Kremlə qarşı seçki gedişi


Kremlə qarşı seçki gedişi

Ukrayna MDB-yə üzv ölkələrdəki nümayəndəliklərini bağlayıb.

MDB-nin icraçı katibi Sergey Lebedev avqustun 28-də təsdiq edib ki, Ukraynanın MDB nümayəndəlikləri bu ayın əvvəlində bağlanıb və hazırda blokun Kiyevlə əlaqəsi yalnız Ukraynanın Belarusdakı səfirliyi vasitəsilə saxlanır. Lebedev ümid etdiyini bildirib ki, Ukrayna hər halda MDB-dəki varlığını saxlayacaq. Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Petro Poroşenko bu ilin əvvəlində Kiyevin MDB strukturlarındakı bütün nümayəndələrin geri çağırılması barədə fərman imzalamışdı. O, MDB-ni Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməməkdə ittiham edirdi.

Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib. Ukrayna elə həmin tarixdən sonra sözügedən qurumun üzvlüyündən çıxdı. O vaxtdan bəri Ukraynanın şərqindəki Moskvayönlü separatçıları silah-sursat və canlı qüvvə ilə dəstəkləyir.

Hakimiyyətə Rusiyayönümlü prezident Viktor Yanukoviçin xalq etirazları nəticəsində devrilməsindən sonra gəlmiş Petro Poroşenko dəfələrlə deyib ki, onun ölkəsinin gələcəyi Rusiya ilə yox, Avropa İttifaqı ilədir. Ukrayna SSRİ-nin çökməsindən dərhal sonra, 1991-ci ildə yaradılmış bur qrupda yalnız müşahidəçi kimi iştirak edirdi.

Hazırda MDB-nin üzvləri bunlardır: Rusiya, Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan.

Maraqlıdır, bu, Poroşenkonun seçki siyasəti, yoxsa Rusiyaya bu ağır sanksiyaların tüğyan etdiyi dönəmlərdə zərbəsidir?

Gənc Demokratlar İnstitutunun direktoru, politoloq Yeganə Hacıyeva “Cümhuriyət” qəzetinə bildirib ki, Ukrayna məhz SSRİ-nin dağılmasının ilkin mərhələlərində Müstəqil Dövlətlər Birliyini formalaşdıran 3 ölkədən biridir: “SSRİ-nin dağılması prosesinin qaçılmaz olduğu anlaşılanda 3 dövlət - Rusiya, Ukrayna və Belarus gələcək iqtisadi-siyasi və mədəni əlaqələrin davam etməsi, eləcə də genişləndirilməsi üçün MDB-nin yaradılması qərarına gəldilər. Bu qurum həmçinin SSRİ-nin dağılmasından sonra onun mülklərinin üzv dövlətlər arasında bölüşdürülməsi üçün nəzərdə tutulmuşdu. Daha sonralar isə digər keçmiş sovet respublikaları MDB-yə üzv oldular. İlk olaraq MDB-ni 2008-ci ildə Rusiyanı onun ərazisini işğal etməsi faktına görə Gürcüstan tərk etdi.

Ardınca isə 2014-cü ildə eyni əsasla Ukrayna bu qurumda fəaliyyətini dayandırdı. Bu il isə Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə keçirilən Təhlükəsizlik Forumunda ölkəsinin MDB-nin Nizamnamə strukturlarında fəaliyyətini dayandırması haqqında anons etdi. Bu isə Ukraynanın bu qurumun digər strukturlarındakı fəaliyyətinin dayanması anlamına gəlir. Qeyd edim ki, Ukraynanın MDB Nizamnamə strukturlarında, prezidentlər şurası, hökumət başçıları şurası, xarici işlər nazirləri şurası, müdafiə nazirləri şurası və sərhəd qoşunları komandanları şurası, həmçinin parlamentlərarası assambleya və iqtisadi məhkəmə səviyyəsində fəaliyyəti mövcuddur. 2014-cü il Ukraynanın qurumda fəaliyyətini dayandırması qərarından sonra isə, yuxarıda sadaladığım şuralarda faktiki təmsilçiliyi yoxdur. Digər vacib sahələrdə - MDB Elektroenerji Şurasında, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şurada, birliyin üzv ölkələrinin statistik xidmətlərinin rəhbərləri şurasında və ən əsası, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında fəaliyyəti davam edir”.

Politoloq hesab edir ki, Ukrayna digər üzv ölkələrdəki nümayəndəliklərini bağlaması ilə əməkdaşlığın, bu sahələrdə daha da davam etdirəcək: “Əməkdaşlığın dayandırılması üçün alternativ qurumların yaradılması vacibdir. Ukrayna prezidenti Petro Poroşenko bu ilin əvvəlində Kiyevin MDB strukturlarındakı bütün nümayəndələrin geri çağırılması barədə fərman imzalanması, əlbəttə, seçkiyə hesablanmış bir gedişdir. Belə ki, Rusiyanın Krımın ilhaqı faktı 2014-cü ildən mövcuddur. Ukraynanın MDB strukturlarındakı bütün nümayəndələrini geri çağırılması barədə fərman isə Poroşenko məhz bu il, seçki ilində imzaladı.

Məsələ ondadır ki, sırf Ukraynanın fəaliyyəti MDB Elektroenerji Şurasında tək tərəfli qaydada dayandırılacaq bir proses deyil. Çünki istər Ukraynanın özünün tələbatı üçün, istərsə də bu ölkədən keçərək Avropaya nəql olunan Rusiya enerjisinin tənzimlənməsi məhz bu şuranın fəaliyyəti həyata keçirir və bu addımın atılması indiki şərtlər altında sadəcə mümkün deyil”.

”İzolyasiya olunmuş Rusiya daha təhlükəlidir və mövcud problemlərin həllində sanksiyalar həll üsulu deyil”

Rusiyaya tətbiq olunan sanksiyalara gəlincə, Yeganə Hacıyeva deyib ki, Avropa Birliyinin gələcək təhlükəsizliyi məsələsi özünün qəbul etdikləri istisna olmaqla digər sanksiyalara qoşulmağı mümkünsüz edir: “AB üçün Rusiyaya ABŞ-da seçkilərə müdaxilə və ya Solzberi böhranı ilə bağlı tətbiq olunan sanksiyalarda iştirak etmək, öz stabil enerji təminatı və təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Digər tərəfdən, istər dünya üçün, istərsə də AB üçün tam aydındır ki, izolyasiya olunmuş Rusiya daha təhlükəlidir və mövcud problemlərin həllində sanksiyalar həll üsulu deyil”.(Cebhe.info)


Tarix: 2-09-2018, 16:43
Xəbəri paylaş





Xəbər lenti