“Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin iki məqsədi var idi” - TƏHLİL

 Gürcüstanın baş naziri Mamuka Baxtadze 30-31 avqustda Bakıda səfərdə olub. Azərbaycan prezidenti İlham Əliyev avqustun 30-da Mamuka Baxtadzeni qəbul edib.

Prezident İlham Əliyev görüşdə bildirib ki, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib: “Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini”.

Gürcüstanın baş naziri Mamuka Baxtadze isə iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq deyib ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir: “Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün eyni zamanda mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticarət dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik”.

Azərbaycanın baş naziri Novruz Məmmədov da Mamuka Baxtadze ilə görüşüb. Söhbət zamanı kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, həmçinin idman, təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu rəsmi məlumatda yayılıb.

Gürcü baş nazir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla da görüşüb.

Mamuka Baxtadzenin Azərbaycana səfəri dünən başa çatıb.

Qeyd edək ki, bu günədək Azərbaycanla Gürcüstan arasında 108-dən çox ikitərəfli dövlət və hökumət sənədləri imzalanıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 545 milyon dollardan çox olub. 2018-ci ilin yeddi ayı ərzində isə bu göstərici 392 milyon dollardan çoxdur.

Hər iki ölkə regional layihələrin iştirakçısıdır. Minə yaxın Azərbaycan şirkəti Gürcüstanda, 300-ə yaxın Gürcüstan şirkəti isə ölkəmizdə çalışır. Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var.

Gürcüstanın yeni baş nazirinin səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Mamuka Baxtadze baş nazir olmamışdan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri idi. O, bu vəzifədə bir neçə dəfə Bakıda olub.

Yəni Mamuka Baxtadzenin bundan əvvəl də Azərbaycanla əməkdaşlıqda böyük təcrübəsi var. İki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Buna misal olaraq xeyli birgə layihəni göstərmək olar. Üçtərəfli formatda (Gürcüstan-Azərbaycan-Türkiyə) da əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarındandır. Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir.

Buna həm də Gürcüstandakı münbit investisiya mühiti şərait yaradır: “Buna baxmayaraq, iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığını daha da artırmağa potensial var. Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin iki məqsədi var idi. Birinci məqsəd əməkdaşlıqdakı uğurları bir daha qeyd etmək idi. Bunları hər dəfə qeyd etmək həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır. İkinci məqsəd əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi. Məsələn əsas hədəflərdən biri ticarət mübadiləsini yaxın iki ildə 50-60 faiz artırmaqdır.

Gürcüstan Azərbaycanla iqtisadi əməkdaşlığı artırarkən, Ermənistanla iqtisadi münasibətlərdə irəliləyiş yoxdur. Məsələn, Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən nəqliyyat xəttində problemlər həll olunmamış qalır. Dağlardan keçən bu yol tez-tez bağlanır. Həmin yolun daima işlək qalması nə Rusiyanın, nə də Gürcüstanın marağındadır. Bundan əziyyət çəkən Ermənistandır. Ancaq Ermənistanın maliyyə vəsaiti yoxdur ki, həmin yolun işlək vəziyyətdə qalmasını təmin edə bilsin".
“Yeni Müsavat”
 
Tarix: 1-09-2018, 10:04
Xəbəri paylaş





Xəbər lenti