ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı Yəməndə Babəl-Məndəb boğazını öz nəzarəti altına aldı. Bilirik ki, Yəmən İranın təsiri altındadır. Eləcə də İsrail də İrana təsir etdi ki, Babəl-Məndəbdən çəkilsin, yolları bloklamasın. Yəni ABŞ-ın siyasətində ciddiləşmə artdıqca, Yaxın Şərqdə xaosun davam etməsi ehtimalı da artır. Ola bilər ki, İsrail də Suriyada təhlükəsizlik üçün ayırdığı qüvvələri İrana qarşı göndərsin. Ermənistan da bu planda iştirak edir. Yaxınlarda İsrailin xarici işlər nazirinin baş direktorunun müavini Ermənistanda oldu. O, belə bir tezis ortaya qoydu ki, siz bizdən ”erməni soyqırımı"nı tanımağı tələb etməyin, biz də sizdən Holokostun tanınmağını tələb etməyəcəyik. Əsas məsələ kimi İrana qarşı birgə fəaliyyət qabardıldı. Bu da ehtimal ki, ABŞ-la razılaşdırılmış məsələ idi. Hər halda, gedən proseslərdə Azərbaycan üçün də risk var. Ölkə prezidentinin hazırda atdığı addımlar, xüsusilə də Rusiyada keçirəcəyi görüşlər hesab edirəm ki, əsasən regional, ümumilikdə təhlükəsizlik məsələlərinə aid olacaq. Hadisələr gərginləşsə, hesab edirəm ki, Ermənistanın dövlət kimi sıradan çıxma riski çox artacaq".

Əli RAİS

Tarix: 1-09-2018, 09:51
Xəbəri paylaş





Xəbər lenti