“Rəngləri bulanmış inqilablara maliyyə ayırdılar” - deputat

 Bir zamanlar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq qurumlar var idi. Onların bəziləri müxtəlif illərdə ya özləri, ya da hökumət fəaliyyətlərini dayandırdı. Xüsusilə 2014-cü ildən etibarən Azərbaycan iqtidarı ölkə daxilindəki QHT-lərə xaricdən ayrılan qrantlara qadağa qoyduqdan sonra bir-birinin ardınca beynəlxalq qurumlar sıradan çıxdılar.

Amma bununla belə, hələ də ölkəmizdə mövcud olan belə qurumlar var. Lakin onların da fəaliyyətləri nəzərə çarpmır.

“Soros” Fondu, Milli Demokratiya İnstitutu kimi qurumların fəaliyyətinə son verilib. Həmçinin ATƏT-in Bakı ofisi bağlanıb. Eyni zamanda ölkəmizdə Avropa Şurası və ittifaqının daimi nümayəndəliyi, eləcə də, BMT-nin Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir. Avrasiya Əməkdaşlıq Fondu da Bakıda mövcuddur.

Bir faktı da qeyd edək ki, Azərbaycanda fəaliyyətləri tarixə keçən beynəlxalq qurumların özləri daha çox buna səbəb olublar. Onların zaman-zaman Azərbaycana qarşı apardıqları fəaliyyət bu cür sonluq gətirib.

Belə təşkilatların Azərbaycanda fəaliyyətlərinin olmamasının ölkənin xeyrinə, yaxud zərərinə olması barədə mövqelər birmənalı deyil.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq təşkilatların ölkəmizdə QHT-lərin çətiri altında qurumları fəaliyyət göstərirdi: “Onlar əslində beynəlxalq təşkilat adı altında konkret dövlətlərin himayəsində olublar, onların xüsusi xidmət orqanlarının sifarişlərini və layihələrini həyata keçiriblər. Biz bunu zaman-zaman az görməmişik. Hələ 90-cı illərin əvvəllərindən başlayaraq haradasa 5-6 il öncəyə qədər bu təşkilatların Azərbaycanda fəaliyyətlərinin bütün tərəfləri özünü birmənalı şəkildə ifadə edib. Bəlli olub ki, əslində onlar beynəlxalq təşkilat adı altında, eyni zamanda insan haqları, demokratiya şüarları, düşüncələri ilə ölkəmizdə öz məqsədlərini həyata keçirmək üçün fəaliyyətə başlayıblar. Xatırlayırsınıza, bununla bağlı Amerikanın beynəlxalq statusda olan demokratiya və respublikaçılar institutları, ”Soros" Fondu kimi qurumları öz fəaliyyətlərini ortalığa qoymuşdular. Zaman-zaman o da bəlli oldu ki, bunlar əslində Azərbaycanı koloniyaya çevirmək, ölkəmizi Amerika başda olmaqla, digər ölkələrin ciddi xarakter daşıyan layihələrinin yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində xidmət edirlər. Azərbaycan dövləti bütün bunların mahiyyətini olduğu kimi dərk edərək, onların ölkəmizdəki fəaliyyətinə son qoydu.

Bunu çox doğru olaraq etdi. Artıq demokratiya və respublikaçılar institutları dünyanın heç bir yerində özünü bu və ya digər şəkildə ifadə etməkdə deyil. Əslində onlar 90-cı illərin əvvəllərində SSRİ dağılandan sonra mahiyyət etibarı ilə SSRİ məkanında ölkələrə nüfuz etmək, onları Amerikanın məqsədlərinə, strateji maraqlarına xidmət etmək üçün öz missiyalarını müəyyən mənada yerinə yetirdilər. 1998-ci ildə Demokratik Seçki Mərkəzi kimi onların bəzi şəxsləri ilə əməkdaşlımız oldu. Orada dərk edib gördüm ki, bunlar əslində demokratiya adı altında Azərbaycan xalqının iradəsini, onun seçimini nəzərə almadan “Amerika nə düşünürsə siz onu etməlisiniz” tapşırığı ilə ölkəmizə gəliblər. Onlar Azərbaycandan artıq gediblər. Sonradan “Soros” Fondu gəldi. Bu fond ABŞ-ın maraqlarına ölkələri tabe etmək üçün dünyada inqilablar həyata keçirməyi qarşısına məqsəd qoydu. Bunun nəticəsində Ukrayna, Gürcüstan kimi ölkələrdə rəngləri bulanmış inqilablara maliyyə ayırdılar. Son zamanlar isə məlum oldu ki, “Ərəb baharı” deyilən, dəhşətli hadisələrlə müşahidə olunan böyük faciələrin maliyyələşməsində “Soros” Fondu xüsusi bir yer alıb. Bütün bunlar sonunda fondun Azərbaycandan qovulmasına səbəb oldu. Bu da tamamilə doğru addım idi.

Azərbaycan beynəlxalq təşkilatlar deyəndə dünya miqyasında tanınan, beynəlxalq təşkilat statusunda olan ölkələrlə əməkdaşlığa üstünlük verir. Bu BMT və onun ayrı-ayrı qurumlarıdır. Eyni zamanda Avropa Şurası, Parlamenti, ATƏT-in Parlament Assambleyası, ATƏT-in özü, NATO-nun Parlament Assambleyası, MDB Ölkələrinin Parlament Assambleyası, Qara Dəniz Ölkələrinin Parlament Assambleyası kimi qurumlarla da əməkdaşlığa böyük üstünlük veririk. Bu cür əməkdaşlıq Azərbaycan milli və dövlət maraqlarına ziyan gətirmədiyi həddə qədər davam edir. Əgər bu beynəlxalq təşkilatlar Azərbaycanın dövlət, milli maraqlarına, onun suverenliyinə, müstəqilliyinə xələl gətirən hər hansı bir addımlar atarlarsa, qətiyyən şübhə etmirəm ki, Azərbaycan həmin təşkilatlarla münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalacaq. Azərbaycan müstəqil dövlətdir. Milli və dövlət maraqlarımıza xidmət edən, Azərbaycana qərəzli münasibət bəsləməyən, ölkəmizə böhtan, iftiralar atmayan, təhdid etməyən, demokratiya və insan haqları altında təzyiqlər göstərməyən istənilən beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlığa hər zaman hazır olduğumuzu bəyan etmişik. Mən bir millət vəkili olaraq bu seçimin ən qatı tərəfdarlarından biriyəm. Harada ki, Azərbaycanın milli, dövlət maraqları tapdalanırsa, suverenliyimizə təhlükə yaranırsa, biz dövlət, xalq, millət vəkili olaraq öz sərt mövqelərimizi ortalığa qoymalıyıq. Necə ki, bunu da hazırda edirik".
Tarix: 1-09-2018, 10:08
Xəbəri paylaş





Xəbər lenti