Putin İrəvandakı adamını göstərdi - Köçəryana zəngin pərdəraxası


Ermənistanda Rusiya-ABŞ qarşıdurması başlayır; Paşinyan Kremlin adamlarından əl çəkmir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. O, bu barədə Ermənistanda “Sputnik”ə  müsahibəsində deyib. R.Köçəryan deyib ki, əgər mən siyasətə qayıtdığımı elan edirəmsə, onda müvafiq olaraq, bu seçkilərdə iştirak edəcəyəm. Seçkilərdə iştirakın formatına gəlincə, Robert Köçəryan müzakirə üçün hələ kifayət qədər vaxtın olduğunu vurğulayıb: “Vəziyyət çox sürətlə inkişaf edir. Və düşünürəm ki, formatla bağlı sualı açıq saxlamaq lazımdır. Ermənistan vətəndaşlarına populist şüarlar və adamlar lazım deyil”.

Eks-prezident hesab edir ki, indiki şəraitdə müxalifət mərkəzlərindən və ya qütblərindən biri ola bilər. Köçəryan hələ bilmir ki, hansı siyasi partiyaları “siyasi döyüşlərdə” onu dəstəkləyəcək. Bu zaman eks-prezident Respublika Partiyası və “Çiçəklənən Ermənistan” Partiyasına ümid bəsləyir: “Amma mən ilk növbədə öz gücümə, eləcə də vətəndaşların mənim ətrafımda birləşəcəyinə inanıram”.

Köçəryanın bu açıqlamasının ardınca Rusiya prezidenti Vladimir Putinin ona zəng edərək ad günü münasibətilə təbrik etdiyi barədə xəbər yayılıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Putin KöçÉryan ile ilgili görsel sonucu

“Telefon danışığı zamanı Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryanla səmimi söhbət aparıb və onun ad gününü təbrik edib”, - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 31-də R.Köçəryanın 65 yaşı tamam olub. O, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilə qədər Ermənistan prezidenti vəzifəsində çalışıb. Qarabağ müharibəsində erməni silahlı birləşmələrinə rəhbərlik edən, dinc azərbaycanlı əhaliyə qarşı qırğınlara başçılıq edən şəxslərdən biri məhz Robert Köçəryan olub. Bu fəaliyyəti onu Ermənistandakı Qarabağ klanının, hərbi-xuntanın liderinə çevirib.

Ä°lgili resim

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Putinin hazırda heç bir rəsmi vəzifəsi olmayan Robert Köçəryana doğum günündə zəng etməsi, müzakirə aparması və bu hadisənin dərhal ictimaiyyətə açıqlanması artıq hər şeyi aydınlaşdırır. Putin bu addımla Köçəryana dəstək verdiyini Ermənistan xalqına göstərdi, Paşinyana isə dolayısı ilə xəbərdarlıq etmiş oldu.

Dağlıq Qarabağ klanının liderlərindən olan keçmiş prezident Köçəryanın seçkidə xalqın dəstəyini qazanmasının mümkün olub-olmadığına gəlincə, politoloq qeyd etdi ki, Ermənistan xalqının illərdir onları sümürən Qarabağ klanına səs verməsi mümkünsüzdür: “Paşinyanın hakimiyyətə gəlişinin yüz günlüyü ilə bağlı keçirilən mitinqlərdə 800 mindən artıq insanın iştirak etməsi də göstərdi ki, Qarabağ klanının rəqibi olan Paşinyanın ölkədə sosial bazası böyükdür. Belə vəziyyətdə şəffaf seçkilərdə Paşinyana Köçəryanın və ya Qarabağ klanının başqa bir təmsilçisinin qalib gəlməsi mümkün görünmür”.   

Q.Hüseynli vurğuladı ki, bunu dərk edən Qarabağ klanı hadisələri təzyiq yoluna çəkməyə cəhd edir: “Moskvanın və Ermənistanda böyük kapital toplamış keçmiş hakimiyyət təmsilçilərinin dəstəyinə arxalanan Köçəryan ürəkli danışır, hücum taktikası seçib. Belə görünür ki, Moskva Köçəryana çox ciddi təlimat verir. Bu təlimat Ermənistanda qüvvələr nisbətini dəyişməyə və Paşinyanı zəiflətməyə yönəlib. Qarabağ klanı və onlara bağlı olan oliqarxların Köçəryan-Serj Sərkisyan bloku ətrafında birləşəcəyi real görünür.  

Ä°lgili resim

Paşinyan isə bildirib ki, Köçəryana qarşı cinayət işi qüvvəsində qalır və istintaq gedir. Yəni keçmiş prezidentə xatırladıb ki, sənin hələ gələcək seçkilərdə iştirak edib-etməyəcəyin ciddi sual altındadır.

Qərbin, xüsusən də ABŞ-ın Ermənistanda fəallaşmasının şahidi olmaqdayıq.  Bu günlərdə Amerikadan İrəvana bir neçə generalın gəlməsi haqqında məlumatlar var. Bəzi konqresmenlərin də İrəvana gəldiyi və Paşinyana dəstək verdikləri məlumdur. ABŞ-da olan və Ermənistanın ən güclü diasporu sayılan Erməni Milli Komitəsi də Paşinyanı güclü dəstəkləyir. Beləliklə, Ermənistanda çox dramatik hadisələrin baş verə biləcəyini proqnozlaşdırmaq mümkündür.

Aydın görünür ki, Rusiya Ermənistanda həm oliqarxları, də siyasi qüvvələri bir cəbhədə səfərbər etməyə çalışır və buna müəyyən mənada nail olur. Payız aylarında bu cəbhələşmənin ciddi qarşıdurmaya gətirib çıxaracağı şübhə doğurmur. Bu qarşıdurma yaxın vaxtlarda elan olunacağı gözlənilən parlament seçkilərinin çox gərgin keçəcəyinə şübhə yeri qoymur. Paşinyanın və Serj Sərkisyan-Robert Köçəryan cütlüyünün timsalında ABŞ-la Rusiya Cənubi Qafqazın bu kiçik ölkəsində böyük siyasi rəqabətə girişir. Bu rəqabətin necə həll olunacağından regionun taleyi xeyli dərəcədə asılıdır". 

Etibar SEYİDAĞA

Tarix: 1-09-2018, 10:00
Xəbəri paylaş





Xəbər lenti